İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada hansı qərarlar veriləcək? - Ekspert Lavrov-Bayramov görüşünü şərh edir

769 15.07.2026 21:33 Dünya A A

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Moskvada rəsmi səfərdə olacaq.

Politoloq Elmira Talıbzadə hesab edir ki, bu səfər uzun müddət davam edən gərginlikdən sonra siyasi dialoqun bərpasına yönəlmiş ilk ciddi addımlardan biri kimi qiymətləndirilə bilər. Musavat.com-a açıqlamasında politoloq qeyd edib ki, son aylarda Moskva Bakı ilə münasibətlərin bərpasında maraqlı olduğunu müxtəlif diplomatik kanallar vasitəsilə nümayiş etdirib:

“Bu kontekstdə Rusiya XİN rəhbərliyinin Azərbaycanın Rusiyadakı səfiri ilə keçirdiyi müntəzəm görüşləri, ikitərəfli münasibətlərin strateji xarakterinin qorunmasının vacibliyi ilə bağlı verilən açıqlamaları və Azərbaycan xarici işlər nazirinin Moskvaya gözlənilən səfərini qeyd etmək olar. Lakin bu proseslərə daha geniş geosiyasi kontekstdə baxmaq lazımdır. Son illər Rusiya postsovet məkanında əvvəlki onilliklərdə malik olduğu diplomatik manevr imkanlarının əhəmiyyətli hissəsini obyektiv olaraq itirib. Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin xarici siyasəti daha müstəqil xarakter alıb, regionda yeni güc mərkəzləri formalaşıb, xarici aktorlar arasında rəqabət artıb və Moskvanın eyni vaxtda bütün istiqamətlər üzrə təsir imkanları əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşıb. Bundan əlavə olaraq, digər aktorların regiona olan maraqları da artıb (ABŞ, Aİ, müxtəlif sahələrdə layihələr, təkliflər və s.). Belə bir şəraitdə Azərbaycanla münasibətlərin də pisləşməsi Rusiyanın xarici siyasəti baxımından ən uğursuz qərarlardan biri oldu. Məlumdur ki, bu gün Azərbaycan Avrasiyanın yeni nəqliyyat və logistika arxitekturasının əsas iştirakçılarından biridir. Orta Dəhliz, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihələr Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. Eyni zamanda Bakı müstəqil, balanslaşdırılmış və çoxtərəfli xarici siyasət kursu həyata keçirərək regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirib. Məhz buna görə də hesab edirəm ki, bu gün Moskvada Azərbaycanla münasibətlərin daha da gərginləşdirilməsinin Rusiyanın milli maraqlarına cavab vermədiyi anlayışı formalaşıb. Bu baxımdan Rusiya diplomatiyasının münasibətlərin gələcək normallaşması üçün ən azı ilkin zəmin yaratmaq məqsədilə maksimum mümkün, bəlkə də bəzi hallarda qeyri-standart addımlar atmağa çalışacağını gözləmək olar”.

E.Talıbzadənin fikrincə, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından əvvəl mövcud olmuş Azərbaycan-Rusiya münasibətlər modelinə yaxın perspektivdə qayıdış artıq mümkün görünmür:
“Belə hadisələr dövlətlərarası etimada uzunmüddətli təsir göstərir və onun bərpası yalnız diplomatik təmaslarla deyil, həm də konkret siyasi qərarlar və praktik addımlarla mümkündür. Buna isə vaxt lazımdır. Azərbaycan üçün münasibətlərin normallaşması yalnız rəsmi səfərlər və diplomatik jestlərlə ölçülmür. Bunun əsasını qarşılıqlı etimadın bərpası, dövlətlərin suverenliyinə hörmət və münasibətlərdə yaranmış problemlərin aradan qaldırılması təşkil etməlidir. Buna görə də hazırda tam normallaşmadan deyil, yalnız yeni siyasi dialoq mərhələsinin başlanmasından danışmaq olar”.

Politoloq hesab edir ki, görüşün gündəliyi kifayət qədər geniş olacaq:
“İlk növbədə Moskva ikitərəfli münasibətlərin sabitləşdirilməsində maraqlıdır. Rusiya Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşlarından biri hesab edir və regionda formalaşan yeni təhlükəsizlik və geosiyasi reallıqlar fonunda Bakı ilə dialoqu qorumağa çalışacaq. İkinci mühüm istiqamət isə əlbəttə ki, iqtisadi əməkdaşlıq olacaq. Son aylarda siyasi gərginliyə baxmayaraq, iqtisadi münasibətlər öz dayanıqlılığını qoruyub saxlayır. Maraqlı faktdır ki, 2024-cü ilin yekunlarına əsasən, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dollarını ötüb, bu isə əvvəlki illə müqayisədə təxminən 10-11 faiz artım deməkdir. Rusiya Azərbaycanın ən böyük üç ticarət tərəfdaşından biridir və qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarlarından biri olaraq qalır. Bundan əlavə, Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 7-8 milyard ABŞ dolları, Azərbaycanın Rusiyaya yatırdığı investisiyalar isə 1 milyard dollardan artıqdır (!). Azərbaycanda 1400-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əlaqələrin kifayət qədər dərin olduğunu göstərir. Gündəmdə duran digər vacib məsələ Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi olacaq. Bundan başqa, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, regional kommunikasiyalar, çoxtərəfli əməkdaşlıq formatları, humanitar və konsulluq məsələlərinin də müzakirə olunacağı istisna deyil. O ki qaldı Azərbaycanın qaldıracağı məsələlərə, fikrimcə, ilk növbədə, əsas məqsəd münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilməsidir. Azərbaycan bütün qonşuları ilə olduğu kimi, Rusiya ilə də sabit və proqnozlaşdırılan münasibətlərdə maraqlıdır. Lakin Bakı eyni zamanda öz milli maraqlarına da eyni səviyyədə hörmət göstərilməsini gözləyir. Digər istiqamət isə Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyinin daha da gücləndirilməsidir. Bu gün Azərbaycan həm Orta Dəhlizdə, həm Şimal–Cənub marşrutunda, həm də digər regional layihələrdə əsas tranzit ölkələrdən biri kimi çıxış edir ki, bu da həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına cavab verir. Eyni zamanda Azərbaycanın Rusiyadan tamamilə əsaslı və ədalətli gözləntiləri mövcuddur. Azərbaycan hətta mövcud gərginliyə baxmayaraq, Rusiyanın Ermənistana ixrac etdiyi məhsulların Azərbaycan ərazisi vasitəsilə tranzitinə imkan yaratmaqla iqtisadi əməkdaşlığa praqmatik yanaşmasını nümayiş etdirir. İlk növbədə söhbət qarşılıqlı etimadın bərpasından gedir. Strateji münasibətlər yalnız qarşılıqlı hörmət, proqnozlaşdırıla bilən siyasət və bir-birinin milli maraqlarının nəzərə alınması əsasında mümkündür.

Azərbaycan Rusiyadan öz dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsini, daxili işlərə müdaxilə edilməməsini, eləcə də münasibətlərdə yaranmış böhranı doğuran məsələlərə obyektiv və şəffaf yanaşmanı gözləməkdə tam haqlıdır. Bununla yanaşı, Bakı ikitərəfli əməkdaşlığın gələcəkdə də qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirilməsində maraqlıdır. İqtisadiyyat, nəqliyyat, energetika, investisiyalar və humanitar əlaqələr siyasi fikir ayrılıqlarına baxmayaraq, böyük əməkdaşlıq potensialına malik sahələr olaraq qalır. Ümumilikdə, bu səfər tərəflərin münasibətləri böhran mərhələsindən praqmatik əməkdaşlıq mərhələsinə keçirmək niyyətinin mühüm göstəricisi olacaq. Lakin yaxın perspektivdə əvvəlki etimad səviyyəsinin tam bərpa olunacağını gözləmək real olmazdı. Ən yaxşı halda gələcək normallaşmanın təməli qoyula bilər. 2024-cü ilin dekabrına qədər mövcud olmuş strateji tərəfdaşlıq modelinə qayıdışın yaxın perspektivdə mümkün olacağına inanmaq üçün isə hələ kifayət qədər əsas yoxdur”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR