İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanı, Avropa da Gürcüstanı?..

490 12.06.2026 10:00 Yazarlar A A

Bu yaxın günlərdə yazıldı ki, Avropa İttifaqı Gürcüstan hökumətilə danışıqlara başlamaq istəyir, məqsəd də gürcülər üçün nəzərdə tutulmuş vizasız gediş - gəlişi ən azı dondurmaqdır.

Prosesin, “danıışıqlar”ın hələ yanavara qədər çəkəcəyi deyilir.

Olsun. Amma prosesdə başa düşülməyən, məntiqsiz məqamlar da çoxdur, bilmək olmur ki, axı Brüssel Tiflisdən nə istəyir? Olqarx İvanişviliyə “Putinin agenti” deyirlər, amma məsələ belə kəskinliyilə də deyil axı! Neçə il keçib, amma Moskva səmtində ciddi bir addım atılmayıb, hətta diplomatik əlaqələr tam bərpa olunmayıbdır məncə...

Daha bir “problem”sə guya sonuncu seçkilərdi. Əziz avropalılar, axı insanlar nə etsinlər ki, əgər qərbyönümlü siyasi partiyalar seçkini uda bilmədi! Bu, indiki siyasi komnadanın günahıdırmı? Səhv etmirəmsə, indiyədək ciddi seçki pozuntusu ortaya qoyulmayıb, hətta bəzi avropalı siyasətçilər də deyirdi ki, biz “Gürcü arzusu”nu seçkini udduqlarına görə qınaya bilmərik!..

Gürcüstanla inteqrasiya danışıqlarını dayandırmaqçün bir ciddi əsas yoxdur. Əlbəttə, “agentlər” haqqında qanun yersiz məsələdir, gərək, gürcü hakimiyyəti bununla tələsməyəydi. Belə götürəndə, İvanişvilinin özünün milyardarla ölçülərn biznesilə bağlı tam aşkarlıq varmı? Axı bu haqda da ciddi şübhələr və şayiələr mövcuddur. “Agent” sözü adamın az qala, beynini qıcıqlanıdırır.

Söhbət yalnız QHT-lərin işinin şəffaflığından gedirsə, bu, tam başqa məsələdir, burada heç bir agentə-filana ehtiyac yoxdur, vergi orqanları və başqa məsələləri izləyən digər strukturlar var – axı heç kim demir ki, bütün QHT əhli mələk övladıdır. Yox, belə deyil, amma hər şeyi götürüb sadəcə, qadağan etməkdən asan iş varmı dünyada?

Çox təəssüf ki, bu məsələlərlə bağlı gürcü hökuməti də düzgün mövqe tutmayıb, amma onların da çoxunun “qarnının ağrısı” yalnız hakimiyyət məsələsidir. Tutaq, “agent məsələsi”ni başa düşdük, bəs Saakaşvilni niyə azad etmirsiz?

Bax, problem də bundadır–heç kim geri çəkilmir, amma son nəticədə kim uduzur? Gürcüstan cəmiyyəti! Əvvəl Tiflisin heç olmasa, Qərbi vardı, indi vəziyyət necədir? Rusiyayla dost ola bilmədilər, üstəlik Qərbi də itirdilər və İnşallah, vizasız rejim də tamamilə dayandırıldıqdan, digər imtiyazlar da dondurulduqdan sonra hakimiyyətçün çox ciddi problemlər yaranacaq, bəlkə onda ağılları başlarına gələcək...

Əlbəttə, Avropa da “az aşın duzu” deyil, əslində onları qıcıqlandıran budur ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmadı, bu ölkəyə qarşı “ikinci cəbhə” olmad!..

Hərçənd, Tiflis düz də etdi, bir neçə il bundan əvvəl gürcü-rus müharibəsi zamanı Rusiya qoşunları cəmi bir neçə saatın içində Tiflisə çatmışdılar – bəli, Gürcüstan Ukrayna deyil! Yadıma gəlir, bir–iki il bundan əvvəl bir gürcü siyasətçi gileylənirdi ki, avropalılar onları avantüraya çəkmək istəyirlər və hətta soruşanda ki, bəs Moskvanın qarşısında nə qədər duruş gətirə bilərik, özləri cavab verirlər ki, uzağı bir gün! Soruşanda ki, bəs sonra nə olacaq? Deyirlər ki, partizan müharibəsi apararsınız! Təsəvvür edirsiz?..

Elə özümüz də onlardan soruşardıq ki, cənab avropalılar, Rusiyayla müharibə aparmaq belə asan işdirsə, niyə Ukraynada beşinci ildir “ikinci cəbhə” açmırsınız? Niyə onun adı gələndə belə dizləriniz titrəyir? Müharibə asandırsa niyə hətta Yaxın Şərqdə Trampa dəstək olmadınız?..

İllərdir Avropaya can atan gənc ölkələrin qarşısına daha hansı şərtlər qoyulmur? İndi Ukrayna müharibəsinə milyardlar xərclənir, hələ onu da demirik ki, sanki qladiator döyüşdürürlər. Yaxşı olmazdımı ki, həmin bu milyardlar Ukrayna, Moldova və Gürcüstan iqtisadiyyatını Avropa standartların uyğun səviyyə qaldırılmaq üçün istifadə olunaydı? Şəxsən mənə elə gəlir ki, Ukrayna müharibəsinin tezliklə bitməsində heç kim maraqlı deyil – biri daha kiçik Ukrayna həvəsindədir, digəri bu yolla Moskvanı çökdürəcəklərini, həm də onu məşğul etdiklərini düşünür, hətta eləsi var Mokvaya haqq da qazandırır, amma raket - bomba altında qalan ukraynalı uşaqlardır...

Mayda guya ABŞ-ın bir qrup rəsmisi Gürcüstana danışıqlara gəlmişdi. Amma bu tərəfdən də Brüsseldən belə xəbərlər gəlir! Bilirsiniz, rədd olsun İvanişvili də, qeyri oliqarxlar da. Məsələ bunda deyil. Amma çox təəssüf ki, Avropa və avropalılar da gənc dövlətlərə və millətlərə başqa şeylər də sırımaq istəyir axı!

“İncil”də nədən Sodomun və yaxud da Qomorranın məhv olduğu deyilir? Bəs Musanın, İsanın, eləcə də Məhəmmədin insanlara çatdırdığı İlahi dəyərlər, buyruqlar necə oldu?

Fizikada “Fermi paradoksu” deyilən çox məşhur bir məsələ var. Məlum olur, daha çox belə yozulur ki, başqa sivilizasiyalar ona görə yoxdur ki, onlar hamısı müəyyən səviyyəyə çatandan sonra məhv olub gedirlər...

İllər bundan əvvəl “Siçovul cənnəti” deyilən bir eksperiment haqqında oxumuşdum. Onu “insan dili”nə çevirəndə mənası bu, olur ki, insanları təkcə kasıblıq korlamır, yox, onları var- dövlət, sərvət daha çox korlayır – bəli, insan elə harınlaşır, hər şeyi, hamını tapdamaqdan belə çəkinmir, çox dəhşətli deqradasiya prosesi başlayır...

Bəli, sovetdən bir neçə kiçik ölkə qalıb, hərə onları bir tərəfə çəkmək istəyir – necə deyər, yetimə sığal çəkən çox olar, çörək verən tapılmaz. Odur, Rusiya indi Ermənistanı, Avropa isə Gürcüstanı qarışdırmaqdadır. Necə deyərlər, oyunçu aparsın, bəylər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR