Gənc qalmaq və qocalmanı ləngitmək məqsədilə hər il təxminən 2 milyon ABŞ dolları xərclədiyini bildirən amerikalı texnologiya sahibkarı Bryan Conson bu dəfə sağlamlığı ilə gündəmə gəlib. O, sağalmaz hesab olunan autoimmun qastrit (AIG) diaqnozu qoyulduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, 48 yaşlı sahibkar sosial media hesabında paylaşdığı açıqlamada xəstəliyini "mədəm öz-özünü yeyir" sözləri ilə təsvir edib. Conson bildirib ki, hazırda tibb elmində bu xəstəliyi tam sağaldan müalicə üsulu yoxdur və mövcud yanaşmalar yalnız simptomların idarə olunmasına yönəlib. Bununla belə, o, xəstəliyin müalicəsini tapmaq üçün araşdırmalar aparacağını deyib.
Bryan Conson son illərdə tətbiq etdiyi qeyri-adi sağlamlıq proqramı ilə geniş tanınıb. O, daha əvvəl orqanizmindən mikroplastikləri təmizlədiyini, saç tökülməsini dayandırdığını və bəzi sağlamlıq göstəricilərini gənclik dövrünün səviyyəsinə endirdiyini iddia etmişdi.
Conson bildirib ki, 21 yaşında ona hipotireoz diaqnozu qoyulub və o vaxtdan mütəmadi dərman qəbul edir. Son aylarda aparılan geniş tibbi müayinələr zamanı isə uzun illər aşağı səviyyədə qalan dəmir ehtiyatlarının səbəbinin autoimmun qastrit olduğu müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, autoimmun qastrit immun sisteminin mədə toxumasına hücum etməsi nəticəsində yaranan xroniki xəstəlikdir. Bu xəstəlik dəmir və B12 vitamini çatışmazlığına, qanazlığına səbəb ola, uzunmüddətli perspektivdə isə mədə xərçəngi riskini artıra bilər.
Bryan Conson xəstəliyinə baxmayaraq, uzunömürlülüklə bağlı araşdırmalarını davam etdirəcəyini və yeni müalicə üsullarının hazırlanması istiqamətində çalışacağını bildirib.
Musavat.com






