İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK analiz: ABŞ-nin xaotik diplomatiyası Pekinə fürsət yaradır

376 21.01.2026 15:43 Dünya A A

Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ prezidenti Donald Trampın müttəfiqlərlə gərginlik yaratması Pekin üçün yeni diplomatik imkan pəncərəsi açıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalının analitiki Simona Makkartinin yazısında bəhs olunub.

Müəllifin sözlərinə görə, Trampın Qrenlandiya ilə bağlı tələbləri, tarif hədələri və Avropa liderləriylə şəxsi yazışmaları ictimailəşdirməsi fonunda Çin özünü daha sakit və çoxqütblü dünya düzəninin tərəfdarı kimi göstərməyə çalışıb.

ABŞ prezidenti Davosa gəlməyə hazırlaşdığı saatlarda Çinin baş nazirinn müavini He Lifenq tribunaya çıxaraq Pekinin “ümumi gələcək icması” ideyasını dəstəklədiyini və çoxtərəflilikdən geri çəkilmədiyini vurğulayıb:

“Biz parçalanma və qarşıdurma deyil, konsensus və əməkdaşlıq üzərində dayanırıq və dünyada yaranan ortaq problemlər üçün Çin həllərini təklif edirik”.

“Pekinin ritorikası əvvəlki illərdə səsləndirilən xətdən fərqlənmir: Çin özünü ABŞ-nin qeyri-stabil addımlarına qarşı daha etibarlı, dövlətlərarası qaydaları qoruyan aktor kimi təqdim edir. Çin lideri Si Cinpin uzun müddətdir mövcud dünya nizamının ABŞ və müttəfiqlərinin maraqları əsasında qurulduğunu iddia edir və alternativ model təklif etməyə çalışır.

Bununla yanaşı, Pekin artıq hesab edir ki, qlobal qüvvələr balansında əlavə güc toplamağa çalışmağa ehtiyac yoxdur: Vaşinqtonun öz müttəfiqlərini itirməsi prosesin bir hissəsini avtomatik yerinə yetirir”, - deyə Makkarti bildirir.

Müəllifin təsbit etdiyi kimi, yanaşmanın siyasi nəticələri Davosda açıq görünürdü. Trampın Qrenlandiyanın alınması ilə bağlı davam edən tələbləri, müxalif Avropa ölkələrinə tarif hədələri və NATO mexanizminə yönəlmiş təzyiqləri ABŞ alyans sisteminin davamlılığına dair suallar doğurub - bu isə Pekinin uzun müddət arzuladığı geosiyasi mənzərənin formalaşmasına xidmət edir.

Kanada baş naziri Mark Karninin Davosda etdiyi çıxış da bunun nümunəsi oldu. Karni “ABŞ hegemonluğunu” qismən “uydurulmuş qaydalar sistemi” kimi təsvir edərək bunun artıq işləmədiyini sözləyib. Onun Pekinlə münasibətləri yumşaltması da diqqət çəkib.

ABŞ-nin ən yaxın müttəfiqlərindən bəziləri də eyni istiqamətdə hərəkətə keçiblər. Böyük Britaniyanın baş naziri Kir Starmer Pekinlə yeni diplomatik kanallar açmağa çalışır və London hökuməti Çinin paytaxtda böyük səfirlik kompleksi tikməsinə icazə verib.

Makkartiyə görə, bu proseslər Qərbdə həmişə tam razılıqla qarşılanmır. Çinlə yaxınlaşma son illərdə Tayvan ətrafındakı gərginlik, Pekinin Asiyada sərt siyasəti və iqtisadi təsir alətləri səbəbilə riskli hesab olunur. Lakin ABŞ-dən gələn təhlükəsizlik və ticarət siqnalları Avropanı və Kanadanı balans axtarışına məcbur edir.

Çinin qlobal ticarətdə əldə etdiyi üstünlük də bu siyasəti möhkəmləndirir. Pekin hazırda ildə 1,2 trilyon dollarlıq ticarət profisiti ilə dünya bazarlarında əksər ölkələrin sənaye sektorları üçün əsas rəqibə çevrilib. Fransa prezidenti Emmanuel Makron Davosda çıxışında buna toxunsa da, NATO ilə bağlı müzakirələr bir çox iqtisadi narahatlıqları ikinci plana keçirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR