İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbə qarşı yeni alyans - Azərbaycan və Türkiyənin yeri harda? - 2 rəy

1992 02.08.2023 08:12 Siyasət A A

“Rusiya, Çin və Şimali Koreya arasında ittifaqın yaradılması Qərb üçün dağıdıcı nəticələrə səbəb ola bilər”.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Express” yazıb.

Nəşr ekspertlərə istinadən qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin Moskva, Pekin və Pxenyan arasında əlaqələri gücləndirmək istiqamətində atdığı siyasi addım ölkələrə hərbi potensialı artırmaqda və iqtisadi inkişafı sürətləndirməkdə bir-birinə kömək etməyə imkan verəcək. Bu, Qərb hökumətlərinin narahatlığına səbəb olur. Çünki Çin onsuz da əksər sahələrdə sürətlə dünya liderliyinə can atmaqdadır, Rusiyanın ona, onun da Rusiyaya dəstəyi Qərb dövlətlərinə problemlər vəd edir.

Yada salıq ki, uzun fasilədən sonra bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqu Şimali Koreyada səfərdə olub, Kim Çen Inla görüşüb. ABŞ prezidenti Co Bayden deyib ki, Şoyqu Kim Çen Indan silah istəmək üçün ora səfər edib.

Nə baş verir? Belə bir “üçlü” ittifaq nə dərəcədə realdır və Güney Qafqaza, regiona necə yansıya bilər? O halda Bakı və Ankaranın seçimi nə olacaq?

“Beynəlxalq sistem dünyada Qərbin öz ”həlledici mövqeyini" itirməsi ilə müşayiət olunan yekun transformasiyanı yaşayır".

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Beynəlxalq sistemin son transformasiyasını ehtiva edən günlər gəldi. Yeni geosiyasi və geoiqtisadi tarazlıq yaranır və Asiya onun mərkəzində dayanır. Qərb dünyası mərkəzi mövqeyini itirərkən, biz görürük ki, dünya siyasətinin mərkəzi şərqə, ata-baba torpaqlarımıza doğru sürüşür”, - deyə nazir əlavə edib.

Belədirmi? Bu, Azərbaycana, qardaş ölkəyə, Türk dünyasına (Turana) nə vəd edir?

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

Azər Badamov

Deputat Azər Badamov bu məsələdə nikbindir. O, Turan-ın yaranmasını labüd hesab edir: “1991-ci ilə qədər dünya nizamını tarazlayan iki güc var idi. Bunlar NATO və Varşava Müqaviləsi Təşkilatı idi. Bu iki güc qarşı-qarşıya olduğundan dünyada baş verən proseslərə birbaşa müdaxilələr çox az səviyyədə idi. Amma 14 iyul 1991-ci ildə VMT-nin ləğv olunması və SSRİ-nin dağılması dünyada güc nisbətini dəyişdi və Qərbi təmsil edən NATO ilə Rusiya üz-üzə qaldı. Bu dövrdə NATO özünün əhatə dairəsini genişləndirdi və dünyada hegemonluq etmək üçün öz maraqlarını digər dövlətlərə qəbul etdirməyə başladı.

Əslində NATO ABŞ-nin maraqlarını müdafiə edir və mövqelərini möhkəmlədir. Bu gün isə Rusiya-Ukrayna müharibəsində Qərbin Rusiyaya qarşı birləşməsi və uzun müddətdir ki, bir uğur əldə edə bilməməsi dünyanın gələcəyini müəyyənləşdirəcək yeni bir nizamın formalaşmasını və yeni güclərin meydana gəlməsini aktuallaşdırır. Belə ki, BRİKS təşkilatının sammitində iştirak edərək Rusiyaya qarşı  mövqeyini nümayiş etdirmək istəyən Fransa sammitdə iştirak etmək üçün  Cənubi Afrikadan dəvət almadı.

