Ekstremal isti hava şəraitində əhalinin ən həssas qrupu tək yaşayan yaşlı insanlardır. Yüksək temperaturun təsiri ilə bağlı ölüm hallarının əksəriyyəti məhz onların arasında qeydə alınır.
Bu barədə TASS-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib.
"Ən həssas qrup tək yaşayan yaşlı insanlardır. İstidən baş verən ölüm hallarının əksəriyyəti məhz onların arasında qeydə alınır. Bu ölümlər çox vaxt nəzərə çarpmadan, ev şəraitində baş verir, cəsədlər bəzən yalnız saatlar və ya günlər sonra aşkar edilir", - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, qadınlar arasında isti hava ilə əlaqədar ölüm göstəricisi kişilərlə müqayisədə təxminən iki dəfə yüksəkdir. Onun sözlərinə görə, bu, qismən qadınların daha uzun ömür sürməsi və yaşlı əhali arasında daha böyük paya malik olması ilə izah olunur.
Hans Kluge əlavə edib ki, hamilə qadınlarda da isti hava erkən doğuş, az çəkili uşağın dünyaya gəlməsi və ölü doğum riskini artırır.
ÜST rəsmisi açıq havada çalışanların - xüsusilə tikinti, kənd təsərrüfatı və logistika sahələrində çalışan şəxslərin də ciddi risk altında olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu insanlar birbaşa isti havanın təsirinə məruz qalırlar və çox vaxt işlərini dayandırmaq, kölgəyə çəkilmək və ya suya çıxış əldə etmək imkanları məhdud olur./oxu.az






