İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuq havalı, isti yuvalı Şuşa, Cıdır düzündə yallı, bərpa olunan məscid və kilsə– Əməkdaşlarımız Şuşadan yazır

2239 05.10.2021 08:35 Reportaj A A

Şuşaya yollanan qrupumuz dörd nəfərdən ibarət idi: Musavat.com saytının baş redaktoru Xalid Kazımlı, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, Minval.az saytının xüsusi müxbiri Yanina Mədətova və Musavat TV-nin əməkdaşı Məğrur Salmanlı.

İndiyədək heç birimiz Şuşada olmamışdıq. Ona görə də Şuşaya səfərin doğurduğu riqqət hamımızı çulğamışdı. Üstəlik, sərbəst olacaq, şəhərin istədiyimiz yerinə baş çəkəcəkdik. Bizdən əvvəl Şuşada olanların xüsusi proqram əsasında və topluca hərəkət etdiklərindən, buna görə də bəzən diskomfort yaşadıqlarından xəbərimiz vardı. Bizə heç kim mane olmayacaqdı. Öncədən nəzərdə tutulmayan bir məqam vardı: duman. Amma bu barədə bir az sonra...

Məğrurun Alxanlıda rastlaşdığı xidmət yoldaşı – məğrur zabit

Şuşa yolunun ilk postu Füzulidə, Alxanlı kəndindədir. Burada dayandıq, sənədlərimizi təqdim etdik. Adımız Şuşaya daxil ola biləcək şəxslərin portalında vardı, narahatlıq yoxdu. Amma dəqiqləşdirmə proseduru 5-6 dəqiqə çəkdi. Maşında oturub gözləyirdik. Birdən Məğrur komendatlığın qarşısında, bizdən 5-6 metr aralıda dayanmış bazburutlu, təxminən 38-40 yaşında, mülki paltarda olan bir şəxsi göstərərək dedi: “O oğlan mənə tanış gəlir. Deyəsən, hərbi xidmətdə olanda zabitimiz olub”. Dedik, düş, tanışlıq ver, ən azı soruş ki, odurmu, o deyilmi.

466fe159-841f-412c-b6a1-464df978aca2.jpg (95 KB)

Həmin şəxs də bizə, daha dəqiqi, Məğrura baxırdı. İkinci israrımızdan sonra Məğrur maşından endi, iki kəlmə dedi: “Əmioğlu, Qazax, xidmət”. Mülki paltarlı şəxs gülümsədi. Həmin zabit idi. Keçmiş xidmət yoldaşları bir az ordan-burdan danışdılar, ötənləri xatırladılar. Məğrur etiraf etdi ki, hərbi hissədə bütün əsgərlər bu zabitdən çəkinirmiş. O, nizamnaməyə əməl edilməsini ciddi tələb edən hərbçilərdən olub. Biz maşına oturub yola davam etdik, 100-150 metr gedəndən sonra Məğrurdan soruşduq ki, bəs o zabit hara gedirdi. Məğrur “o da Şuşaya gedirdi” dedi.

İşə baxın, biz Şuşaya gedirik, Şuşa fatehlərindən biri də ora gedir və onu maşına götürmürük. Döndük, qayıtdıq. Zabiti maşına dəvət etdik, tərəddüd etdi. Necə deyərlər, Allah qismətini yetirib, bayaqdan maşın gözləyir, amma o, utanır. Dedik, bəs niyə demirsən ki, səni də aparaq, üstəlik, arada salam-əleyk, ərk-filan da var. Zabit dedi, yox, yerinizi dar eləmək istəmirdim. Təkid etdik, mindi, sıxlaşıb oturduq.

Şuşa meşəsinə buraxılan Bakı tısbağaları

Şuşa həndəvərinə çatanda az danışan zabit Elşaddan xahiş etdi ki, bir az irəlidə, meşəlik yerdə maşını 10 saniyəlik saxlasın. Elşad xahişə əməl etdi. Zabit əlindəki kiçik plastik qabı da götürüb maşından düşdü, 5-6 addım atıb, dayandı, qabın qapağını açdı, oradan nəyisə götürüb kolluğa buraxdı, 4-5 saniyə də baxıb maşına qayıtdı.

DSC05965.JPG (4.50 MB)

Təbii ki, qabdakının nə olduğu ilə maraqlandıq. “İki balaca tısbağaydı, onları bura gətirib buraxacağıma söz vermişdim”. Vəssalam. Zabitəli hərbçi susdu, ta biz də əlavə bir şey soruşmadıq.

Təxminimiz belə oldu ki, bu tısbağalar onun bu meşələrdə həlak olan döyüşçü dostuna məxsusdur, ona görə zabit onları gətirib bura buraxır – sahibinin azad etdiyi yerlərə. Ya da başqa bir məsələydi, bilmədik.

Ay duman, gəl, get, bu dağlardan, yol ver, gedək

a53f34fb-4624-4848-95f6-0e93de3ce35d.jpg (50 KB)

 

Şuşanın dağlarına qalxanda duman bizi çox pis yerdə haqladı. Şuşanın dağlarının başı dumanlı olduğunu bilirdik, amma, doğrusu, dördümüz də belə dumana ilk dəfə düşürdük. Aydın görüntü 7-8 metrdən çox deyildi. Duman hətta yaxınlaşan səsi də boğurdu. Qəfildən, bir saniyənin içində önümüzə fara işıqlarını yandırmış yük avtomobilləri çıxırdı – səssiz-səmirsiz, ağ pərdənin ardından sıçrayırmış kimi. Əgər sürücülərdən biri yoldakı ağ xəttin kənarına çıxsa toqquşma qaçılmaz olardı. Tərs kimi, Zəfər yolunda hərəkətlilik çox idi, həm də olduqca sərt eniş-yoxuşlar var.

Gərginlik içindəydik. Öz aramızda danışa-danışa 1 il öncə igid əsgərlərimizin bu yolları pay-piyada, sis-dumanda, qar-yağışda, zığ-palçıqda, meşələrin, kol-kosların içiylə, gecə-gündüz demədən irəliləyib, dağları aşıb, qayalardan dırmaşıb, güllə yağışı altında Şuşaya çıxdıqlarını xatırladıq. Həm onların nə boyda qəhrəmanlıq etdiklərini bir daha yəqin etdik, həm də necə çətinlik çəkdiklərinin bir hissəsini duyduq. Ondan sonra dumanlı, amma hamar yolla, aşağı sürətlə Şuşaya qalxmaq gözümüzə nə çətin, nə də təhlükəli görünmədi. İgidlərin canı, qanı hesabına açılmış Zəfər yolunda irəliləmək çətin deyil. Sadəcə, bir az ehtiyatlı olmaq gərəkdir.

Şuşa tikilir, bərpa olunur, dirçəldilir

Şuşada aparılan tikinti-quruculuq işlərinin necə böyük bir vüsətlə həyata keçirildiyi elə şəhərin girişindəcə hiss olunur. Mərkəzə gedən yolun sağında dərin və ensiz kanal qazılıb, ekskavatorlar işləyir. Yol kənarına döşənmiş qara borulardan aydın olur ki, şəhərdə kanalizasiya xətti yenilənir.

Ümumiyyətlə, şəhər tikinti meydançasını xatırladır. Hər tərəfdə bərpa işləri, müasir infrastruktur tikintiləri aparılır.

20211003_115057.jpg (1.05 MB)

Ötən il bu zamanlar çovumuş raket düşməsi nəticəsində bir qanadı zədələnən kilsə də bərpa olunur. Demək olar ki, hazırdır. Xatırlayırsınızsa, Ermənistan, Fransa, Hollandiya, Almaniya və başqa Avropa ölkələrinin mediasında bu kilsəyə dəyən mərmi ilə bağlı böyük hay-küy qoparılmışdı. Bunu “vandalizm aktı” adlandırırdılar. Budur, üstündən bir il keçib, amma kilsə əvvəlki kimidir. Ermənilərin Qarabağda törətdiyi vandalizm aktlarını isə bir daha bərpa etmək mümkün olmayacaq, bütöv şəhərlər, kəndlər yer üzündən silinib. Bərpa oluna biləcəkləri başa gətirməyə isə 10 ilə yaxın vaxt lazımdır.

11.JPG (6.29 MB)

Şəhərin əsas küçələri çoxdan asfaltlanıb, yollar hamar və abaddır. Fəqət eyni şeyi binalar haqqında demək olmaz. Daşı daş üstdə qalmayan Füzulidən sonra Şuşada salamat qalmış xeyli bina görənlər hesab edərlər ki, işğalçı ermənilər Şuşaya çox da toxunmayıblar. Amma elə deyil. Onlar bu şəhərdə də yüzlərlə evi dağıdıb, talan edib, yandırıblar. Onların içində tarixi binalar da olub. Sadəcə, düşmən düşünüb ki, Şuşa əbədi olaraq ona qalacaq, ona görə də ələ gələn, yararlı olacaq tikililərə toxunmasınlar, yaşamaq üçün yararlı olan binalarda yaşasınlar, sonra, şəhəri de-yure də mənimsədikdən sonra tamam-kamal məskunlaşdırsınlar.

Əlimyandıda ev satanlar ailə albomlarını qoyub qaçıblar

Şəhərdəki bir çox evlərin üstündə “Satılır” elan görmək adama qəribə gəlir. Telefon nömrələri də qoyublar.

photo_2021-10-04_14-04-13.jpg (105 KB)

Adama deyərlər, kimin evini kimə satırsan, a dığa? Bu ev sənindirmi? Zəng vurub deyəsən, nə oldu, sata bildinmi?

Bunları güman ki, hərbi əməliyyatlar başlayanda fəndgir və ütük ermənilər yazıblar, hiss ediblər ki, bu raket 1992-ci ildəki raketlərdən deyil, bu evlərin əsl sahibləri gəlirlər və gəlib buraları alacaqlar. Ona görə də onlar evləri dəyər-dəyməzinə satıb aradan çıxmaq istəyiblər. Amma onların hiss etdikləri təhlükəni, sözsüz ki, evi ala biləcək ermənilər də hiss ediblər və gecəni yatıb səhər obaşdan, şirinçay içərkən aradan çıxıblaar. Şəhərin azad olunduğu ilk günlərdə Şuşaya daxil olanlar danışır ki, soyulmuş yumurtalar, yarısı içilmiş şirinçaylar masaların üstündə qalmışdı. Təşviş içində Şuşanı tərk edən ermənilər heç ailə aldomlarını da götürməyiblər, hətta sevimli, cins it-pişikləri də. (Bir daha təsdiqlənir ki, insanlar ev heyvanları qədər sədaqətli ola bilmirlər).

Şuşanın sahibsiz, xəstə, amma sakit ev heyvanları

Şəhərin mərkəzi küçələrində qarşımıza ev heyvanları çıxırdı. Qrupumuzun üzvü, qatı heyvansevər Yanina Mədətova onları görəndə hallarına acıyırdı. Növbəti qarşılaşmada o dedi: “Bu itələri necə tərk ediblər? Hamısı cins itlərdir. Bax, aralarında pitbul da var”.

20211003_122057.jpg (720 KB)

Pitbulun aqressiv cins olduğunu və başqa cinsdən olan itlərə hücum etdiyini bildiyimizdən onun bu sərsəri dəstənin sakit üzvünə çevrilməsi qəribəydi. Görünür, amansız tale onların hamısını dərd ortağı edib. Sahibsizlik, qida çatışmazlığı, Şuşanın soyuğu, xəstəlik. İtlərin çoxu qaşınırdı. Yana onların xəstəliyini məsafədən təyin etdi. Ən qəribəsi o idi ki, bu tərk edilmiş talesiz heyvanlar insanlara yaxın gəlmir, sümsünmürdülər.

“Şuşada gecələr yanar ulduzlar”, bir də... gur işıqlar

Şuşada bir çox yerlərdə olduq. Şuşa qalasını gəzdik. Bərpaçılarla söhbətləşdik. Xan qızı Natəvanın xaraba qoyulmuş evinin həyətinə baş çəkdik.

2.jpg (28 KB)

Cıdır düzünə getdik, yallı oynadıq. Bir az içimizdən gəldi, bir az da acığa etdik. 2020-ci ilin yazında Nikol Paşinyanın Cıdır düzündə oynadığı yallı bütün xalqımız kimi bizim də cızdağımızı çıxarımışdı. Bu yallımız ona məlhəm oldu.

20211003_110933.jpg (1.21 MB)

Xüsusi razılıq alandan sonra İsa bulağına endik, su götürdük, əsgərlərin kef-halını xəbər aldıq. Heyf ki, qatı duman aydın video və fotoçəkilişlər etməyə imkan vermədi. Yalnız gecə yarısı duman qısa müddətə çəkiləndən sonra qaldığımız otelin eyvanına çıxıb şəhərə tamaşa edərkən gördük ki, şəhərdə minlərlə binada işıq yanır. Bunlar Şuşanı yenidən tikən, bərpa edən, qoruyan, işıq, su və qidayla təchiz edənlərin işığıdır. İnşallah, şuşalılar geriyə, evlərinə qayıdandan sonra Şuşa daha da işıqlı şəhər olacaq, dağın başından işıqları şölə saçacaq, sayrışacaq.

DSC05982.JPG (4.21 MB)

“Yeni Müsavat” Media Qrupunun reportyor qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR