İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada vətənpərvərlik, Avropada biznes – kino maqnatlarının ikili həyatı

221 27.07.2026 01:08 Dünya A A

Rusiyanın “Miraj Cinema” kinoteatrlar şəbəkəsinin sahibləri olan İvoninski ailəsinin Avropa İttifaqı ölkələrində biznes və əmlak maraqlarını qoruyub saxladığı üzə çıxıb. Ailə Rusiyada dövlət sifarişləri əsasında gənclərə vətənpərvərlik və müharibə mövzusunda filmlər nümayiş etdirdiyi halda, onun üzvlərinin İspaniyada bizneslə məşğul olduğu, Finlandiya, Polşa və digər Aİ ölkələrinə sərbəst səfər etdiyi bildirilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İvoninskilərin kino biznesinin əsası hələ 1990-cı illərdə Aleksandr İvoninski tərəfindən qoyulub. O, 2001-ci ildə Sankt-Peterburqda ilk “Miraj Cinema” kinoteatrını açıb. Hazırda şəbəkənin Rusiya üzrə təxminən 150 kinozalının olduğu bildirilir.

Ailənin biznesi təkcə kino ilə məhdudlaşmır. Aleksandr İvoninskinin keçmiş həyat yoldaşı Yelena İvoninskaya KIDO suşi-barlar şəbəkəsinin faktiki sahiblərindən biri kimi göstərilir. Araşdırmada bu biznesin Rusiya hakimiyyətinin nüfuzlu simalarından Andrey Turçakın ailəsi ilə əlaqələrinə də diqqət çəkilir.

KIDO ilə əlaqəli şəxslərin sahib olduğu “Edvans” və “Franklin” şirkətlərinin ortaqları arasında Andrey Turçakın həyat yoldaşı Kira Turçak da var. Andrey Turçak hazırda Altay Respublikasına rəhbərlik edir, atası Anatoli Turçak isə Vladimir Putinin köhnə dostlarından biri kimi tanınır.

İvoninskilərin böyük oğlu Yan İvoninski isə ailəyə bağlı 9 şirkətin təsisçiləri sırasındadır. Bu şirkətlərin ümumi illik dövriyyəsi təxminən 1,7 milyard rubl təşkil edir. Onlardan ən böyüyü “Mirajprokat”dır. Şirkətin ötən ilki gəliri 1,5 milyard rubla çatsa da, xalis mənfəəti 18 milyon rubldan az olub.

Araşdırmanın ən diqqətçəkən hissələrindən biri Hollivud filmlərinin Rusiyada nümayişi ilə bağlıdır. Qərbin iri kinostudiyaları Ukrayna müharibəsindən sonra Rusiya bazarını tərk etsələr də, “Miraj Cinema”da Hollivud filmlərinin pirat nüsxələrinin nümayiş etdirildiyi iddia olunur.

Müəlliflərin məlumatına görə, müəllif hüquqları ilə bağlı məsuliyyətdən yayınmaq üçün belə nümayişlər formal olaraq “To kino!” layihəsi vasitəsilə təşkil edilib. Layihə kinoteatr zallarını “Miraj”dan icarəyə götürmüş kimi göstərilib. Bununla belə, hazırda “To kino!” saytından yer seçmək və ödəniş etmək istəyən istifadəçilər birbaşa İvoninskilərin “Miraj” sisteminə yönləndirilirlər.

Eyni zamanda “Mirajprokat” Rusiya dövlət qurumlarından sifarişlər də alır. Şirkət müxtəlif rayon administrasiyaları və bələdiyyə strukturları üçün kino nümayişləri təşkil edib.

Məsələn, tələbələr üçün müharibə mövzusunda “Yest tolko miq” və “Avqust”, əhali üçün isə “Pravednik” filmi nümayiş etdirilib. “Miraj” kinoteatrlarında “Donbass. Okraina”, “Vozdux”, “Rojdeniye imperii” və “Qruppa krovi” kimi Rusiya dövlətinin vətənpərvərlik və müharibə narrativləri ilə əlaqələndirilən filmlərin də müntəzəm göstərildiyi bildirilir.

Bütün bunların fonunda İvoninski ailəsinin Avropadakı biznes maraqları xüsusi diqqət çəkir.

Ailəyə İspaniyada qeydiyyatdan keçmiş TENERUSIA INVERSIONES SL şirkəti məxsusdur. Şirkət 2014-cü ildə Aleksandr İvoninskinin nəzarətinə keçib.

2025-ci ildə İvoninskilərin bu şirkəti digər investorlarla birlikdə İspaniyanın Tenerife adasındakı La Tejita Luxury Resort layihəsinə daxil olub. Layihənin yaşayış tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinə sahib olduğu bildirilir.

Beləliklə, araşdırmanın müəlliflərinin diqqət çəkdiyi mənzərə kifayət qədər ziddiyyətlidir: İvoninskilər Rusiyada dövlət qurumlarından sifarişlər alır, gənclərə vətənpərvərlik və müharibə filmləri nümayiş etdirir və Qərbin Rusiya bazarından çıxmasından sonra Hollivud məhsullarının pirat nümayişindən faydalanmaqda ittiham olunur. Eyni zamanda ailə biznesinin bir hissəsi məhz Avropa İttifaqında qalmaqda davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR