İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada hamının üzü gülür... - Qalanın sirri və sehri

2485 07.10.2021 11:20 Gündəm A A

“O gün olsun, Şuşaya gedək”, "O gün olsun, Cıdır düzündə görüşək"... Çox diləmişdik, çox eşitmişdik bu arzuları. Nəhayət, gerçək oldu müqəddəs Ocağı ziyarət etmək...

Müzəffər Ordumuzun azad etdiyi torpaqlarımıza Füzuli rayonu ərazisində ayaq basdıq - çiskinli, dumanlı havada.

9c46f49c-c300-45f8-85d2-d2ff0cd675c4.jpg (20 KB)
Etiraf edim, işğaldan qurtulmuş ərazimizə keçəndən dərhal sonra beynim də dumanlı idi. “Zəfər Yolu” ilə şütüdükcə qeyri-ixtiyari gözəl Qarabağı azad etmiş igidlərimiz – Şəhidlərimiz, Qazilərimiz, onların bir il öncə göstərdiyi şücaətlər gözümün önündə canlanırdı. Şəhidlərimizə rəhmət diləyə-diləyə, Qazilərimizə, Müzəffər Ali Baş Komandana uzun ömür, can sağlığı arzu edə-edə acgözcəsinə baxırdıq 30 il həsrət qaldığımız Vətənimizə...
Hər yanı dağılmış, təbiəti məhv edilmiş, səhraya döndərilmiş Füzuli rayonunun kəndlərini bir-bir keçib Şuşaya doğru irəliləyirdik. Bacardıqca asta sürətlə idarə edirdim maşını - ətrafa daha diqqətlə baxa bilmək üçün.

fuzli.jpg (113 KB)

Xocavənd rayonuna çatanda salamat evlər gözə dəyirdi. İşğal zamanı ermənilər burada məskunlaşıb, yaşayıblar. Tuğ, Tağlar, Çartar, Sığnaqda deyəsən, əbədi qalacaqlarına ümid edirlərmiş alçaqlar: Azərbaycanlıların tarixi yurd yerlərini, abidələri, məscidləri məhv edib, Azərbaycan izlərini itirməyə çalışıblar, ancaq 70-80-ci illərdə tikilmiş evlərə dəyməyiblər, yeni evlər də tikiblər. Füsunkar təbiəti, münbit torpaqları olan ərazilərimizi 30 il istismar ediblər, vandalcasına...

tug.jpg (161 KB)


Yol boyunca daha nələri gördük, nələr oldu, bunlar haqda daha əvvəl hazırladığımız, “Yeni Müsavat” qəzetinin 5 oktyabr tarixli sayında dərc olunmuş “Soyuq havalı, isti yuvalı Şuşa...” sərlövhəli reportajdan oxuya bilərsiniz. (link: https://musavat.com/news/soyuq-havali-isti-yuvali-susa-cidir-duzunde-yalli-berpa-olunan-mescid-ve-kilse-emekdaslarimiz-susadan-yazir_834094.html )


...Şuşaya yaxınlaşdıqca duman qatılaşır, 5 metrdən o yana görünməz olmuşdu. Nəhayət, Daşaltına çatırıq, yolun kənarında dayanıb, yuxarıya - Şuşa Qalasına baxırıq. Heyrət edirik, maşının zülmlə qalxdığı bu yoxuşu 2020-ci il noyabrın əvvəlində xüsusi təyinatlılarımız yolla da yox, sıldırım qayalardan dırmanaraq qalxıblar, canlarını fəda ediblər! Şuşanın müqəddəsliyi həm də bundadır...

244316487_10209881891719541_6952247435636946825_n.jpg (336 KB)

Sonuncu yoxlama postuna çatırıq, sənədlərimizi, buraxılışımızı, maşınımızı çox nəzakətli davranışlarla yoxlayıb, “Şuşaya xoş gəldiniz” deyir, polis və hərbi qulluqçularımız.
... Şəhərə daxil olub, hərəkət etdikcə həmkarlarım Xalid Kazımlı, Yana Mədətova və Məğrur Salmanovla birlikdə hamımız susmuşduq – Şuşanın sehrinə düşmüşdük. Heç birimiz danışmırdıq, Şuşa möcüzəsini seyr edirdik.

memmedli.jpg (38 KB)

Hara gedirdik, heç onu da bilmirdik, eləcə dolaşırdıq küçələri. Birdən Xalid Kazımlı dilləndi, dedi vaxt itirməyək, saxlayaq bir adamdan yerini soruşaq, gedək hotelə yerləşək, işimizə başlayaq...
                                                                        

                                                           ***

Şuşanın küçələri bu gün tikinti meydançasını xatırladır – sürətlə yenidən qurulur, özünə qaytarılır mədəniyyət paytaxtımız. Qısa müddətdə cənnətə dönəcək bura.

memmedli 2.jpg (80 KB)


Ermənilər 28 ildə tam dağıtmasa da, Şuşanı çürüdürlərmiş, sözün əsl mənasında çərlədirlərmiş. Bir çox tarixi binaları vandalcasına gəmiriblər, söküblər, dağıdıblar, Azərbaycan izlərini itirməyə çalışıblar. Yaşadıqları evləri isə nə təmir ediblər, nə də bir ağac əkiblər həyətlərdə...

Hətta həyasızcasına bəzi evlərin üzərinə “Satılır” da yazıblar. Yaramazlığın həddinə bax, sən gəl şuşalının evini yağmala, üstəlik də oranı satmaq istə...

454b927eb40571b5d0c9c2d57e949b4e.jpg (128 KB)


Evlərdən birinin həyətində şəkil albomu tapdıq. Qaçıb gedəndə unitazlarını söküb aparan ermənilər ailə tarixlərini atıb gediblər.

6c1c1cd3-edf7-4cc0-934b-fb98579e3e47.jpg (187 KB)

Budur erməni xisləti, erməni kimliyi - öz kiçik tarixlərinə də vandalcasına yanaşırlar. Genetik kodlarında var dağıdıcılıq, etibarsızlıq, vəhşilik...
                                                                                             

                                                                         ***

2 gün ərzində Şuşa şəhərinin hər yerini qarış-qarış dolaşdıq. Qalanı, Cıdır düzünü, məscidləri, Natəvanın evini, kilsəni, Vaqifin məqbərəsini, İsa Bulağını, gözümüzə sataşan bütün tarixi binaları.
Cıdırda Yallı da oynamaq arzumuzu gerçəkləşdirdik...

safe_image.jpg (15 KB)

Şuşadan ərsəyə gələn 6 dəqiqəlik filmimiz hislləri daha səlis anladır - linklər:

https://musavat.com/news/dumanli-susadan-qisa-film-ruhun-dincelen-zovqun-incelen-yeri_834477.html

https://youtu.be/haj7XaxjJcQ

                                          ***

Şuşada dostum, həmkarım Nazim Sabiroğlunun doğulub böyüdüyü evin də qapısını döydüm, “qonağı” oldum.

f163cadb-7afd-4d00-8bd4-48451061199d.jpg (122 KB)

Son 15 ildə - bir redaksiyada işlədiyimiz, bir otaqda oturduğumuz dövrdə Nazimlə Şuşadan o qədər danışmışdıq, kövrəlmişdik ki...

                                                                                ***

Biz payız günlərində Şuşanı əsasən dumanlı gördük. Ancaq daha qara duman deyildi, ağ, əsl Şuşa dumanı idi. Şuşanın dumanlı gecəsi isə bir başqa aləmdir, ayrı auradır. Xüsusi ilə Qalada sirli bir aləmdə hiss edirsən özünü. Baş alıb gedir insan ruhu. Sözlə izah etmək mümkün deyil...

qala-xari.jpg (76 KB)


Şuşada bu dumanlı günlərdə çəkdiyimiz növbəti kadrlar bir qədər də geniş "izah verə" bilər. Onlarla bu linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=OkAxdmr18Hk

                                                             ***

Bir yerdə çox qala bilmirəm. Maksimum 1 gün sonra darıxıram, sıxılıram harasa gedəndə - istər ölkədə, istər xaricdə. Bu yaşımadək belə olub. Ömrümdə ilk dəfə idi ki, darıxmırdım. Şuşadan heç ayrılmaq istəmirdim.

Hə, bir də Şuşada hamı gülərüz idi – saxlayıb söz, ünvan soruşduğumuz ustalar, fəhlələr, polislər, hərbçilər, qonaqlar... hər kəs öncə bir-birinə təbəssüm edirdi. Bu insanlar Bakıda, Göyçayda, Sumqayıtda, Gəncədə... rastlaşsa, belə xoş simalı görünməyəcəkdi. Son illərdə gileyləndiyimiz məsələlərdən biri idi insanlarımızın üzündə təbəssüm yox, kədər, acı ifadələr görmək.

Üzümüzü güldürən, bizi özümüzə qaytaran Şuşamız...
                                           

                                                            ***

Şuşadan qayıdanda Füzuli rayonu ərazisində bir böyük göl gördük. Əslən Füzulidən olan Xalid bəydən soruşdum ki, bura haradır? Dedi bura “Köndələnçay platinası” deyirdilər...

Qarabağda kim tilov atıb balıq tutmaq istəməyib ki? Üstəlik də maşında daim tilov olur. Dönürük gölə tərəf. Köhnə estakadanın üzərindən yarım saat da bu gözəlliyi seyr edib, xırda balıqları bir qədər yemlədik...

40ce18ef-ed00-41be-95fb-8854a8db6a22.jpg (246 KB)

Artıq axşam düşürdü, bir də azad olunmuş torpaqlarımıza boylanıb, arzularına çatmış insan kimi, fərəhlə, fəxarət, qürur hissi ilə Bakıya üz tutduq...

Elşad MƏMMƏDLİ,

Musavat.com

25c76009-a7c8-416d-86f3-07f9b1981b73.jpg (156 KB)
375d2ebe-b741-4397-9b25-eeefd1634783.jpg (138 KB)

f522c51d-0384-45b2-a86a-f496438bbb0a.jpg (322 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR