İnsanlara hürriyət, millətlərə istiqlal!

TARİXİ GÖRÜNTÜLƏR: Milli Qəhrəman Valeh Müslümovun şəhidliyindən 6 ay əvvəl çəkilmiş NADİR KADRLAR

1184 11.12.2025 15:35 Gündəm A A

Sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı, Lerik rayonundan olan igid döyüşçü Valeh Əlizahid oğlu Müslümovun şəhidlikdən cəmi altı ay əvvəl çəkilmiş nadir görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, kadrlar Birinci Qarabağ müharibəsinin ağır günlərində döyüşən bir qəhrəmanın sadəliyini, cəsarətini və həyat dolu xarakterini əks etdirir.

Valeh Müslümov 1968-ci il 2 sentyabrda Lerik rayonunda anadan olub. Orta təhsilini Lerik şəhər 2 saylı məktəbdə alıb. Daha sonra Sumqayıtdakı 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnərək tikinti trestində çalışmağa başlayıb.

1986–1988-ci illərdə hərbi xidmətdə olub. Xidmətini bitirdikdən sonra əmək fəaliyyətinə qayıdıb. Lakin Qarabağ müharibəsi başlayanda tərəddüd etmədən cəbhəyə yollanıb. 1991-ci ilin avqustundan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsi — OMON tərkibində xidmət edib.

Onun döyüş yolu Qarabağın ən qaynar nöqtələrindən — Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə istiqamətlərindən keçib. Silahdaşları bildirirlər ki, o, hər əməliyyatda ön cəbhədə olur, “əvvəlcə döyüşçülər, sonra mən” deyə davranırdı.

Valeh Müslümov 1992-ci ilin aprelində Ağdərə istiqamətində gedən ağır döyüşlərdən birində yaralı silahdaşlarını meydanda qoymamaq üçün mövqeni tərk etməyib. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhid qəhrəman doğulduğu Lerikdə torpağa tapşırılıb.

Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il, 831 nömrəli Fərmanı ilə Valeh Müslümova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Lerik şəhərində bir küçə və onun təhsil aldığı 2 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə onun həyat və döyüş yolunu əks etdirən xatirə guşəsi də yaradılıb.

Bu nadir görüntülər Azərbaycan xalqına bir daha xatırladır ki, bu torpaq gənc yaşında canını Vətənə fəda edən igidlərin hesabına qorunub. Valeh Müslümovun qısa, lakin şərəfli ömür yolu yeni nəsillər üçün örnəkdir.

Allah Milli Qəhrəmanımız Valeh Müslümova rəhmət eləsin. Onun qəhrəmanlığı hər daim xalqımızın qəlbində yaşayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR