İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Tokayevin planını rədd etdi-Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi  

999 27.07.2026 13:13 Siyasət A A

 

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı diplomatik fəallığın artdığı bir dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həmkarı Vladimir Putinə ünvanladığı çağırış beynəlxalq gündəmi zəbt edib.

Tokayevin cəbhə xəttinin dondurulması və 2022-ci il İstanbul danışıqları formatına qayıdılması təklifi həm Moskvada, həm də Kiyevdə fərqli reaksiyalar doğurub. Kreml bu ideyanı qətiyyətlə rədd edərək Rusiyanın hərbi məqsədlərinə çatmadan müharibənin dayandırılmasının mümkün olmadığını bəyan edib.

Eyni zamanda, Ukrayna rəhbərliyi Tokayevin təşəbbüsünü "vaxtında və müdrik çağırış" kimi qiymətləndirərək diplomatik həll variantını bir daha dəstəklədiyini açıqlayıb. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) son təhlili isə Putinin Tokayevlə görüşdən daxili auditoriyaya uzunmüddətli müharibənin qaçılmaz olduğu mesajını vermək üçün istifadə etdiyini vurğulayır. Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Ukrayna ilə bağlı irəli sürülə biləcək yeni təkliflərə yalnız Rusiyanın maraqlarına uyğun olduğu halda baxacağını bildirib və ABŞ vasitəçiliyi ilə aparılan dialoq kanallarının açıq qaldığını təsdiqləyib.

Bəhruz Məhərrəmov: Qarabağ və Şərqi Zəngəzurda aqrar inkişaf Böyük  Qayıdışın əsas dayaqlarından birinə çevrilir - AZƏRTAC

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin cəbhə xəttinin dondurulması və 2022-ci il İstanbul danışıqları çərçivəsinə qayıdışla bağlı irəli sürdüyü təşəbbüs beynəlxalq geostrateji platformada ciddi rezonans doğursa da, münaqişə tərəflərinin mövcud hərbi-siyasi doktrinaları fonunda bu çağırışın yaxın perspektivdə müharibənin gedişatını köklü şəkildə dəyişərək real sülh danışıqlarına zəmin yaratması ehtimalı son dərəcə aşağıdır: “Kreml tərəfindən irəli sürülən maksimalist şərtlər və Rusiya Federasiyası Konstitusiyasına daxil edilmiş yeni ərazilərin suverenliyinin tanınması tələbi, eləcə də Ukrayna rəhbərliyinin ərazi bütövlüyü prinsipindən geri çəkilməməsi diplomatik vasitəçilik cəhdlərinin hüquqi müstəvidə realizə olunmasını çətinləşdirir, çünki Moskva üçün cəbhə xəttinin dondurulması yalnız öz strategiyasına uyğun gəldiyi halda məqbul sayıla bilər. İstanbul formatının yenidən gündəmə gətirilməsi cəhdi 2022-ci ildən bəri dəyişən cəbhə reallıqları və hüquqi statuslar səbəbindən eynilə bərpa oluna bilməz, indiki reallıqda bu çərçivə yalnız gələcəkdə mümkün ola biləcək demarkasiya, silahsızlaşdırılmış zonaların yaradılması və təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi kimi texniki-hüquqi baza rolunu oynaya bilər. Beynəlxalq hüquq prizmasından yanaşdıqda, tərəflərin barışmaz mövqeyi səbəbindən yaxın gələcəkdə tam əhatəli sülh müqaviləsinin imzalanması qeyri-real göründüyündən, münaqişənin tam dayandırılmasından ziyadə, Koreya və ya Kipr modelinə bənzər uzunmüddətli atəşkəs rejimi ilə de-fakto dondurulması ssenarisinin ön plana çıxması daha real görünür. Nəticə etibarilə, Tokayevin bu diplomatik həmləsi müharibəni dərhal dayandırmaq gücünə malik olmasa da, postsovet məkanında artan strateji narahatlığı və Rusiya ilə müttəfiq olan dövlətlərin belə uzunmüddətli hərbi eskalasiyadan yayınmaq istəyini nümayiş etdirərək, gələcəkdə böyük güclərin iştirakı ilə formallaşacaq ehtimal olunan danışıqlar masasının ilkin parametrlərini müəyyənləşdirən mühüm siyasi siqnal kimi çıxış edir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR