Yaxın Şərqdə ABŞ-la İran arasında mümkün razılaşma və sülh memorandumunun imzalanması müzakirə olunduğu bir vaxtda bölgədə vəziyyəti yenidən alovlandıra biləcək son dərəcə təhlükəli məlumat yayılıb.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin İraqdakı səkkiz müxtəlif mənbəyə istinadən yaydığı məlumatda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqda yeni gizli silahlı qruplar yaratdığı iddia olunur.
Mənbələrin sözlərinə görə, həmin qrupların əsas məqsədi ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə dron hücumları təşkil etməkdir.
Məlumata görə, hər biri təxminən 10 nəfərdən ibarət olan 3-4 gizli hüceyrə 20 aprel–17 may tarixləri arasında İraqın cənubundakı Bəsrə və əs-Səmavə ərazilərindən Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ istiqamətində ən azı yeddi dron əməliyyatı həyata keçirib. Reuters-in mənbələri bu qrupların birbaşa SEPAH-a bağlı olduğunu və ənənəvi şiə silahlı qruplarından ayrıca fəaliyyət göstərdiyini bildirirlər.
Bu məlumatın ən diqqətçəkən tərəfi onun zamanlamasıdır. Çünki son günlər Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın əldə olunması, Hörmüz boğazının yenidən açılması və regionda gərginliyin azaldılması istiqamətində intensiv danışıqlar aparıldığı bildirilir. ABŞ və İran nümayəndələrinin sülh sənədinə yaxın olduqları barədə açıqlamalar fonunda belə bir fəaliyyətin üzə çıxması prosesin gələcəyini sual altına qoyur.
Ekspertlər hesab edirlər ki, əgər "Reuters"in məlumatı təsdiqlənərsə, bu, təkcə ABŞ-İran münasibətlərinə deyil, bütün Körfəz regionunun təhlükəsizliyinə ciddi zərbə vura bilər.
Xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin yenidən hədəfə çevrilməsi böyük regional qarşıdurma riskini artırır. Son aylarda İranla bağlı gərginliklər səbəbindən Körfəzdə neft nəqli, enerji infrastrukturu və Hörmüz boğazı ətrafında artıq bir neçə təhlükəli insident yaşanıb.
Siyasi müşahidəçilərin fikrincə, sülh prosesinin ən həssas mərhələsində baş verən belə hücumlar və ya onların təşkili ilə bağlı iddialar danışıqların tamamilə iflasına, yeni hərbi əməliyyatlara və enerji bazarlarında növbəti şoka səbəb ola bilər. Körfəzdə vəziyyət yenidən nəzarətdən çıxarsa, bunun nəticələri təkcə region üçün deyil, dünya iqtisadiyyatı üçün də ağır ola bilər.
Musavat.com






