***19:10
Bu gecə 2026-cı il dünya çempionatı ən həlledici mərhələlərdən birinə qədəm qoyacaq. 1/4 finalın pərdəsi saat 00:00-da son mundialların ən maraqlı rəqabətlərindən biri hesab olunan Fransa-Mərakeş qarşılaşması ilə açılacaq. Bir tərəfdə ikiqat dünya çempionu və turnirin əsas favoritlərindən olan Fransa, digər tərəfdə isə Afrika futbolunun qüruru, tarix yazmağa davam edən Mərakeş dayanır. Bu oyun təkcə yarımfinal uğrunda mübarizə deyil, həm də 2022-ci il dünya çempionatının yarımfinalının davamı, Mərakeş üçün isə revanş şansıdır.
Didye Deşamın Fransası qrup mərhələsində sabit və inamlı çıxışı ilə diqqət çəkdi. Fransızlar hücum xəttində Kilian Mbappenin liderliyi, orta sahədə yaradıcı futbol və möhkəm müdafiə ilə turnirin ən balanslı komandalarından biri oldu.

Pley-offun ilk mərhələsində Fransa İsveçi 3:0 hesabı ilə məğlub etdi. 1/8 finalda isə çətin keçən görüşdə Paraqvayı minimal hesabla məğlub edərək son səkkizliyə yüksəldi. Turnir ərzində az qol buraxan Fransa yenə də çempionluğun əsas namizədlərindən sayılır.
Mərakeş isə yeni tarix yazmağı hədəfləyir. Yəni son mundialda yarımfinal oynayan mərakeşlilər bu dəfə niyə də final oynamaq düşüncəsi ilə Fransanı büdrətməyə çalışacaqlar.

Mərakeş yenə də mundialın ən böyük sürprizlərindən biri oldu. Afrika təmsilçisi qrup mərhələsində güclü rəqiblərə qarşı inamlı oyun nümayiş etdirdi. 32-liyin mərhələsində Mərakeş penaltilər seriyasında Niderlandı mübarizədən kənarlaşdıraraq iradəsini göstərdi. Ardınca 1/8 finalda turnirin ev sahiblərindən Kanadanı 3:0 hesabı ilə darmadağın etdi və ardıcıl ikinci mundialda dörddəbir finala yüksəldi. Komandanın sürətli əks-hücumları, Hakiminin liderliyi və kollektiv oyunu onu təhlükəli rəqibə çevirib.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu qarşılaşmanı xüsusi edən məqamlardan biri də komandaların 2022-ci il dünya çempionatında yarımfinalda üz-üzə gəlməsidir. Həmin vaxt Fransa Mərakeşi 2:0 hesabı ilə məğlub edərək finala yüksəlmiş, Mərakeşin isə möhtəşəm nağılına son qoymuşdu. Buna baxmayaraq, Atlas şirləri Afrika və ərəb dünyasının ilk yarımfinalçısı kimi tarix yazmışdı. İndi isə Mərakeş həmin məğlubiyyətin əvəzini çıxmaq üçün meydandadır.

Bu dueldə Fransa heyətində bütün diqqətlər yenə Kilian Mbappeyə yönələcək. Onun sürəti və fərdi ustalığı istənilən müdafiəni çətin vəziyyətə sala bilər.

Mərakeşdə isə kapitan Əşrəf Hakimi komandanın əsas simalarından biridir. Bununla belə, hücumçu İsmayıl Saibari zədə səbəbindən bu vacib oyunu buraxacaq ki, bu da Mərakeş üçün çox ciddi itkidir.
Kağız üzərində Fransa üstün görünür. Təcrübə, heyət keyfiyyəti və böyük oyunlarda qazandığı uğurlar buna əsas verir. Lakin Mərakeş artıq sübut edib ki, favorit statusu meydanda heç nə ifadə etmir. Afrika təmsilçisi əvvəlki mərhələlərdə də güclü rəqibləri mübarizədən kənarlaşdıraraq bunu göstərib.
Əksəriyyət Fransanı favorit saysa da, Mərakeşin növbəti sensasiyaya imza atmaq şansı da kifayət qədər çoxdur.
Cavanşir Abbaslı
Musavat.com






