İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan “U dönüşü”: Kreml sülh variantına Bakının xeyrinə düzəliş edir?

2476 28.07.2023 10:55 Siyasət A A

 

Moskvanın ziddiyyətli davranışlarına ekspertlərdən ilginc reaksiyalar; şimal qonşumuz hələlik Laçın yolu istiqamətində hazırlanmış “karvan tamaşası”na da sükutla yanaşır; təhlilçilər deyir ki...

İyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündən öncə yaşanan bir olay hələ də analıtiklərin diqqətindədir. Söhbət Rusiya XİN başçısı Sergey Lavrovun köməkçisinin öz şefinə etdiyi xəbərdarlıqdan gedir.

Qeyd edək ki, köməkçi Lavrovun qulağına “keçmiş DQMV” ifadəsinin azərbaycanlıların (Azərbaycan nümayəndə heyətindən söhbət gedir - red.) xoşuna gəlməyəcəyini pıçıldamışdı. Mikrofon açıq qaldığı üçün bu tövsiyə əməllicə rezonans doğurdu.

Maraqlıdır ki, həmin xəbərdarlıqdan sonra Lavrov bir dəfə də olsun nəinki “keçmiş DQMV”, hətta “Dağlıq Qarabağ” sözündən də istifadə etməyib. Üçtərəfli görüşdən sonra mətbuata geniş açıqlamasında da Rusiya XİN rəhbəri Qarabağın adını dəfələrlə çəkməsinə rəğmən, “dağlıq” sözünü işlətməyib. Bu, yekun videodan da görünür.

Amma qəribədir, Rusiyanın dövlət agentlikləri və təbii ki, erməni mediası Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə ediblər və “Dağlıq Qarabağ” yazıblar. Erməni KİV-lərinin saxtakarlıqlarına biz çoxdan öyrəncəliyik. Bəs Rusiyanın dövlət agentlikləri? Onların yersiz “düzəlişi” ilə bağlı (rəsmi) Bakıdan etiraz olacaqmı? Hələlik bununla bağlı rəsmi məlumatı gözləyirik...

Onu da qeyd edək ki, Moskva görüşü ərəfəsində Rusiya Dövlət Dumasının bəzi deputatlarının da yer aldığı anti-Azərbaycan kampaniyasına start verilmişdi. Bu mənada Dövlət Dumasının üzvü Pyotr Tolstoyun təxribatçı çıxışı kəskin etirazlar doğurdu və kifayət qədər əsaslandırılmış şəkildə cavabı verildi. Jirinovski ölsə də, onun anti-Azərbaycan mövqeyini “əxz eləyib”, vaxtaşırı ermənilərin çaldığı havaya oynayan rusiyalı rəsmiləri də müşahidə edirik. Hətta bəzən Rusiya XİN-in sözçüsü səviyyəsində Laçın yolu, yaxud “blokada” ilə bağlı yersiz ifadələr səslənir. Eyni zamanda Türkiyənin bölgədə oynadığı rolu görməzdən gəlməyə çalışanları müşahidə edirik. Bütün bunlar Rusiyanın ənənəvi siyasətinin tərkib hissəsidir.

Amma S.Lavrovun Moskva görüşü zamanı kifayət qədər korrekt davranmağa cəhd göstərməsi də diqqət çəkir. Bir daha xatırladaq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, Qarabağ iqtisadi rayonu var. “Azərbaycan və Ermənistanda əsl fırtına Sergey Lavrov tərəfindən yaradıldı. Danışıqlar zamanı köməkçisi Lavrova yaxınlaşaraq ondan xahiş edib ki, "DQMV" ifadəsini işlətməsin, çünki bu, Azərbaycanın xoşuna gəlmir".

Şuşa Bəyannaməsi qaliblərin imzaladığı sənəddir” - Sergey Markov

 Sergey Markov

Bunu rusiyalı tanınmış politoloq Sergey Markov deyib. “Mikrofon açıq idi. Lavrov mikrofonu söndürdu və DQMV" ifadəsini işlətmədi. İndi bütün erməni sosial şəbəkələri qışqırır ki, Rusiya Azərbaycanın yanındadır. Onlar deyirlər ki, erməni Qarabağı dumanda yoxa çıxır və onunla vidalaşa bilərlər. Azərbaycan sosial şəbəkələri isə həvəslə Rusiyanı tərənnüm edir və deyirlər ki, nizamlanmada əsas ABŞ və ya AB deyil, məhz Rusiya olmalıdır", - o bildirib.

Vəziyyət doğrudanmı belədir? Demək olarmı ki, Rusiya Bakının xeyrinə “U dönüşü” edib?

Bu yerdə əlavə qeydlərimizi də edək. Məlumdur ki, rəsmi Moskva keçən ilin yayında tərəflərə öz xüsusi nümayəndəsi İqor Xovayev vasitəsilə sülh müqaviləsi variantını təklif etmişdi. Həmin variantın 15-ci bəndində “Dağlıq Qarabağ məsələsinin gələcəyə saxlanması” nəzərdə tutulurdu. İrəvan bunu dərhal qəbul, Bakı isə təbii ki, rədd etdi. Bəs Moskva? O da, nəhayət, imtina edibmi, əgər Lavrov artıq “Dağlıq Qarabağ” ifadəsi işlətmirsə?

Yaxud Rusiyanın sülh variantında hansı düzəlişlər var? Sergey Lavrovun üçlü görüşdən sonrakı açıqlaması bu xüsusda nikbinliyə əsas yaradırmı?

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Rusiyanın U dönüşü edəcəyi, 180 dərəcə dönüb, addımlar atacağı ilə özümüzü aldatmamalıyıq: “Amma Kremlin mövqeyində müəyyən yumşalmalar var, bu da Azərbaycanın gücünün artması ilə bağlıdır. Rusiya yalnız güc qarşısında geri çəkilə bilər. Bir şeyi bilməliyik ki, Ermənistanda Rusiya və ABŞ tərəfliləri var və onlar istənilən hadisə, deyilən sözdən əks tərəfi vurmaq üçün istifadə edirlər. Lavrovun bir sözü ilə Ermənistanda yaradılan ajiotaj da bu qəbildəndir. Biz detalları, xırda nüansları deyil, əsas məsələni diqqətdə saxlayaq.

Lavrov bildirdi ki, Rusiya regionda sülhün və sabitliyin bərqərar olmasına çalışır. Bunu Lavrovun və təmsil etdiyi ölkənin növbəti riyakarlığı kimi qəbul edə bilərik. Rusiya sülhməramlılarının regionda nə ilə məşğul olduqları hər kəsə bəllidir, Rusiya XİN-in son anti-Azərbaycan bəyanatı da məlumdur. Ona görə də biz Rusiyanın “kobud güc amili”ni nəzərə almalı, amma onun obyektiv mövqedən çıxış edəcəyi, Azətbaycana rəğbət bəsləyəcəyi ilğımı ilə özümüzü aldatmamalıyıq".

Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir” - Akif Nağı

Akif Nağı

Akif Nağı Ermənistanın son təxribatının - Laçın yoluna göndərdiyi yük maşınları ilə bağlı siyasi şounun arxasında hansı qüvvələrin dayanmasından da bəhs etdi: “İrəvandan 19 yük maşınının, Xankəndinə guya yardım gətirməsi təxribatdan başqa bir şey deyil, eyni zamanda Paşinyanın ikiüzlülüyünü bir daha göstərir. Bir tərəfdən deyir ki, Qarabağ erməniləri vəziyyətdən özləri çıxsınlar, digər tərəfdən də onlara bu cür "yardım" göndərir".

Partiya sədrinin sözlərinə görə, əslində bu, onun qərarı deyil, birmənalı olaraq Rusiyanın təşəbbüsüdür: “Kreml bölgədə qalmaq üçün yüz oyundan çıxır. Bu da onların növbəti oyunudur. Prezidentin köməkçisi Hikmət Hacıyev "oyun bitdi" mesajını verdi. Məncə, bu, Rusiyaya ünvanlanıb. “Gönüqalınlar” üçün yaxşı mesajdır. Başa düşsələr, hər şey yaxşı olacaq. Başa düşməsələr, özləri pis durumla üzləşəcəklər".

