Türkiyəli səyyah və kontent istehsalçısı Emre Zeybek Türkiyə dövlət qeydiyyat nişanı olan motosikleti ilə Ermənistana səyahət edib.
Musavat.com xəbər verir ki, səfər zamanı onun türk olduğunu öyrənən ermənilər müxtəlif reaksiyalar nümayiş etdiriblər.
Emre Zeybekin paylaşdığı görüntülərdə bəzi erməni uşaqların ona qarşı aqressiv münasibət sərgilədiyi, yaşlı insanların isə təəccüblə qarşılıq verdiyi görünür.
Səyyah Ermənistan səfəri ilə bağlı paylaşımında təəssüratlarını belə bölüşüb:
“Bu ölkəyə müəyyən ön mühakimələrlə gəlmişdim və təəssüf ki, oranı tərk edərkən həmin fikirlərim dəyişməmiş qaldı. Səyahətim boyunca insanlara hər zaman gülərüzlə yanaşdım, heç bir təhrikedici davranış sərgiləmədim. Lakin əyləşdiyim restoranların əməkdaşlarından tutmuş küçədə qarşılaşdığım insanlara qədər, 7-dən 70-ə hər kəsdən oxşar münasibət gördüm.
Əlbəttə, hər cəmiyyətdə istisnalar olur. Ancaq bu səfər ərzində fərqli bir təcrübə yaşamaq imkanım olmadı. Düşünürəm ki, Ermənistanda nifrət hisslərini aşılayan bütün amillər məktəblərdən təmizlənməlidir.
Bu paylaşım bütöv bir xalq haqqında deyil, yalnız öz səyahətim zamanı əldə etdiyim şəxsi müşahidələri və təcrübələri əks etdirir.
“Ermənistana niyə getdin?” sualını verənlər üçün qeyd edim ki, Türkiyənin 81 vilayətini motosikletlə gəzdikdən sonra xəyalını qurduğum dünya turu öncəsi bunu bir təcrübə mərhələsi kimi görmək istədim. Bu qərarı Gürcüstanda olarkən verdim və qətiyyən peşman deyiləm”.
Qeyd edək ki, Emre Zeybek Ermənistan səfəri zamanı çəkdiyi görüntüləri sosial media hesablarında və “YouTube” kanalında yayımlayıb.
Şahanə Rəhimli
Musavat.com






