İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanı bazarı TARIXƏ qovuşur: 2 gün vaxt verildi – REPORTAJ, FOTO, VİDEO

8439 23.06.2026 18:23 Reportaj A A


Bakının məşhur ticarət nöqtələrindən biri – Suraxanı rayonu, Əmircan qəsəbəsinin Malik Mustafayev küçəsində yerləşən, xalq arasında sadəcə “Suraxanı bazarı” kimi tanınan ərazi sökülür.

Musavat.com-un əməkdaşı hadisə yerindən xəbər verir ki, uzun illər minlərlə insanın ruzi mənbəyinə çevrilən bu məkan indi demək olar ki, tanınmaz haldadır. Səs-küylü piştaxtaların yerini söküntü texnikasının səsi, illərlə qurulan ticarət obyektlərinin qalıqları və təlaş içində mallarını toplamağa çalışan satıcıların qayğılı baxışları alıb.

Əslində, Suraxanı bazarının tarixi 2000-ci ilin əvvəllərinə təsadüf edir. SSRİ-nin dağılmasından sonra paytaxtın ətraf qəsəbələrində kortəbii şəkildə formalaşan, sonradan isə yerli sakinlərin əsas ərzaq və sənaye malları mərkəzinə çevrilən bazar, rəsmi və qeyri-rəsmi olaraq 26 ildir fəaliyyət göstərirdi. Suraxanı dairəsinə yaxınlığı, Əmircan, Bülbülə və Yeni Suraxanı qəsəbələrinin kəsişməsində yerləşməsi buranı hər zaman gediş-gəlişli edirdi.

Bazarın sökülməsinə rəsmi səbəb kimi onun strateji və təhlükəli bir zonada – dəmir yolu xəttinin düz yaxınlığında yerləşməsi göstərilir. Qeyd edək ki, bu xətt sıradan bir rels deyil. Bura vaxtilə (1926-cı ildə) keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti olan məşhur Bakı-Sabunçu-Suraxanı xəttinin davamıdır.

Son illər paytaxtın nəqliyyat infrastrukturunun yenilənməsi, xüsusilə Bakıətrafı qəsəbələrə sərnişin qatarlarının hərəkətinin bərpası və intensivləşməsi bu təhlükəni yenidən gündəmə gətirib. Qatar relslərinin bir neçə metrliyində piştaxta qurmaq, həm satıcıların, həm də alıcıların həyatını birbaşa riskə atırdı. Dövlət qurumlarının qərarı qətidir: “Dəmir yolu mühafizə zolağında yerləşən bütün obyektlər sökülməlidir. Çünki təhlükəlidir!”

Bazarda böyük bir canfəşanlıq və həm də kədər var. İllərini buraya verən insanlar indi gələcək talelərinin necə olacağını düşünürlər. 2000-ci ildən bəri burada çalışan, ömrünün dörddə birini bu piştaxta arxasında keçirən satıcılardan biri hisslərini gizlədə bilmir: “2000-ci ildən burada çalışıram, əlbəttə, bir yandan pis oldum. Çünki öyrəşmişdik, neçə illərdir çörək pulumuz buradan çıxırdı. Buranın hər küncü doğmadır bizə. Amma digər tərəfdən, bizi küçədə qoymurlar, Ramanaya köçürəcəklər. Bizə cəmi iki gün vaxt verilib. İndi əlimizdə qalan malları maya dəyərinə, ucuz qiymətə satırıq ki, yüklərimiz azalsın, buradan çıxa bilək”.

Bir az irəlidə, geyim əşyaları satan digər bir satıcı isə nisbətən nikbindir. O, dövlət tərəfindən onlara alternativ yer təklif olunduğunu bildirir: “Bizə buradan bir az aralı yerdə artıq yeni yerlər təklif edilib. Şəraitin orada necə olacağını zaman göstərəcək, amma əsas odur ki, alverimizi davam etdirə biləcəyik. Təhlükəsizlik məsələsidirsə, sözümüz yoxdur, can şirindir”...

Afaq Mirayiq,
Foto-video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR