ABŞ-da nəşr olunan The Washington Outsider analitik platforması “Ermənistan: Hindistana verilən ‘evlilik vədi’ndən Pakistanla ‘diversifikasiya flörtünə’” adlı araşdırma dərc edib.
Musavat.com xəbər verir ki, məqalədə Cənubi Qafqaz ölkəsinin xarici siyasət prioritetlərini sürətlə yenidən qurduğu, ənənəvi hind-erməni xəttindən kənara çıxdığı vurğulanır.
Araşdırmaya görə, bu dönüşün əsas göstəricilərindən biri ŞƏT sammiti çərçivəsində Pakistanla yaxınlaşma, digəri isə Çinin Ermənistandakı mövcudluğunun güclənməsidir. Bildirilir ki, Pekin artıq ölkə ərazisində formal olaraq elmi məqsəd daşıyan, lakin kritik əhəmiyyətli məlumatlara çıxış imkanı verən doqquz seysmostansiya yerləşdirib. Bu addım “Rəqəmsal İpək Yolu” strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Məqalədə Pakistanın bu konfiqurasiyada müstəqil aktordan çox, Çin oxunun birləşdirici halqası kimi çıxış etdiyi qeyd olunur. Bu ox Cənubi Qafqaz üzərindən alternativ logistika və nəqliyyat marşrutları təklif etməklə Hindistanın regiondakı planlarına qarşı balans yaradır.
Bu fonda Hindistanın İrəvan üçün əvvəlki strateji çəkisini tədricən itirdiyi, hind-pakistan rəqabətinin isə daha geniş Hindistan–Çin geosiyasi qarşıdurmasına çevrildiyi vurğulanır. ŞƏT isə bu dəyişimin institusional müstəvidə rəsmiləşdiyi platforma kimi təqdim olunur: Hindistanın Azərbaycanla bağlı bloklayıcı mövqeyi fonunda Ermənistanın Pakistanla diplomatik irəliləyişi xüsusi diqqətə çatdırılır.
Nəticə etibarilə, Cənubi Qafqaz artıq “Kəşmir məntiqinin” kölgəsində deyil, infrastruktur, məlumat axınları və enerji layihələrinin həlledici rol oynadığı Çin-Pakistan strateji arxitekturasının bir hissəsi kimi formalaşır. Bu proses fonunda əvvəlki hərbi-siyasi ittifaqlar isə tədricən arxa plana çəkilir.
Musavat.com






