İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinin “danışıqlara başlayaq” mesajına müsbət cavab verəcəkmi?

513 29.06.2026 11:29 Dünya A A

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, İran ətrafında hadisələrin "qaynar fazası" başa çatdıqdan sonra Moskva ABŞ-dən danışıqlar aparacaq nümayəndə heyətinin səfərini gözləyir. 

Putin bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.

Rusiya liderinin sözlərinə görə, Moskva Vaşinqtonla əvvəllər Ankoricdə müzakirə edilmiş bütün məsələlər üzrə dialoqu davam etdirməyə hazırdır.

Ankoricdə hansı məsələlər müzakirə edilmişdi? Putin nə üçün həmin məsələlərin müzakirəsini vacib hesab edir? ABŞ tərəfi Putinin istəyini nəzərə alıb Rusiya ilə danışıqlara gedəcəkmi?

MESİYEV.jpg (407 KB)

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Putinin bu açıqlaması Kremlin İran ətrafında hərbi gərginliyin azalmasını ABŞ ilə daha geniş gündəlik üzrə dialoqu bərpa etmək üçün fürsət kimi qiymətləndirdiyini göstərir:

"Burada söhbət yalnız İran məsələsindən deyil, Rusiya-ABŞ münasibətlərinin strateji gündəliyindən gedir. Ankoricdə müzakirə olunan məsələlərə gəlincə, tərəflər əsasən Ukrayna münaqişəsi, strateji sabitlik və nüvə silahlarına nəzarət, diplomatik münasibətlərin normallaşdırılması, iqtisadi məhdudiyyətlər və sanksiyalar, həmçinin Yaxın Şərqdə təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparmışdılar. Bundan əlavə, iki ölkə arasında səfirliklərin fəaliyyətinin normallaşdırılması, məhbus mübadiləsi və hərbi insidentlərin qarşısının alınması mexanizmləri də gündəmdə olub. Putin bu məsələlərin müzakirəsini ona görə vacib hesab edir ki, Rusiya Qərblə uzunmüddətli qarşıdurmanın idarəolunan səviyyədə saxlanılmasına çalışır. İran ətrafındakı böhran göstərdi ki, nüvə dövlətləri arasında birbaşa dialoqun olmaması yeni regional münaqişələrin qlobal böhrana çevrilməsi riskini artırır. Kreml hesab edir ki, ABŞ ilə daimi siyasi əlaqələr həm strateji sabitlik, həm də Ukrayna və Yaxın Şərq kimi böhranların idarə olunması baxımından vacibdir. Putinin bu mesajı Vaşinqtona siyasi siqnaldır. Kreml göstərmək istəyir ki, bütün fikir ayrılıqlarına baxmayaraq, dialoq kanalları açıq qalmalıdır".

ABŞ-nin bu çağırışa necə reaksiya verəcəyinə gəlincə, politoloq hesab edir ki, Vaşinqtonun Putinin təklifindən tamamilə imtina edəcəyi inandırıcı görünmür:

"ABŞ administrasiyası indiyədək də Rusiya ilə müəyyən məsələlər üzrə məhdud təmasları saxlayıb. Lakin bu, münasibətlərin normallaşması anlamına gəlməyəcək. ABŞ nümayəndə heyətinin danışıqlara getməsi ehtimalı yüksək olsa da, gündəlik daha çox qarşılıqlı maraq doğuran texniki və təhlükəsizlik məsələləri ilə məhdudlaşa bilər. Vaşinqtonun Ukrayna, sanksiyalar və Avropa təhlükəsizliyi ilə bağlı mövqeyində ciddi dəyişiklik gözlənilmir. Əgər İran ətrafındakı vəziyyət sabitləşərsə, Moskva ilə Vaşinqton arasında nümayəndə heyətlərinin növbəti görüşünün keçirilməsi mümkündür. Bununla belə, belə danışıqların yaxın perspektivdə Rusiya-ABŞ münasibətlərində köklü dönüş yaradacağı ehtimalı zəifdir. Danışıqlar başlasa belə, Ukrayna məsələsinin həllinə gətirib çıxaracağı ehtimalı yoxdur. Çünki Ukrayna münaqişəsi Amerikanın strateji planının tərkib hissəsidir və ABŞ bu planı sona qədər həyata keçirmək istəyindədir".

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR