Rusiya tərəfi Vaşinqtonda elan edilmiş Ermənistan–ABŞ təşəbbüsü olan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” ətrafında baş verən prosesləri diqqətlə izləyir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Noev Kovçeg” qəzetinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, hazırda bu təşəbbüs barədə yalnız onun səs-küylü adı məlumdur və praktiki icra mərhələsinə başlanıldığına dair məlumat yoxdur. Kopırkin qeyd edib ki, Rusiya bu layihəyə dair mövqeyini yalnız təşəbbüs konkret məzmun və mexanizmlər qazandıqdan sonra formalaşdıracaq. Eyni zamanda o vurğulayıb ki, sözügedən marşrut Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünə də toxuna bilər, çünki respublika ərazisindən yüklərin daşınması Avrasiya inteqrasiya birliyinin hüquqi normaları ilə də tənzimlənir. Bu baxımdan Rusiya tərəfinin mövzu üzrə erməni tərəfdaşlarla məzmunlu məsləhətləşmələrə hazır olduğu bildirilib.
Kopırkin əlavə edib ki, Rusiya ardıcıl şəkildə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir. Onun sözlərinə görə, bu istiqamətdə əldə olunan irəliləyişlər 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli razılaşmalar paketinə əsaslanıb.
Səfir vurğulayıb ki, nəqliyyat və kommunikasiya layihələri regionun bütün maraqlı dövlətlərinin və qonşu ölkələrin maraqlarını nəzərə almalıdır. Onun fikrincə, yalnız bu halda sözügedən proseslər dayanıqlı və balanslı xarakter daşıya bilər.
Musavat.com






