İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın F-35 gedişi bölgəni silkələyir: Türkiyə geri qayıdır, İsrail və Yunanıstan isə...

1897 07.07.2026 16:46 Siyasət A A

ABŞ və Türkiyə arasında son illərin ən həssas hərbi-siyasi mövzularından biri yenidən gündəmə gəlib. Vaşinqtonun Ankaranı beşinci nəsil F-35 qırıcıları proqramına qaytarmaq ehtimalı beynəlxalq mediada geniş müzakirə olunur. Əgər bu ssenari gerçəkləşərsə, təkcə iki NATO müttəfiqi arasında müdafiə sahəsində münasibətlərdə yeni mərhələ başlamayacaq, eyni zamanda Yaxın Şərq və Şərqi Aralıq dənizində hərbi-siyasi balans da yenidən nəzərdən keçiriləcək. Məhz bu səbəbdən mümkün qərar həm ABŞ Konqresinin, həm də regionun əsas oyunçularının diqqət mərkəzindədir.

“The New York Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğu barədə mesaj verəcəyi gözlənilir. Məlumata əsasən, Tramp administrasiyasının bu qərarı hansı hüquqi və siyasi mexanizmlə həyata keçirəcəyi hələlik dəqiqləşməyib. Ağ Evdəki mənbələr hesab edirlər ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı proses liderlər arasında rəsmi məktub mübadiləsi ilə başlaya bilər.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almasını əsas gətirərək Türkiyəni F-35 proqramından çıxarmışdı. Son məlumatlara görə isə Türkiyənin S-400 sistemləri ilə bağlı müəyyən addımlar atacağı təqdirdə Vaşinqtonun bu məsələyə yenidən baxa biləcəyi istisna edilmir. Bununla yanaşı, İsrail və Yunanıstan da Türkiyəyə F-35-lərin verilməsinin regiondakı qüvvələr balansına təsir göstərə biləcəyini əsas gətirərək bu qərara etiraz edən ölkələr sırasında yer alır.

Vaşinqtonun mümkün qərarı ABŞ-Türkiyə münasibətlərində yeni səhifə aça bilərmi? Ankara F-35 proqramına həqiqətən qayıdacaqmı? Bu addım Şərqi Aralıq dənizi və Yaxın Şərqdə hərbi-siyasi balansı necə dəyişə bilər? İsrail və Yunanıstanın etirazları Tramp administrasiyasının planlarına təsir göstərəcəkmi?

GVXgFszMHmWAum6pUtOJqq36eEGgO2W4ITmYno1U_1200.jpg (135 KB)

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirib ki, ABŞ ilə Türkiyə arasında F-35 məsələsinin yenidən gündəmə gəlməsi təsadüfi deyil:

“Son zamanlar tərəflər arasında münasibətlərdə müəyyən normallaşma müşahidə olunur və hər iki ölkə NATO daxilində əməkdaşlığı gücləndirməyə çalışır. Bununla belə, hazırkı mərhələdə Türkiyənin F-35 proqramına qayıdacağı barədə qəti nəticə çıxarmaq üçün kifayət qədər əsas yoxdur. Əsas maneə dəyişməyib. Türkiyənin inventarında olan Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemləri ABŞ üçün hələ də fundamental təhlükəsizlik problemidir. Vaşinqton uzun illərdir bildirir ki, S-400-lərin F-35-lərlə eyni ölkədə aktiv istifadəsi təyyarənin texnoloji üstünlükləri və məxfi imkanları baxımından risk yaradır. Bu səbəbdən təkcə Ağ Evin siyasi iradəsi kifayət etmir. ABŞ qanunvericiliyi, Konqresin mövqeyi və müdafiə qurumlarının rəyi də prosesdə həlledici rol oynayır. Digər tərəfdən, Ankara da S-400-lərdən tam imtina edəcəyinə dair hər hansı rəsmi qərar açıqlamayıb. Əgər gələcəkdə bu sistemlərin istifadəsinin məhdudlaşdırılması, aktiv döyüş növbətçiliyindən çıxarılması və ya Vaşinqtonun təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq başqa model üzərində razılıq əldə olunarsa, F-35 məsələsində müəyyən irəliləyiş mümkündür. Lakin bu, uzun və mürəkkəb danışıqlar tələb edən prosesdir.

Regional müstəvidə isə Türkiyənin F-35 proqramına qayıtması şübhəsiz ki, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə hərbi balansı müəyyən dərəcədə dəyişə bilər. Türkiyə NATO-nun ən böyük ordularından birinə, inkişaf etmiş müdafiə sənayesinə və geniş əməliyyat imkanlarına malik dövlətdir. Beşinci nəsil qırıcıların Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına daxil olması ölkənin hava üstünlüyü potensialını əhəmiyyətli dərəcədə artırardı. Ancaq bunu regionda qüvvələr nisbətini tam dəyişəcək hadisə kimi qiymətləndirmək düzgün olmaz. Çünki İsrail artıq uzun illərdir F-35-lərdən istifadə edir, Yunanıstan da bu təyyarələrin alınması istiqamətində irəliləyir və bölgədə silahlanma prosesi yalnız bir ölkədən asılı deyil. İsrail və Yunanıstanın narahatlığı da məhz bu kontekstdə başa düşülməlidir. Hər iki ölkə Vaşinqtonla sıx müdafiə əməkdaşlığına malikdir və öz təhlükəsizlik maraqlarını nəzərə alaraq etirazlarını diplomatik kanallarla ifadə edir. Xüsusilə ABŞ Konqresində bu ölkələrə yaxın siyasi dairələrin mövqeyi qərar qəbuluna müəyyən təsir göstərə bilər. Lakin son sözü yenə də ABŞ administrasiyası, Konqres və təhlükəsizlik institutları birlikdə müəyyən edəcəklər”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR