Azərbaycanda autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, son beş ildə tibb müəssisələrində 13 mindən çox şəxsə autizm sindromu diaqnozu qoyulub. Xüsusilə uşaq autizmi üzrə qeydiyyatda olanların sayı 2021-ci illə müqayisədə iki dəfədən çox artaraq 2025-ci ildə 3533 nəfərə çatıb. Mütəxəssislər bu artımın səbəbləri ilə bağlı fərqli yanaşmalar irəli sürürlər. Bir tərəfdən diaqnostikanın təkmilləşməsi və valideynlərin maariflənməsi daha çox uşağın vaxtında aşkar edilməsinə imkan yaradırsa, digər tərəfdən autizm hallarının həqiqətən artıb-artmaması da müzakirə mövzusudur.

Bəs bu artım həqiqətən autizm hallarının çoxalması ilə bağlıdır, yoxsa diaqnostikanın yaxşılaşmasının nəticəsidir? Autizmin yaranmasına təsir edən əsas risk faktorları hansılardır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a bildirib ki, son illər autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayında artım müşahidə olunması müəyyən mənada məntiqli görünür: “Düzdür, autizm polietioloji mənşəli bir vəziyyətdir və onun yaranmasına səbəb olan konkret etioloji amil hələ də tam müəyyən edilməyib. Lakin hesab olunur ki, bir sıra amillər bu prosesdə mühüm rol oynayır. Bunlara ilk növbədə ətraf mühitdə baş verən mənfi dəyişikliklər, ekoloji problemlər, qidalanma vərdişlərinin dəyişməsi, xüsusilə qida rasionuna ənənəvi olmayan və sərbəst radikallarla zəngin məhsulların daxil olması, genetik faktorlar və gen mutasiyaları, eləcə də hamiləlik dövründə keçirilən müxtəlif xəstəliklər, o cümlədən virus infeksiyaları daxildir. Sadalanan bütün bu amillər autizm spektr pozuntusunun yaranması və gedişində müəyyən rol oynaya bilər".
Professor qeyd edub ki, autizmli uşaq dünyaya gələn kimi müəyyən etmək mümkün olmur, çünki həyatın ilk aylarında bu pozuntu özünü aydın şəkildə göstərmir: "Uşağın sosiallaşma prosesi əsasən bir yaşdan sonra başladığı üçün autizmin ilkin əlamətləri də məhz bu dövrdə üzə çıxmağa başlayır. Məhz buna görə erkən müşahidə, valideynlərin diqqətli olması və vaxtında mütəxəssisə müraciət etməsi böyük əhəmiyyət daşıyır”.

Onu da qeyd edək ki, autizmin ilk əlamətləri adətən həyatın ilk ilinin sonuna doğru, xüsusilə 12-18 aylıq dövrdə özünü göstərməyə başlayır. Uşaq adına reaksiya vermirsə, göz təması qurmaqdan yayınırsa, jest və mimikalardan az istifadə edirsə, valideynlərlə ünsiyyət qurmağa maraq göstərmirsə, nitq inkişafında gerilik müşahidə olunursa və ya eyni hərəkətləri davamlı şəkildə təkrarlayırsa, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır. Bəzi uşaqlarda bu əlamətlər daha erkən, bəzilərində isə 2-3 yaş dövründə daha aydın şəkildə üzə çıxır.
Mütəxəssislərin fikrincə, autizmdə ən vacib məsələ erkən diaqnoz və vaxtında reabilitasiyadır. Həmçinin bildirilir ki, Azərbaycanda autizmin diaqnostikası və reabilitasiyası sahəsində son illər müəyyən irəliləyişlər olsa da, hələ də həllini gözləyən problemlər qalmaqdadır. Xüsusilə regionlarda uşaq psixiatrları, klinik psixoloqlar, loqopedlər və davranış terapevtlərinin sayının az olması, erkən müdaxilə xidmətlərinin hər kəs üçün əlçatan olmaması, terapiya xidmətlərinin yüksək maliyyə yükü yaratması bir çox ailələrin vaxtında dəstək almasına mane olur.
Mütəxəssislər qeyd edirlər ki, valideynlərin yol verdiyi ən böyük səhvlərdən biri uşağın inkişafındakı geriliyi "böyüyəndə düzələr", "oğlan uşağı gec danışar", "hələ balacadır" kimi fikirlərlə izah etmələri və mütəxəssisə müraciəti gecikdirmələridir.
Xalidə Gəray
Musavat.com






