İnsanlara hürriyət, millətlərə istiqlal!

Şıx çimərgəsinin əcəb seyrangahı var – köşə-reportaj

2006 19.07.2026 11:55 Yazarlar A A

Dünən mövsümdə ilk dəfə çimərliyə getmişdim – yaşadığım yerə ən yaxın olana. Özəl çimərlik olsa, reklam olar deyə adını çəkməzdim, amma bu dövlətə və xalqa məxsus Şıx çimərliyidir. Yaxşı ki, bir ara ölkəmizə dadanan ərəb şeyxləri buanı özəlləşdirərək Şeyx çimərliyi etmədilər. Yoxsa gedib Xocəsən gölündə batırdıq indi.

Dəniz yerindəydi. Keçən il qoyub gəldiyim yerdən bir metr də o tərəfə getməyib. Ona görə də “Xəzər quruyur” söhbəti şəxsən mənə bir az şişirdilmiş kimi görünür. Düzdür, “Kristal-holl” tərəflərdə adacıqları əmələ gəlib, amma nə işdirsə, Şıxda dənizin dayazlaşdığı hiss olunmur.

a5011e41-17b9-4229-bb51-e570716ff4f3.jpeg (70 KB)

Keçənilki çimərlik mövsümündən bəri çimərgədə (bu sözü 50-60-cı llərdə ədiblərimiz icad ediblər – yaxşı sözdür) əsas dəyişiklik odur ki, bir neçə yerə videokamera quraşdırıblar. Kamera nəzarəti vacibdir – cihazlar işləsələr də, işləməsələr də.

Zibil qutuları da artırılıb. Fərəhləndirici haldır ki, zibil qutularına zibil atanları da görürsən. Nəzarətçi oğlan hər yarım saatdan bir maqnitiofon lentinə yazılmış xəbərdarlığı səgücləndirici ilə səsləndirə-səsləndirə gəzir. O səs paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına deyir ki, tullantılarınızı qablara atın.

Amma yenə də orda-burda qumun üstündə plastik su qablarını, enerji içkilərinin boş bankalarını, bir də sellofan torbaları görmək olur. Elə gönüqalın adamlar var ki, mütləq zibillərini 5 addım o tərəfdəki qırmızı zibil qabına yox, bir az əvvəl ağnadığı yerə atıb gedir. Qumun üstü siqaret kötükləri, tum qabıqları kimi xırda zibillərlə doludur. Sanki bunlar zibil deyil və hara gəldi atmaq olar. Bu qanacaqla 100 il bundan sonra da yaponlar kimi ola bilməyəcəyik.

Ağnamaq demişkən, o boyda adamların anqıra-anqıra suya cummaları, bir-birini suya basıb boğuşmaları (sözün əsl mənasında), növbə ilə bir-birinin çiyninə çıxaraq havada salto vurub suya kəllə vurmaları keçənilkinə nisbətən daha da artıb.

Bu aktivlik, ola bilər, narıncı şarların götürülməsi ilə bağlıdır. Ötən il bir xeyli gənc və yetkin kişinin enerjisini o şarları minmək cəhdi aparırdı. Onları oraya dərinlik göstəricisi olaraq xilasedicilər pərçimləmişdilər ki, şüurlu insanlar onların o üzünə adlamasınlar. Şarları adlayanlar olurdu, amma əksər cavanlar onları minməyə çalışırdı. Sahildə dayanaraq əlində meqafon tutmuş oğlan şara təcavüz edənlərə “ay qardaş, şarla işiniz olmasın” deməkdən bezar olurdu. İndi o şarlar orada yoxdur, oğlanın işi azalıb.

cadir.JPG (82 KB)

Özləri ilə çimərgəyə çadır, çətir gətirənlər də var, süfrə açır, ailəlikcə oturub yemək yeyirlər. Dəniz adamın iştahını açır axı.

Çimməkdən çox lotuluğa gələnlər də var. Onlar ailə-uşaqla istirahət edənlərə mane olurlar. Cinsi partnyora aşırı ehtiyac duyan həyasız gədələr bəzən gənc qızların ətrafında elə dövrə vurular, bunu yalnız sənədli təbiət filmlərində köpək balığının öz şikarının ətrafında fırlanmağına bənzətmək olar. Hırıltıları, mırıltıları isə sahilə dəyən dalğaların şırıltısını batırır.

Tutaq ki, bunlar cavandır, başa düşmək olar, bəs yaşı 45+ olan və Altay ayısına bənzəyən üç kişinin slavyan mənşəli iki gənc qıza açıq-aşkar girişmək istədiklərinə nə ad verəsən. Kişinin uşağı qızlara eşitdirərək rusca danışırdılar, hesab edirdilər ki, qızlar dönüb deyəcəklər ki, “aa, vı russkoyazıçnıe, davayte poplavayem vmeste”. Amma bir dəqiqə əvvəl suya girmiş qızlar sadəcə üzlərini döndərdilər, suları süzülə-süzülə dənizdən çıxıb getdilər çətirlərinin altına.

9a4f57ae-93fc-48df-a6c0-d987301ca3b7.jpeg (149 KB)

Çimərlik ətrafında 1 milyon avtomobilin müftə-müsəlləm park etməsi üçün yer var. Amma yenə də yüzlərlə sürücü maşınlarını məhz çimərliyin girişinə yaxın yerdə saxlamaq istəyir, yolu kəsir, tıxac yaradırlar. Onda eşidirsən ki, nəzarətçi meqafonla qışqırır: “Sıfır qırx yeddi, maşına yaxınlaş, çıxmaq istəyən var, yolu kəsmisən”, “Yüz əlli altı, “Hunday”, maşına yaxınlaş”, “Dördyüz dörd, gəl maşını çək” və sair və ilaxır.

Yerdə qalan hər şey yaxşıdır. Dənizin sahilinə aparan beton cığırlar dağılmayıb, geyinib-soyunma kabinləri, tualetlər, duşlar işləyir, xilasedicilər motorlu qayıqla fırlanır, dərinə gedənlərə nəzarət edirlər.

Bircə hamılıqca adam kimi çimməyi, üzməyi də bacarsaydıq, daha yaxşı olardı.

İndi kimsə deyəcək ki, cavanlar elə olmalıdır də, siz cavan olmamasınızmı? Düzdür, biz də cavan olmuşuq, amma ictimai yerlərdə qızıxmış meymun səsi çıxarmamışıq.

**

Dünya köhnə dünyadır, çimişənlər təzədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR