İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal kapital Bakıya axır – İslam İnkişaf Bankı toplantısından böyük mesaj  

1139 21.06.2026 14:32 İqtisadiyyat A A

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantısı həm regional, həm də qlobal iqtisadi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edən mühüm platforma kimi dəyərləndirilir. Çünki bu tədbir Azərbaycanın beynəlxalq maliyyə sistemində artan rolunu nümayiş etdirməklə yanaşı, ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi, iqtisadi diversifikasiyanın dərinləşdirilməsi və uzunmüddətli inkişaf strategiyalarının dəstəklənməsi baxımından da vacib imkanlar yaradır.

Həmçinin toplantı çərçivəsində müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli rəsmilərin, maliyyə institutlarının rəhbərlərinin və iri investorların Bakıda bir araya gəlməsi, Azərbaycanın qlobal iqtisadi dialoqun fəal iştirakçısına çevrildiyini göstərir. Bu cür beynəlxalq platformalar ölkəyə yeni kapital axınlarının təşviqi, prioritet sahələr üzrə investisiya əməkdaşlığının genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rol oynayır.

Bu baxımdan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı Azərbaycanın gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu, yeni tərəfdaşlıqların formalaşdığı və iqtisadi transformasiya hədəflərinin beynəlxalq müstəviyə daşındığı mühüm bir mərhələ kimi qiymətləndirilir.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Azərbaycanın hazırkı mərhələdə, cənab Prezidentin də qeyd etdiyi kimi, qlobal miqyasda artan iqtisadi rəqabət mühitində qarşısında mühüm və genişmiqyaslı çağırışlar dayanır. Bu çağırışlar əsasən islahatların ardıcıl şəkildə davam etdirilməsi, investisiyaların ölkəyə cəlb olunması, ixracın təşviqi və ümumilikdə iqtisadi diversifikasiyanın gücləndirilməsi kimi strateji istiqamətləri əhatə edir. Belə bir şəraitdə investisiya mühitinin daha da cəlbedici hala gətirilməsi və ixracın yeni bazarlar hesabına genişləndirilməsi baxımından bu cür beynəlxalq toplantıların əhəmiyyəti olduqca böyükdür.

Çünki qeyd olunan tədbirlər çərçivəsində müxtəlif ölkələrdən kifayət qədər ciddi statusa malik investorların ölkəmizə səfəri baş tutur, eyni zamanda dövlət və hökumət nümayəndələri arasında genişmiqyaslı networking imkanları yaranır, yəni qarşılıqlı şəbəkələşmə prosesi formalaşır. Bu isə öz növbəsində həm biznes əlaqələrinin qurulması, həm də uzunmüddətli iqtisadi əməkdaşlıq platformalarının yaradılması baxımından xüsusi önəm daşıyır".

İqtisadçı qeyd edib ki, konfrans ərəfəsində sərginin təşkil olunması da bu prosesə əlavə dəstək verən mühüm bir element kimi qiymətləndirilə bilər:

"Sərgi investorlar üçün həm ölkənin iqtisadi potensialını daha yaxından tanımaq, həm də konkret layihələr üzrə ilkin təmasların qurulması baxımından əlverişli platforma rolunu oynayır.

Nəzərə alsaq ki, 2026-cı ilin əvvəlindən etibarən Yaxın Şərq və Körfəz regionunda investisiya mühiti ciddi şəkildə zədələnmişdir. Regionda baş verən münaqişələr və geosiyasi gərginliklər qlobal investorları, eyni zamanda həmin ölkələrin öz yerli investorlarını da alternativ investisiya istiqamətləri axtarmağa məcbur etmişdir. Bu gün artıq bir sıra beynəlxalq maliyyə institutları tərəfindən də rəsmən təsdiq edilir ki, Körfəz regionundan investisiya axınının zəifləməsi və müəyyən kapital çıxışının baş verməsi müşahidə olunur.

Belə bir şəraitdə Körfəz ölkələrindən uzaqlaşan və təhlükəsiz, sabit investisiya mühitinə yönələn kapital axınlarının müəyyən hissəsinin ölkəmizə yönəlməsi real və potensial imkan kimi dəyərləndirilə bilər. Bu istiqamətdə artıq müəyyən maraqların, sorğuların və investisiya niyyətlərinin mövcud olduğu da ehtimal edilir. Lakin təbii ki, bu prosesin konkret və real iqtisadi nəticələrini bir neçə il sonra daha aydın şəkildə müşahidə etmək mümkün olacaq".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR