Rusiya Prezidenti Vladimir Putin Kalininqrad vilayətinə qarşı mümkün təhdidlərlə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Putin bölgəyə hər hansı təhlükə yaranacağı təqdirdə Kalininqradın təhlükəsizliyinin Rusiyanın bütün imkanları ilə təmin ediləcəyini bildirib.
Putin qeyd edib ki, Kalininqrada yönələn istənilən təhdidə cavab veriləcək və bölgənin müdafiəsi üçün ölkənin bütün resursları səfərbər olunacaq.
Rusiya liderinin sözlərinə görə, Hərbi Dəniz Qüvvələri ölkənin təhlükəsizliyinin həyati əhəmiyyət daşıyan əsas dayaqlarından biri olaraq qalır. O, donanmanın inkişafı ilə bağlı bütün planların həyata keçiriləcəyini vurğulayıb.
Putin həmçinin bildirib ki, Rusiya donanmasının beynəlxalq təlimlərdə iştirakı ölkəni müdafiə sahəsində təcrid etmək cəhdlərinin uğursuzluğunu göstərir.
Rusiya Prezidenti əlavə edib ki, ölkəsi Arktikada özünü təhlükəsiz hiss edir və ən müasir texnologiyalardan istifadə etməklə bölgədə iqtisadi fəaliyyətini genişləndirir.
O, Rusiyanın Şimal Dəniz Marşrutunu qorumağa davam edəcəyini, xarici sualtı qayıqların isə həmin marşrutlara daxil olmağa cəhd göstərdiyini söyləyib.
Musavat.com