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrovun “DQMV” və “Dağlıq Qarabağ” sözünü işlətməməsi, Kremlin də geosiyasi reallıqları qəbul etdiyini göstərir: “Çünki Moskva əvvəlki siyasətini davam etdirərsə, rəsmi Bakı ilə münasibətləri pozacaq. Azərbaycan da bütün ölkələrdən məhz bunu tələb edir. Keçmiş DQMV və Dağlıq Qarabağ ifadəsi yoxdur. Azərbaycan bunu rəsmən qadağan edib. Bu, Azərbaycanın rəsmi mövqeyidir. Hər bir dövlətdə, Rusiyada bununla hesablamalıdır. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın anti-Rusiya siyasəti, KTMT çıxmaq və Roma statusunu qəbul etməsi, Kremlin Ermənistana siyasətini dəyişib.

Buna baxmayaraq, görürük ki, Rusiya Cənubi Qafqazda Azərbaycan güclənir və Azərbaycanla daha məqbul variantla əməkdaşlıq etmək lazımdır. Yeni geosiyasi nizam tam fərqlidir. Rusiya 20-ci əsr siyasətini davam etdirərsə, bu qəbul edilməyəcək. İqor Xovayevin təklif etdiyi plan, əlbəttə, qəbuledilməzdir".

M.Əsədullazadənin gözləntisi var ki, Moskva bədnam planlarından əl çəkmək məcburiyyətində olacaq: “Azərbaycan heç vaxt Qarabağla bağlı qanunsuz təklifləri qəbul etməyəcək. Kreml bunu anlayacaq. Düşünürəm ki, Rusiya Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyə bilər. Dəstəkləməsə, Cənubi Qafqazdan çıxmalı olacaq. Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi informasiyalara gəldikdə isə, biz bilirik Kremlin göstərişi olmasa, mətbuat bunu etməz. Bu, Rusiya ilə Azərbaycan arasında mövcud olan müqavilələrə ziddir. Düşünürəm ki, Rusiya mətbuatı Azərbaycanla bağlı əks-təbliğata son verməlidir. Əgər bunu etməsə, Azərbaycan Rusiyaya nota verməlidir. Rusiya artıq regionda yad bir ölkədir. Moskva görüşündən sonra Rusiya təşəbbüsündə obyektivliyi qoruyub saxlaya bilərsə, Moskva üçün müsbət perspektiv görsənir. Amma Kreml ağıllı strateq deyil, ona görə də onların bu mövqeyi də dəyişə bilər”.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü Rusiyanın regionda mövqeyinin gücləndirilməsinə yönəlmişdi: “Görüşdə Lavrovun mikrofonunun açıq qalması həm də Azərbaycanın "qırmızı cizgi"lərini nümayiş etdirdi. Bu həm də onu göstərir ki, bir müddət öncə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının informasiya bülletenlərində “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinə qarşı Bakının təpkisi artıq öz bəhrəsini verir".

İ.Hüseynov Azərbaycan dövlətinin prinsipial mövqeyini xatırlatdı: “Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar kontekstində Prezident İlham Əliyevin fərmanı ilə işğaldan azad olunan ərazilərdə Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonları yaradıldı. Bu səbəbdən də toponimlərə həssas yanaşmamız müşahidə olunur. Keçmişlə bağlı hər bir fikir ikrah hissi doğurur, narahatlıq yaradır və siyasi qərəzliliyə işarə edir. Lakin Azərbaycan "Dağlıq Qarabağ" məsələsinin gələcəyə saxlanmasının tərəfdarı deyil. Azərbaycanın daxili işlərinə qarışmamaq, separatçı rejimi maliyyələşdirməmək və Qarabağ ermənilərinin reinteqrasiyasına qarşı əngəl törətməmək prinsipial mövqeyimizdir. Ağdam-Xankəndi marşrutu üzrə hərəkətin formalaşması da hazırda ən prioritet vəzifə kimi görünür".

Hələlik Ermənistanın Laçın yolu ilə bağlı oynadığı növbəti oyuna Rusiyadan reaksiya gəlməyib. Gözləyək, görək hüququn yanında olacaqlar, yoxsa avropalılar kimi, siyasi tamaşaya baxmağa üstünlük verəcəklər?..

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR