İran Ukraynanın Xəzər dənizində İran gəmisinə hücum etdiyini bildirərək beynəlxalq ictimaiyyətdən sərt addımlar atmağı tələb edib.
Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığında Ukraynanın İranın Xəzər dənizindəki ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyib.
İran Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi həlak olub, daha bir nəfər yaralanıb. Araqçı BMT Təhlükəsizlik Şurasını, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti hücumu təşkil edənləri və dəstəkləyənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Bununla yanaşı, İran Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını çatdırıb və bu addımın cavabsız qalmayacağını bəyan edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevin Xəzər dənizində Rusiya hərbi gəmisinə və İranın iştirakı ilə hərbi yüklər daşıyan gəmiyə zərbə endirdiyini açıqlayıb.
Musavat.com






