İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin mükafatlandırdığı məmur plagiatda ittiham olunur

513 13.07.2026 01:28 Dünya A A

Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun aparat rəhbəri Yelena Slobodyan elmi işində plagiata yol verməkdə ittiham olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Elmi işlərdə plagiat və saxtakarlıqlar" layihəsi məlumat yayıb.

Araşdırmaya əsasən, Slobodyan 2014-cü ildə Ukrayna Prokurorluq Akademiyasında müdafiə etdiyi "Biotexnologiya sahəsində ixtiraların patent-hüquqi mühafizəsinin müasir vəziyyəti və perspektivləri" mövzusunda namizədlik dissertasiyasında geniş həcmdə plagiata yol verib.

Bildirilir ki, dissertasiya hazırkı Ali Rada sədri Ruslan Stefançukun elmi rəhbərliyi ilə hazırlanıb. Stefançuk həmin dövrdə akademiyanın prorektoru olub. 2021-ci ildə o, parlament sədri seçildikdən sonra Slobodyan onun aparat rəhbəri təyin edilib.

Araşdırma müəlliflərinin iddiasına görə, dissertasiyada iki ukraynalı alim – Nadejda Moskalyuk və Yakov Voronin, həmçinin rusiyalı alim Mariya Serovanın əsərlərindən icazəsiz istifadə olunub. Xüsusilə, işin əsas mətninin 97 səhifəsinin (təxminən 52 faizinin) Mariya Serovanın elmi əsərindən cüzi redaktələrlə köçürüldüyü bildirilir.

Diqqət çəkən məqamlardan biri də odur ki, 2026-cı il iyunun 26-da Ukrayna Prezidenti Vladimir Zelenski Yelena Slobodyanı "Ukraynanın Əməkdar Hüquqşünası" fəxri adı ilə təltif edib.

Layihənin məlumatına görə, Ruslan Stefançuk 2026-cı ilin yanvarında qəbul edilən akademik dürüstlük haqqında qanunun təşəbbüskarlarından biri olub və həmin vaxt "elm və təhsildə dürüstlüyün təmin edilməsinin Ukraynanın gələcəyi üçün vacib olduğunu" bəyan edib.

Məqalədə xatırladılır ki, 2026-cı ilin aprelində həmin layihə Ukraynanın təhsil nazirinin müavini Andrey Vitrenkonu da sistemli plagiatda ittiham etmişdi. İddiaya görə, o, 2012-ci ildən etibarən ən azı altı rusiyalı müəllifin elmi işlərini mənimsəyərək öz məqalələrində istifadə edib. Bu məsələ ilə bağlı araşdırma başlansa da, sonradan onun nəticələri barədə yeni məlumat yayılmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR