“Mən hörmətli Azər Həsrətin mövqeyini əsasən doğru hesab etsəm də, onun rus dili məsələsinə kifayət qədər radikal və sərt yanaşmasını bölüşmürəm və qəbul etmirəm. Hesab edirəm ki, ölkədə həddindən artıq artmış rus məktəblərinin və rus bölmələrinin sayı tədricən azaldılmalıdır. Bu, ümumi dövlət siyasəti ilə bağlı olan məsələdir və düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır”.
Bu fikirləri Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında Əməkdar jurnalist Azər Həsrətin rus bölmələri ilə bağlı səsləndirdiyi sərt fikirlərə münasibət bildirərkən səsləndirib.
O, rus bölmələrinin sayının tədricən azaldılmasının tərəfdarı olduğunu desə də, "bütün rus məktəbləri bağlanmalıdır" və ya "rus olmayan uşaqların rus bölmələrinə qəbulu qadağan edilməlidir" kimi radikal yanaşmaları dəstəkləmədiyini bildirib:
“Məsələnin bu şəkildə qoyulması, yəni rus olmayan uşaqların rus bölmələrinə qəbulunun qadağan edilməsi mənim fikrimcə, insanın təhsil hüququna birbaşa müdaxilə kimi qiymətləndirilə bilər. Onsuz da mövcud tendensiya göstərir ki, rus bölmələrinin sayı tədricən azalır və bu, məncə, müsbət haldır. İnsanlar artıq başqa xarici dillərə, xüsusilə də ingilis dilində təhsilə daha çox üstünlük verməyə başlayıblar. Bu da tamamilə normal və təbii prosesdir”.
Qulu Məhərrəmli hesab edir ki, Azərbaycanda ingilis bölməsi də olmalıdır, rus bölməsi də, fransız, türk və digər xarici dillərdə təhsil verən məktəblər də fəaliyyət göstərməlidir. Ancaq bütün bunlar balans və ölçü gözlənilməklə həyata keçirilməlidir: “Eyni zamanda, xarici dillərdə təhsil verən bütün məktəblərdə, xüsusilə ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi mütləq yüksək səviyyədə təmin olunmalıdır. Biz dövlət dilimizin mövqeyini heç bir halda başqa amillərə qurban verməməliyik.
Azər Həsrətin narahatlığını və mövqeyini başa düşürəm. Bu, onun hər zaman nümayiş etdirdiyi maksimalist və vətənpərvər yanaşmasının növbəti təzahürüdür. Amma hesab edirəm ki, bu məsələ daha soyuqqanlı, düşünülmüş və uzaqgörən yanaşma ilə həll olunarsa, nəticə daha səmərəli olar”.
Xatırladaq ki, Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət Azərbaycanda bu ildən başlayaraq rus olmayan uşaqların rus bölmələrinə qəbulunun birmənalı şəkildə dayandırılmasını tələb edib. O, bu tələbini son günlər rus bölmələri ətrafında gedən müzakirələrin fonunda səsləndirib. Bundan əvvəl tanınmış kinorejissor, kinoşünas Ayaz Salayev rus məktəblərinin bağlanmasına qarşı çıxaraq onların fəaliyyətinin davam etdirilməsini müdafiə etmişdi.
Xalidə Gəray,
Musavat.com






