İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun göz yaşları, Messinin son sehri, Yamalın tacqoyması- Mundial necə yadda qaldı?

821 20.07.2026 21:00 İdman A A

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı artıq tarixə qovuşdu. 38 gün davam edən mundial təkcə yeni dünya çempionunu müəyyənləşdirmədi, həm də futbol tarixində bir sıra ilkələrə, rekordlara və uzun illər xatırlanacaq hadisələrə səhnə oldu.

Bu mundial əvvəlkilərdən fərqli idi. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir daha çox oyun, azarkeş, qol, dramatizm və müzakirə demək idi. Dünya futbolu bu müddətdə həm göz yaşı gördü, həm də sevinc yaşadı. Bəziləri tarix yazdı, bəziləri isə böyük ümidlərlə gəlib səssiz şəkildə evinə qayıtdı. Bir sözlə 48 komandalı ilk dünya çempionatı tarix yazdı.

FİFA-nın illər əvvəl qəbul etdiyi qərar yalnız 2026-cı ildə reallığa çevrildi. Bu dəyişiklik futbol coğrafiyasını daha da genişləndirdi. Mundialda indiyədək görünməyən ölkələr də iştirak etmək imkanı qazandı. Afrika, Asiya, Şimali Amerika və Okeaniya təmsilçilərinin sayının artması turnirə yeni nəfəs gətirdi.

Turnirdən öncə 48 komandalı formatın mundialın keyfiyyətini aşağı salacağı ilə bağlı bütün dünyada söz-söhbətlər dolaşırdı. Lakin əksinə, bu sistem futbolsevərlərə daha çox maraqlı oyun, sürpriz və yeni qəhrəmanlar bəxş etdi. Turnir boyu azarkeşlər demək olar ki, hər gün bol qollu oyunların şahidi oldular. Böyük hesablı qələbələr, son saniyə qolları, əlavə vaxt dramları və penalti seriyaları futbolsevərlərin yaddaşına həkk olundu. Bir çox komandalar müdafiəyə qapanmaq əvəzinə açıq futbol seçdi. Bu isə mundialın baxımlılığını daha da artırdı. Sensasiyalar bir-birini əvəz etdi. Hər dünya çempionatının öz sürpriz komandaları olduğu kimi, bu mundialın sürpriz milliləri az olmadı.

İlk dəfə mundiala vəsiqə qazanan bəzi yığmalar qrup mərhələsində favoritlərə ciddi problemlər yaratdı. Futbol bir daha sübut etdi ki, artıq "kiçik komanda" anlayışı əvvəlki qədər aktual deyil.

Bir sıra tanınmış futbol ölkələrinin erkən mərhələdə mübarizəni dayandırması turnirin ən çox müzakirə olunan hadisələri sırasında yer aldı.

9e6dc27e-37e7-45a5-bce3-a1993be72156.jpeg (56 KB)

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun son dünya çempionatı oyunları məhz 2026-ci ilə təsadüf etdi. Onun gedişi futbol dünyasını kədərə boğdu. Xüsusilə, İspaniya qarşısındakı 1-0 məğlubiyyətdən sonra Ronaldonun tökdüyü göz yaşları bu gün də onu sevənlər üçün çox ağırdır...

Messi isə son mundialında yenə də tarix yazdı

cdb32c91-8089-4f90-a8da-8c377ac7a074.jpeg (74 KB)

Bütün diqqətlər yenə onun üzərində idi. 39 yaşına yaxınlaşmasına baxmayaraq, Argentina millisinin kapitanı hələ də komandasının beyni olduğunu göstərdi. Həlledici ötürmələr, vacib qollar və liderlik xüsusiyyətləri Messinin futbol tarixində niyə xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. Bu mundial onun son dünya çempionatı kimi yadda qaldı. Hər oyundan sonra tribunalar ayağa qalxır, azarkeşlər futbolun canlı əfsanəsini alqışlayırdı. Messi bir daha sübut etdi ki, yaş rəqəmdir, futbol zəkası isə illərlə dəyişmir.

1616936a-9ac4-475a-9ea4-dcd01fbb184c.jpeg (105 KB)


Fransız ulduz Mbappe öz səviyyəsini yenə də. qoruyaraq, turnirin ən təhlükəli futbolçularından biri oldu. Hər halda vurduğu 10 qol çox şey deyir. Sürəti, fərdi keyfiyyəti və qol instinkti ilə seçilən fransız hücumçu rəqib müdafiələr üçün ciddi problem yaratdı və ardıcıl ikinci dəfə mundialın bombardiri oldu. Komandası finala yüksələ bilməsə də, Mbappenin çıxışı bir daha göstərdi ki, yaxın illərdə də dünya futbolunun əsas simalarından biri o olacaq.

Lamin Yamal yeni dövrü başlatdı desək, yanılmarıq.

lamin.jpeg (28 KB)

Əgər bu mundial bir futbolçunun yüksəlişi ilə yadda qalacaqsa, həmin ad şübhəsiz Lamin Yamaldır. Gənc yaşına baxmayaraq, İspaniya millisinin əsas liderlərindən birinə çevrilən Yamal sürəti, texnikası və soyuqqanlı qərarları ilə milyonlarla azarkeşi heyran etdi. Onu artıq indidən gələcəyin "Qızıl top" sahibi kimi də qələmə vermək olar. Onun Messi ilə eyni finalda meydana çıxması və dünya kubokunu başı üzərinə qaldırması futbolun rəmzi məqamlarından biridir.

Uzun illər dünya çempionatını kənardan izləyən Erlinq Haaland bu dəfə Norveç millisini böyük səhnəyə çıxarmağı bacardı. Norveç turnirin ən rəngarəng komandalarından biri oldu.

Haaland həm qolları, həm də fiziki üstünlüyü ilə rəqiblərə çətin anlar yaşatdı və mundialın ən çox danışılan simalarından birinə çevrildi.

Göründüyü kimi, bu mundialda yeni ulduzlar doğuldu, yəni turnir yalnız tanınmış futbolçularla yadda qalmadı. Bir sıra gənc oyunçular dünya futboluna məhz bu mundialda təqdim olundu. Onların çıxışı göstərdi ki, qarşıdakı on ilin futboluna məhz bu nəsil istiqamət verəcək.

Müasir futbolun ayrılmaz hissəsinə çevrilən VAR sistemi bu mundialda da ən çox müzakirə olunan mövzulardan biri oldu. Ləğv edilən qollar, penalti qərarları, millimetrlik ofsayd epizodları və uzun çəkən yoxlamalar bir çox oyunun taleyinə birbaşa və dolayısı yollalarla təsir göstərdi. Bəzi qərarlar alqışlandı, bəziləri isə günlərlə mübahisə mövzusu oldu.

Bu mundial dramatik oyunların bolluğu ilə seçildi. Son dəqiqə qolları, əlavə vaxtlarda dəyişən hesablar, penalti seriyalarında yaşanan həyəcan və gözlənilməz geri dönüşlər turniri xüsusi rəngə boyadı.

Azarkeşlər uzun illər bu oyunları xatırlayacaqlar. Onlar möhtəşəm atmosfer yaratdı. Üç ölkədə keçirilən oyunlara dünyanın müxtəlif yerlərindən yüz minlərlə azarkeş axışdı.

Norveç azarkeşlərinin yaratdığı atmosfer, Meksikanın rəngarəng tribunaları, ABŞ stadionlarının möhtəşəm təşkilatçılığı və Kanadanın futbol bayramına çevrilən şəhərləri mundialın ən gözəl mənzərələri sırasında yer aldı. Futbol bir daha sərhəd tanımadığını göstərdi.

Bu dünya çempionatı yalnız nəticələrlə deyil, insan hekayələri ilə də yadda qaldı. Müharibə, iqtisadi çətinlik, sosial problemlər yaşayan ölkələrin futbolçuları milyonlarla insana ümid verdi.

Bir çox futbolçu şəxsi həyatındakı çətinlikləri arxada qoyaraq dünya səhnəsində parladı.

DÇ-2026 nəyi dəyişdi?

Bu mundial göstərdi ki, dünya futbolu artıq yeni mərhələyə qədəm qoyur.

Messi və Ronaldo kimi əfsanələrin dövrü başa çatmağa yaxınlaşır. Onların yerini isə Lamin Yamal, Kilian Mbappe, Erlinq Haaland, Cud Bellinqem, Pedri və digər gənc ulduzlar tutur. Futbol dəyişir, sürət artır, taktika yenilənir, texnologiyanın rolu genişlənir. Ancaq dəyişməyən bir həqiqət var ki, Dünya Çempionatı çempionatı yenə də planetin ən böyük idman hadisəsi olaraq qalır. 2026-cı il mundialı uzun illər "keçid dövrünün dünya çempionatı" kimi xatırlanacaq. Bir tərəfdə son dəfə dünya səhnəsinə çıxan əfsanələr, digər tərəfdə isə futbolun gələcəyini formalaşdıracaq yeni nəsil vardı. Məhz buna görə DÇ-2026 təkcə kubok uğrunda mübarizə deyil, futbol tarixində bir dövrün başa çatdığı, yeni bir dövrün isə möhtəşəm şəkildə başladığı mundial kimi yadda qaldı.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR