İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kommunistlərə rəğbət sürətlə artır - SƏBƏB

712 18.06.2026 11:41 Dünya A A

Rusiya prezidenti Vladimir Putin sentyabrın 20-də Dövlət Dumasına seçkilər keçirilməsini elan edib. Musavat.com “Svobodnaya Pressa”ya istinadən xəbər verir ki, bu seçkilərdə Kommunist Partiyası (KPRF) hakimiyyətə qarşı əsas alternativ güc kimi ön plana çıxır. “Prezident tərəfindən seçkilərin tarixinin rəsmən elan olunması ilə kampaniya start götürsə də, artıq indidən siyasi qüvvələr arasında real balansın necə dəyişdiyi müşahidə olunur. Son illərdə ilk dəfədir ki, geniş ictimaiyyət siyasi mübarizənin əsas xəttini bu qədər aydın görür.

Exit poll”: Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 % səs  toplayıb - "İki sahil"

Əsas qarşıdurma hakim “Vahid Rusiya” ilə KPRF arasında cərəyan edir. Digər partiyalar isə daha çox formal iştirakçı təsiri bağışlayır və onların əsas məqsədi parlamentdə yer tutmaqdan ibarət görünür”.
Nəşr qeyd edir ki, KPRF-in fəallaşması xüsusilə regionlarda açıq hiss olunur. Sverdlovsk vilayətində kommunistlərin apardığı intensiv təşviqat kampaniyası hakim partiyanı passiv mövqedən çıxmağa məcbur edib. Bu isə seçicilərin gözündə iki əsas seçim formalaşdırır: hakimiyyət və ona qarşı etiraz.

“Kommunistlərin əsas üstünlüyü onların seçicilərə təqdim etdiyi ideoloji çərçivədir. Partiya “Qələbə proqramı” ilə çıxış edərək sosial ədalət, dövlət nəzarətində iqtisadiyyat və sosial təminatın gücləndirilməsi kimi mesajları önə çəkir. Bu proqramın əsas istiqamətləri arasında senzurasız internet, səhiyyə və təhsil sahəsində köklü dəyişikliklər, eləcə də strateji sahələrin milliləşdirilməsi yer alır. Maraqlıdır ki, KPRF təkcə sosial-iqtisadi məsələlərlə kifayətlənmir, həm də ölkənin xarici və hərbi siyasətinə dair alternativ yanaşma təqdim etməyə çalışır. Partiya Ukrayna müharibəsinin başa çatdırılması üçün konkret planın hazırlanmasını vacib sayır və bunu açıq şəkildə dilə gətirir. Bu isə onu digər “sistem müxalifəti” partiyalarından fərqləndirən əsas məqamlardan biridir” deyə, qeyd olunur.

Gennadi Züqanov: Ukraynada müharibə Böyük Qələbənin 80 illiyinə qədər tam  zəfər ilə başa çatacaq

Digər tərəfdən, “Vahid Rusiya” partiyası hələ də inzibati resurslar və siyasi sistem üzərində nəzarət baxımından üstün mövqedədir. Lakin son sorğular göstərir ki, partiyanın reytinqində azalma müşahidə olunur. Əvəzində KPRF-in dəstəyi tədricən artır. Bu dinamika seçkilərin daha gərgin və rəqabətli keçəcəyindən xəbər verir: “Seçki prosesinin özü də müzakirə mövzusudur. Üçgünlük səsvermə, elektron səsvermə sistemi və internet məhdudiyyətləri ilə bağlı narahatlıqlar müxalif qüvvələr tərəfindən tez-tez səsləndirilir. Bu amillər seçkilərin şəffaflığı ilə bağlı suallar doğurur və nəticələrin legitimliyi ətrafında debatların yaranmasına səbəb ola bilər. Bütün bunların fonunda əsas sual dəyişmir: Rusiyada seçici davranışı hansı istiqamətdə formalaşacaq? Əgər sosial-iqtisadi vəziyyətlə bağlı narazılıq dərinləşərsə, kommunistlərin “etiraz platforması” daha geniş dəstək qazana bilər. Əks halda, hakimiyyət öz mövqeyini qorumağa davam edəcək. Aydın görünən odur ki, bu seçkilər Rusiyanın siyasi sistemində yeni mərhələnin başlanğıcı ola bilər. Kommunistlərin güclənməsi təkcə parlamentdə yerlərin bölgüsünə deyil, ümumilikdə ölkədə siyasi diskursun dəyişməsinə təsir göstərə bilər” deyə, nəşr qeyd edir.

“Bu payız Rusiyada inqilab ola bilər”. Bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov deyib. “Sizə 10 dəfə demişik, iqtisadiyyat qaçılmaz olaraq çökəcək. Birinci rüb tamamilə fəlakət idi. Təcili olaraq maliyyə, iqtisadi və digər tədbirlər görməsəniz, bu payız 1917-ci ildə baş verənlərlə eyni vəziyyətlə qarşılaşacağıq”, - Züqanov bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli kommunistlərə rəğbətin artmasını iki səbəblə izah edir. Onun fikrincə, birincisi, yaşlı təbəqənin SSRİ xiffətidir: "Onlar sovet dövrünün nostalgiyası və sosial təminatı arzuları ilə yaşamaqdadır. Azərbaycanda da bu qəbildən insanlar az deyil. Rusiyada isə həmişə kommunistlərin dəstəyi olub və son seçkilərdə ikinci yeri tutublar. Bunun digər səbəbi isə liberal partiyaların dəstək qazana bilməməsidir. Nemtsovdan sonra Rusiyada demokratiya və liberalizm zəiflədi. Hətta indi məhv olub. Hazırda millətçilik güclənməkdədir. Çünki Ukrayna müharibəsi Qərblə qarşıdurma kimi təqdim olunur və Rusiyada rəsmi təbliğat bu yöndədir. Nəticədə millətçilik güclənməyə başlayır".

Vahid Rusiya partiyası seçkilərdə öndə gedir | Modern.az

VHP funksioneri hesab edir ki, kommunistlərə rəğbət artsa da, Züqanov Ukrayna müharibəsinə münasibətdə Putindən fərqli düşünmür: "O da Krımın ilhaqını dəstəkləyir, Donbasın tamamilə nəzarətə götürülməsinin tərəfdarıdır. Hətta Navalnı da bu siyasətin əleyhinə getmirdi. Yəni Rusiyada istər millətçi, istərsə kommunist ol, bu məsələlərdə mismarı eyni yerə vururlar. Bu da imperiya zehniyyətindən irəli gəlir. Məncə, kommunistlərin reytintqi artsa da, hakimiyyətə gəlmək imkanı yoxdur. Putindən sonra Rusiyada zəif dövr başlanacaq. Bunun üçün yenidən "KQB" məktəbinin yetirməsinə ehtiyac duyulacaq".

Emil Salamoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR