Çilinin şimalındakı Atakama səhrasında yerləşən tarixi Çukikamata (Chuquicamata) şəhəri ölkənin ən böyük mis mədəninin genişləndirilməsi nəticəsində tamamilə boşaldılıb. Nəhəng açıq mədən sahəsinin böyüməsi ilə yaşayış məntəqəsi fəaliyyətini dayandırıb və sakinlər yaxınlıqdakı Kalama şəhərinə köçürülüb.
Musavat.com xəbər verir ki, Çukikamata əvvəlcə mədən işçiləri üçün salınmış yaşayış məntəqəsi idi. Zamanla burada evlər, məktəblər, xəstəxana və digər sosial infrastruktur yaradılmışdı. Lakin mis yatağının genişləndirilməsi, həmçinin ərazidə toz, qaz emissiyaları və sənaye tullantılarının artması şəhərdə yaşayışı mümkünsüz edib.
Bunun nəticəsində bütün sakinlər mərhələli şəkildə Kalama şəhərinə köçürülüb, yaşayış məntəqəsi isə tamamilə boş qalıb.
ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) Yer Müşahidə Proqramının peyk görüntülərinə əsasən, Çukikamata açıq mis mədəni təxminən 5 kilometr uzunluğa, 3 kilometr enə və 1 kilometr dərinliyə çatıb.
Peyk şəkillərində nəhəng mədən çuxuru, tullantı süxur sahələri və artıq boşaldılmış keçmiş şəhər aydın görünür. Mədəndə təhlükəsizliyi təmin etmək üçün pilləli qazıntı sistemi tətbiq olunur.
Açıq mədəndə qazıntının dərinləşməsi nəticəsində hasilat xərcləri əhəmiyyətli dərəcədə artdığından şirkət istehsal modelini dəyişib. Hazırda mis hasilatı açıq karxananın altında inşa edilmiş yeraltı tunellər vasitəsilə davam etdirilir.
Yeraltı mədənlərdə havalandırma sistemləri qurulub, işçi və texnikanın hərəkəti üçün xüsusi marşrutlar hazırlanıb, tunellərdə tavanın dayanıqlığı və hava keyfiyyəti isə fasiləsiz nəzarətdə saxlanılır.
Musavat.com






