İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyov üsyan püskürdü: "Bircə gün insan kimi yaşamaq istəyirəm…" - "Qoy məni qovsunlar" - VİDEO

2110 07.07.2026 10:35 Dünya A A

Rusiyanın ən tanınmış televiziya simalarından, Kremlin baş təbliğatçılarından hesab olunan Vladimir Solovyovun son çıxışı ölkədə yaranan yeni psixoloji vəziyyətin rəmzinə çevrilib. İllərdir Kremlin apardığı müharibəni qızğın şəkildə müdafiə edən, Ukraynaya qarşı sərt ritorikası ilə seçilən Solovyov ilk dəfə olaraq efirdə ümidsizlik və yorğunluğunu gizlədə bilməyib.

Musavat.com xəbər verir ki, Solovyov öz internet kanalında yayımlanan çıxışında Rusiyanın hər gün üzləşdiyi pilotsuz uçuş aparatları və raket hücumlarından danışaraq belə deyib:

“Bax, izah edin mənə. Mən telefonu açıram cəmi 5 dəqiqəlik... yalnız 5 dəqiqə! Xəbərlər: Voroneji dağıdırlar, Moskva hücum altındadır, Çuvaşiya salamat yeri qalmayıb. Beləmi müharibə etdik? Lap məni yəni öz vətənini sevən insanı götürək, anlaya bilmirəm, biz hara gedirik ay möhtərəm? İnternet yoxdur, benzin yoxdur, zərbələr isə var! Hətta mən Rusiya vətənpərvəri, demək istərdim, çıxıb getmək istəyirəm Komo gölünə. İstərdim heç olmasa bircə gün insan kimi yaşayım. Bircə gün bu atəşlərsiz, yanan neft zavodlarsız və sivil bir dünyada. Qoy indi, məni lap, qovsunlar işdən bu sözlərimə görə...”

Bu sözləri sıradan bir vətəndaş yox, illərdir Vladimir Putinin siyasətini müdafiə edən və Kremlin informasiya müharibəsinin əsas köpəklərindən biri səsləndirir. Məhz buna görə bu etiraf Rusiyada yaranan əhval-ruhiyyənin göstəricisi kimi qiymətləndirilir.

Son həftələr Ukrayna ordusunun həyata keçirdiyi uzaqmənzilli pilotsuz uçuş aparatları və raket zərbələri Rusiyanın daxili bölgələrində vəziyyəti ciddi şəkildə dəyişib. Hərbi sənaye müəssisələri, neft emalı zavodları, yanacaq bazaları, hərbi aerodromlar və logistika mərkəzləri ardıcıl hücumlara məruz qalır. Bu hücumlar artıq təkcə sərhəd vilayətlərini deyil, Moskva və Sankt-Peterburq kimi Rusiyanın ən böyük şəhərlərini də əhatə edir.

Müharibənin ilk illərində Putin cəbhəni paytaxtlardan uzaqda saxlamağa çalışırdı. Məqsəd rus cəmiyyətinin gündəlik həyatının dəyişmədiyi görüntüsünü yaratmaq, müharibəni televiziya ekranlarında nümayiş olunan uzaq hadisə kimi təqdim etmək idi. Lakin hazırda bu strategiya əvvəlki kimi işləmir.

Moskva hava limanlarında uçuşların dəfələrlə dayandırılması, paytaxt üzərində hava hücumu, neft bazalarının vurulması, Sankt-Peterburqun, strateji obyektlərlə bərabər, yaşayış binaların bombalanması, və Rusiyanın ən dərin bölgələrində neft obyektlərinin yanması artıq milyonlarla rusun gündəlik həyatının bir hissəsinə çevrilib.

Bunun nəticəsində Kremlin ən sadiq informasiya resurslarında belə narazılıq və yorğunluq hiss olunur. Solovyovun emosional çıxışı da məhz bu dəyişən reallığın ifadəsi kimi qəbul edilir.

WhatsApp Image 2026-07-07 at 10.33.07.jpeg (335 KB)

Rusiyada son aylara qədər hakimiyyətin əsas dayaqlarından biri “müharibə bizdən uzaqdadır” təsəvvürü idi. İndi isə həmin müharibə Moskvanın, Sankt-Peterburqun və ölkənin digər iri şəhərlərinin içinə qədər gəlib çıxıb.

Bu proses Vladimir Putinin uzun illər formalaşdırdığı “təhlükəsiz və güclü dövlət” obrazına da, öz imicinə də ciddi zərbə vurur. Çünki rus cəmiyyəti artıq müharibəni televiziya reportajlarında deyil, hava həyəcanı siqnallarında, ləğv olunan reyslərdə, yanan neft bazalarında və öz binalarında, benzin növbələrində və gündəlik həyatındakı məhdudiyyətlərdə hiss etməyə başlayıb.

Solovyovun “bircə gün insan kimi yaşamaq istəyirəm” sözləri də məhz bu dəyişən psixoloji mühitin ən diqqətçəkən etiraflarından biri kimi qiymətləndirilir. Bu cümlə Rusiyada müharibənin artıq yalnız cəbhədə deyil, cəmiyyətin şüurunda da yeni mərhələyə keçdiyini göstərən simvolik mesaj kimi səslənir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR