İnsanlara hürriyət, millətlərə istiqlal!

Seliverstov: Azərbaycanın suverenliyi və təhlükəsizliyi "qırmızı xətt"dir

2135 05.03.2026 18:14 Dünya A A

İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumları regionda ciddi narahatlıq doğurub. Hücumların beynəlxalq hüquq və regional təhlükəsizlik baxımından ağır nəticələrə səbəb ola biləcəyi vurğulanır.

Musavat.com xəbər verir ki, bunu “Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov bildirib.

Onun sözlərinə görə, İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində dron zərbələrinin endirilməsi qətiyyətlə pislənilməlidir və bu hadisə təkcə iki dövlət arasındakı münasibətlərə deyil, bütövlükdə regionda təhlükəsizlik və sabitliyə qarşı yönəlmiş açıq təxribat kimi qiymətləndirilməlidir. Seliverstov qeyd edib ki, hücumların mahiyyəti və nəticələri nəzərə alınarsa, bu hadisə mülki obyektlərin və mülki vətəndaşların təhlükəsizliyini hədəfə aldığı üçün terror xarakterli akt kimi dəyərləndirilə bilər.

O bildirib ki, dövlət sərhədinin pozulması və mülki infrastruktura qarşı dron zərbələrinin endirilməsi beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. Hüquq müdafiəçisi vurğulayıb ki, baş vermiş hadisəyə görə bütün siyasi və hüquqi məsuliyyət tam şəkildə İran İslam Respublikası üzərinə düşür. Onun sözlərinə görə, hər hansı dövlətin ərazisindən digər dövlətin ərazisinə silahlı vasitələrlə hücum həyata keçirilməsi beynəlxalq hüquqa görə açıq şəkildə qadağandır.

Seliverstov əlavə edib ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan istiqamətində dron zərbəsi endirilməsi mövcud rejimin region siyasətində nümayiş etdirdiyi qeyri-məsuliyyətli və ziddiyyətli yanaşmanın növbəti təzahürüdür. Onun fikrincə, bu addım siyasi uzaqgörənliyin deyil, əksinə, strateji qeyri-stabil davranışın göstəricisidir və mülki infrastruktura qarşı belə hücumlar nə hərbi baxımdan əsaslandırıla, nə də beynəlxalq hüquq çərçivəsində qəbul edilə bilər.

Hüquq müdafiəçisi bildirib ki, mülki obyektlərin və dinc insanların təhlükəsizliyinin risk altına atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir və bu cür addımlar beynəlxalq məsuliyyət yaradır. Onun sözlərinə görə, Azərbaycan dövləti isə uzun illərdir regionda sabitlik və mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt üçüncü tərəflər tərəfindən İrana qarşı istifadə edilməyib və edilməyəcək.

Seliverstov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş verən faciəli hadisələr zamanı humanist və diplomatik baxımdan son dərəcə korrekt mövqe nümayiş etdirib və bu, dövlətlərarası münasibətlərdə siyasi mədəniyyətin nümunəsi hesab oluna bilər.

Onun sözlərinə görə, belə bir fon üzərində İran ərazisindən Naxçıvana qarşı dron hücumunun həyata keçirilməsi yalnız siyasi təxribat deyil, həm də regionda gərginliyin şüurlu şəkildə artırılması cəhdidir. Seliverstov həmçinin bildirib ki, İran daxilində yaşayan milyonlarla azərbaycanlı uzun illərdir müxtəlif formalarda təzyiq və diskriminasiya ilə üzləşir. Azərbaycanlı fəalların təqib olunması, hüquqlarının məhdudlaşdırılması və ictimai fəaliyyətlərinə görə cəzalandırılması artıq beynəlxalq hüquq müdafiə təşkilatlarının da diqqət mərkəzindədir.

O vurğulayıb ki, Azərbaycan tərəfi regionda sabitliyin tərəfdarıdır. Lakin dövlətin suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyi hər şeydən üstündür.

“Beynəlxalq hüquqa əsasən, hər bir dövlət özünü müdafiə etmək hüququna malikdir. Buna görə də Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu cür hücum aktlarının cavabsız qalması mümkün deyil. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş addımlar gec-tez həmin addımları atan tərəf üçün ciddi siyasi nəticələr doğurur”, – deyə Seliverstov bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR