İnsanlara hürriyət, millətlərə istiqlal!

Lordlar Palatasında Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin 30 illiyi qeyd edilib -FOTO

3156 11.03.2022 15:36 Son xəbər A A

Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyi ilə əlaqədar 10 mart tarixində Britaniya Parlamentinin Lordlar Palatasında tədbir keçirilib.

APA-nın London bürosunun xəbərinə görə, Azərbaycanın Londondakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Parlamentin İcmalar və Lordlar Palatasının üzvləri, Xarici İşlər Nazirliyi, Beynəlxalq Ticarət Nazirliyinin əməkdaşları, Londonda akkreditə olunmuş səfir və diplomatik korpusun üzvləri, bir sıra şirkət və tədqiqat mərkəzlərinin nümayəndələri, azərbaycanlı icmasının üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lordlar Palatasının üzvü, Leyborist Partiyasında Azərbaycanın Dostları qrupunun təsisçisi Lord David Evans iki ölkə arasındakı möhkəm və sağlam tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Daha sonra xüsusi olaraq Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlərə həsr etdiyi şeiri səsləndirib.

Tədbirə Birləşmiş Krallıq hökuməti adından bu ölkənin Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Ceyms Kleverli videomesaj göndərib. Nazir ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin britaniyalı hərbçilərlə birgə Kabil Beynəlxalq Hava Limanında evakuasiya prosesindəki peşəkarlığını və qəhrəmanlığını xüsusi minnətdarlıq hissi ilə vurğulayıb, işğaldan sonra Azərbaycan ərazilərinin bərpasına Birləşmiş Krallığın bundan sonra da dəstəyini davam etdirəcəyini bildirib.

Nazir ölkəsi üçün Azərbaycanın vacib ticarət tərəfdaşı olduğunu vurğulayıb, siyasi, beynəlxalq təhlükəsizlik, ətraf mühitin mühafizəsi, yaşıl enerjiyə keçid istiqamətlərində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu ifadə edib. Azərbaycanın qlobal iqlim dəyişiklliyi ilə mübarizə və yaşıl enerjiyə keçid sahəsindəki töhfəsini vurğulayan dövlət naziri yaxın tərəfdaş ölkə kimi Azərbaycanla qlobal gündəlikdə dayanan məsələlərin həlli istiqamətində əməkdaşlığı daha da genişləndirmək əzmini ifadə edib. O, ölkələrimiz arasındakı mədəni münasibətlərdən bəhs edərkən Qarabağ atlarının ənənəvi olaraq Vindzor Atçılıq Şousunda iştirakını xüsusi qeyd edib.

Dövlət naziri Kleverli dünyada cərəyan edən proseslərə toxunaraq bu fonda Azərbaycan xalqının da 1990-cı ilin 20 yanvar tarixində belə faciələr yaşadığını xatırladıb. O, təmsil etdiyi hökumət adından Azərbaycan xalqı və hökuməti tərəfindən Ukraynaya göstərilən humanitar yardıma görə təşəkkür edib və bunu yüksək qiymətləndirib.

Tədbir zamanı, həmçinin səfir Elin Süleymanov, Xarici İşlər Nazirliyinin rəsmisi Castin Makkenzi Smit, Parlamentin Azərbaycan Qrupunun sədri Bob Bləkmən və BP şirkətinin Birləşmiş Krallıq üzrə ölkə direktoru Luiz Kingem çıxış ediblər.

Səfir Süleymanov ötən 30 il ərzində Azərbaycan və Birləşmiş Krallıq arasında enerji sahəsində əməkdaşlıq başda olmaqla hərtərəfli və dinamik tərəfdaşlıq münasibətlərinin qurulduğu, hər iki ölkənin regionun enerji mənzərəsini tamamilə dəyişdiyini qeyd edib. O, bu günlərdə diplomatik münasibətlərin 30 illiyi münasibətilə Prezident İlham Əliyev və Baş Nazir Boris Conson arasında məktub mübadiləsinin əhəmiyyətini və bu məktublarda verilmiş mesajları xüsusi vurğulayıb. Səfir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyə görə Birləşmiş Krallığa minnətdarlığını ifadə edib.

Omövcud dinamik münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib və hər iki ölkənin enerji keçidi, iqlim dəyişikliyi ilə mübarizə, ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətləri üzrə birgə əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb. Səfir, həmçinin Britaniyadakı azərbaycanlı icmasının fəallığını və cəmiyyətlər arasındakı münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.

Parlamentin Azərbaycan Qrupunun sədri Bob Bləkmən Azərbaycan-Birləşmiş Krallıq münasibətlərini xüsusilə də parlament istiqamətində inkişaf etdirməkdə davam edəcəyini bildirib, Azərbaycanı dini tolerantlıq ənənələri, qadınların hüquqları və cəmiyyətdə rolu baxımından nümunəvi ölkə kimi xarakterizə edib.

BP şirkətinin nümayəndəsi Luiz Kingem adıçəkilən şirkətin Azərbaycanla tərəfdaşlığı şirkətin ən uğurlu əməkdaşlıq münasibətlərindən biri adlandırıb, Azərbaycanla region üçün vacib enerji layihələrinin icra edildiyini bildirib. O, eyni zamanda bu il BP şirkətinin də Azərbaycanla əməkdaşlığının 30 illiyinin qeyd edildiyini vurğulayıb. BP-nin xaricdəki ən iri layihələrindən birinin məhz Azərbaycanda həyata keçirildiyini və təmsil etdiyi şirkətin ölkəmizlə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Bu əməkdaşlığın bundan sonra davam etdiriləcəyi, xüsusilə təmiz enerjiyə keçid, bərpaolunan enerji resurslarının inkişafı kimi sahələrdə BP-nin ölkəmizlə faydalı əməkdaşlıqda maraqlı olduğu qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR