Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) WarGonzo platformasının xüsusi müxbiri Dmitri Seleznyovun İrəvana buraxılmaması ilə bağlı redaksiyaya rəsmi cavab göndərib.
Musavat.com xəbər verir ki, MTX-nin məktubunda jurnalistin fəaliyyətinin “dövlət təhlükəsizliyi, konstitusiya quruluşu və ölkənin müdafiə qabiliyyətinə təhdid” yaratdığı, eyni zamanda Ermənistanın ictimai-siyasi sabitliyini zəiflədə biləcəyi iddia olunur.
WarGonzo redaksiyası isə rəsmi açıqlamasında bildirir ki, onların qənaətincə, Dmitri Seleznyovun Ermənistana buraxılmamasının əsas səbəbi jurnalistin 2020-ci ildə Qarabağ bölgəsində olması və həmin dövrdə müharibəni işıqlandırmasıdır. Redaksiyanın vurğuladığına görə, məhz Qarabağla bağlı fəaliyyəti Seleznyovun “arzuolunmaz şəxs” elan edilməsinə gətirib çıxarıb. Eyni zamanda qeyd edilir ki, bu izah Ermənistan MTX-nin rəsmi mövqeyi deyil, WarGonzo-nun öz versiyasıdır.
Məsələnin siyasi və simvolik tərəfi isə daha diqqətçəkəndir. WarGonzo uzun müddət Kremlin əsas hərbi təbliğat kanallarından biri kimi tanınıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bu platforma Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Xuşa istiqamətində intensiv reportajlar aparıb. Həmin yayımlarda erməni ordusuna açıq informasiya dəstəyi verilir, Azərbaycan əleyhinə yönəlmiş təbliğat xətti sistemli şəkildə irəli sürülürdü.
Bu prosesin mərkəzində WarGonzo-nun əsas siması — Semyon Peqov dayanırdı. O, Qarabağda olduğu müddətdə özünü “военкор” — yəni hərbi müxbir kimi təqdim edir, erməni ordusunun mövqelərindən reportajlar hazırlayır, Kremlin informasiya xəttini bölgədə fəal şəkildə icra edirdi.
İndi isə tarixin ironiyası açıq şəkildə üzə çıxır: vaxtilə Qarabağda erməni ordusuna bütün gücü ilə dəstək verən, Kremlin maraqlarına xidmət edən bu təbliğat platformasının nümayəndələri bu gün Ermənistanın özündə “dövlət təhlükəsizliyinə təhdid” kimi qiymətləndirilərək ölkəyə buraxılmır.
Bu qərar Ermənistan cəmiyyətində gec də olsa formalaşmağa başlayan yeni bir anlayışı üzə çıxarır: Kreml təkcə region ölkələri üçün deyil, Ermənistanın özü üçün də təhlükə mənbəyidir. Uzun illər Rusiyanın hərbi və informasiya dəstəyi İrəvanda “müttəfiqlik” kimi qəbul edilsə də, indiki mərhələdə həmin təbliğat mexanizmlərinin nəzarətdən çıxmış risk faktoru olduğu etiraf edilməyə başlanır.
Musavat.com






