İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasıblığın, kasadlığın etalonu - Sovet xalqının "sevimli" ərzaq talonu

5970 11.03.2022 15:45 Son xəbər A A

1980-ci illərdə, SSRİ-nin süquta doğru yuvarlandığı bir dövrdə ən yadda qalan hadisələrdən biri də “inkişaf” etmiş sosialist ölkəsində talon sisteminin tətbiqi olub. Talonun nə olduğunu izah etmək üçün bir cümlə yetərlidir. Cibində pul var, saatlarla növbəyə durmağa vaxtın da var, amma talonun yoxdursa, heç iki yüz qram şəkər də ala bilmirsən...

Əslində, talon sistemi SSRİ-də 1980-ci illərdə deyil, çox-çox əvvəllərdən tətbiq edilib. Sovet vətəndaşlarına gündəlik zəruri tələbat malları, ərzaq məhsulları almaq üçün verilən talonlar 1920-ci illərdən tanış olub. 1929-cu ildə isə bütün ölkə üzrə çörək norması üçün kart sistemi tətbiq edilib.

Çörək kartları kateqoriyalar üzrə verilib. Birinci kateqoriyaya orduda və donanmada xidmət edənlər, müdafiə sənayesi obyektlərində çalışanlar, rabitə, nəqliyyat, tikinti sektorunda işləyənlər aid edilib və onların gündəlik çörək norması 800 qram olub. İkinci kateqoriyaya aid edilən qulluqçular 300 qram çörək ala biliblər. Üçüncü kateqoriyaya daxil olan təqaüdçülər və əlillərə isə gündəlik 200 qram çörək almaq üşün kart verilib. Hər kateqoriyada ailə üzvləri ayrıca nəzərdə tutulub. “Tüfeyli ünsürlər”ə isə ümumiyyətlə çörək kartı verilməyib. Həmin ərəfədə ət, yağ, şəkər və yarmalar da talon sistemi ilə əldə olunub.

7246b7.jpg (158 KB)

1 yanvar 1935-ci ildə kart və talon sistemi ləğv edilib. Amma əhaliyə gündəlik tələbat mallarını, ərzaq məhsulları məhdudlaşdırılmış sayda və çəkidə satılıb. Bununla yanaşı, elə səhərisi gün, yanvarın 2-də çörək və un məmulatlarının qiyməti təxminən iki dəfəyə yaxın artıb.

Sovet-alman müharibəsinin başlanması ilə kart sistemi, talon tətbiqi yenidən qüvvəyə minub. Bu dəfə təkcə ərzaq məhsulları üçün deyil, sənaye malları üçün də talon sisteminə keçilib. Beləliklə, sovet vətəndaşları ət, yağ, yarma, şəkər, un və şirniyyat məmulatları ilə yanaşı, ayaqqabı və geyimləri də yalnız talonla əldə edə biliblər.

Əgər müharibəyə qədər bir nəfər gün ərzində 600 qram çörək ala bilirdisə, 1941-ci ildən paylanılan çörək kartı ilə hər adam yalnız 200 qram çörək ala bilib. Mühasirədə qalan Leninqradda isə gündəlik çörək norması 100 qramla məhdudlaşdırılıb. Müqayisə üçün onu da qeyd edək ki, müharibə illərində Almaniyada hər bir vətəndaş sutka ərzində 1 kiloqram çörəklə təmin edilib.

846f4c.jpg (93 KB)


1945-ci ildən başlayaraq kart sistemi tədricən ləğv olunmağa başlayıb. 1947-ci ilin dekabrında sonuncu olaraq şəkər satışı da kart sistemindən çıxarılıb.

SSRİ-də növbəti talon dalğası 1980-ci illərdə başlayıb. Buna qədər, hələ 1970-ci illərin sonlarında bəzi bölgələrdə ət, yağ və şəkər əhaliyə talonla satılıb. Kütləvilik isə 1983-cü ildə tətbiq edilib. Talon siyahısında əvvəlcə ət, kolbasa və kərə yağı yer alıb. Bir neçə ildən sonra bu siyahıya bitki yağı, yumurta, çay, duz və yarmalar da əlavə olunub. Artıq 1980-ci illərin sonlarında paltar və əl-üz sabunu, yuyucu tozlar da defisitə çevrilərək talonla satılıb.

cafe95e60d96b22835805ead21f5979a.jpg (85 KB)

Alkoqolizmə qarşı mübarizə illərində alkoqollu içkilər də talon siyahısına salınıb. Ayda yaşı 18-i ötmüş hər kəsə talonla bir şüşə araq, yaxud da iki şüşə çaxırın satılması nəzərdə tutulub. Məhz bu talonların tətbiqindən sonra ölkədə gizli sexlərdə və ev şəraitində alkoqollu içkilərin istehsalı kütləvi şəkil alıb.
Talonlar vətəndaşlara mənzil-istismar sahələrində və iş yerlərində həmkarlar təşkilatında paylanılıb. Bu iş nə qədər ciddi nəzarət altında aparılsa da, talon maxinasiyaları baş alıb gedib. “Görüm-baxım”la həm qeydiyyat yerindən, həm də iş yerindən talon almaq mümkün olub. Fürsətdən istifadə edən işbazlar həmin ərəfədə talon alveri ilə də məşğul olublar.

bcb060.jpg (74 KB)

Talon maxinasiyaları bununla bitməyib. Daha çox pul qazanmaq istəyənlər mətbəələrdə gizli şəkildə talon çap ediblər və saxta möhürlə həmin talonları möhürləyərək dövriyyəyə buraxıblar. Təbii ki, satıcılar böyük növbələrin yarandığı mağazalarda talonların əsl, yoxsa saxta olduğunu müəyyənləşdirmək imkanında olmayıblar.

Bir sözlə, ərzaq qıtlığı ölkəyə siyasi və sosial problem yaratmaqla yanaşı, həm də kriminal mühiti zənginləşdirib.

Ən başlıcası isə aydın olub ki, hətta siyasi böhrana səbəb ola biləcək ərzaq qıtlığını ərzaq talonları ilə aradan qaldırmaq mümkün deyil. 1980-ci illərin sonlarındakı və sonrakı hadisələrə də bunu bir daha sübut etdi.

3f9025.jpg (80 KB)

Bu gün Rusiya və Ukrayna arasında yaranmış gərginlikdə də ərzaq qıtlığı qabarıq şəkildə özünü büruzə verir. Bir tərəfdə piştaxtalar sürətlə boşalır, digər tərəfdə piştaxtalar bombalanır. Bu vəziyyət isə sonda sosial partlayışlar yarada bilər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR