Türkiyənin hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması və onun guya İsrail tərəfindən vurulması barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Musavat.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu cür bəyanatların dezinformasiya xarakteri daşıdığını və ictimaiyyəti çaşdırmağa xidmət etdiyini bildirib.
Qeyd olunur ki, istintaq davam edir və yekun hesabat dərc olunacaq.
Nazirlikdən verilən rəsmi məlumata görə, sözügedən əsassız iddiaları yayan "Vətən" partiyasının sədri, siyasətçi Doğu Perinçək barəsində məhkəmədə iddia qaldırılıb.
Qurum vətəndaşları bu cür əsassız bəyanatlara etibar etməməyə və yalnız rəsmi məlumatları izləməyə çağırıb.
Xatırladaq ki, Azərbaycandan havaya qalxdıqdan sonra Gürcüstan səmasında qəzaya uğrayan "C-130" hərbi-nəqliyyat təyyarəsi ilə bağlı insident artıq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə komissiyası tərəfindən araşdırılıb.
Təhqiqatın nəticələri hər hansı bir kənar müdaxilənin, xüsusilə üçüncü ölkə tərəfindən zərbə endirilməsinin izlərinə rast gəlinmədiyini ortaya qoyub.
Aylar sonra bu mövzunun yenidən gündəmə gətirilməsi Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda siyasi təzyiq və sabitliyi pozmaq cəhdi kimi qiymətləndirilir.
Musavat.com