Dünyanın ən böyük iqtisadi güc mərkəzi kimi meydana gələn Çin Tayvan məsələsinə görə ABŞ-la üz-üzədir. ABŞ Çinin güclənməsindən və dünyada liderliyini almağından narahatdır. Çin bilir ki, Ukrayna müharibəsində Rusiya məğlub olarsa, növbəti mərhələdə təzyiqlər ona qarşı olacaqdır. Şimali Koreya da nüvə və uzunmənzilli raket sınaqları mütəmadi keçirərək ABŞ-yə əzələ nümayiş etdirir. Burada bu gün proseslər Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağından asılı olacaq. Ona görə də Rusiya, Çin və Şimali Koreya yeni ittifaq yaradaraq Qərbə qarşı səfərbər olmağa çalışır. Bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfərinin kökündə də bu məsələlərlə bağlı danışıqların aparılması dayandığını hesab edirəm. Yeni beynəlxalq sistemdə böyük bir coğrafiyanı əhatə edən və böyük ÜDM-ə malik türk dövlətlərin yerləşdiyi regionun birləşməsi yeni güc kimi özünü təsdiq edəcək. Bu yeni gücün mərkəzində Türkiyə və Azərbaycan dayanır. Avropadan Asiyaya qədər böyük bir coğrafiyada Türk Dövlətləri Təşkilatı yerləşir ki, bu da özünü TURAN hərbi və iqtisadi güc kimi özünü təsdiq edəcəkdir.

Dünyada baş verən proseslər güclüləri və zəifləri bir-birindən ayırır. Ölkələr qazandıqları uğurlarını əlində saxlamaq və möhkəmlədərək müstəqil siyasətini davam etdirmək üçün mütləq şəkildə yeni ittifaqlarda birləşərək sarsılmaz gücə çevrilməlidirlər. Əks halda ədalət ayaq altına düşür və düşmənlər səni dimdikləməyə başlayır. Dünyada baş verən proseslər güclülərə hörmətlə yanaşıldığını sübut edib. O səbəbə Rusiya, Çin, Şimali Koreya və Türk dövlətlərini özündə birləşdirən TURAN-ın yaranmasının labüd olduğunu hesab edirəm".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli yeni bir oyunçunun peyda olmasını önə çəkdi: “Qərblə Rusiya qarşıdurmasından Çin öz maraqları üçün məharətlə istifadə edir. Eyni işlə də Türkiyə məşğuldur. Bu məsələdə Şimali Koreya da geridə qalmaq istəmir. Şoyqunun Pxenyana səfərinin nəticəsi kimi, silah almaq istəyini göstərmişdim. Amerika ilə qarşıdurmaya getmək rusları Çinin qucağına atdı. Çin Rusiya üçün Amerika və Avropadan daha təhlükəlidir. Qərb Putin Rusiyasını çənbərə salıb özünə uyğun vəziyyətə salmaq istəyir. Hardasa Yeltsin, Qorbaçovun dövrünə Rusiyanı qaytarmaq istəyir. Nə Amerika, nə də Avropanın Rusiyaya qarşı ərazi iddiası yoxdur onun dağılmasını istəmirlər. Ən azı indi bunu istəmirlər. Çinin isə əksinə, Rusiyanın Uzaq Şərqində gözü var. İqtisadiyyat, tərəfdaşlıq adı ilə Sibir, Ural çinlilər tərəfindən öyrənilir, özəlləşdirilir. Çin bu torpaqları özünə qatmaq niyyətindədir.

Dünyanın başlanan yeni bölgüsündə daha bir oyunçu da peyda olub. Ərdoğanın liderliyi altında son 21 ildə böyük inkişaf yolu qət edən Türkiyə imperiyalar vaxtında olduğu kimi dünya ölkəsinə çevrilməyi bacarıb. Bu da qardaş ölkənin daha da böyüməsi üçün yeni üfüqlər açır. Belə imkanlardan da dövlət maraqları naminə mütləq istifadə etmək lazımdır. Türkiyə XİN rəhbəri Hakan Fidan da məhz yuxarıda qeyd etdiklərimizi nəzərdə tuturdu. Beynəlxalq siyasətin son transformasiyasında Türkiyə öz layiqli yerini tutmalıdır. Tayyib Ərdoğan demişkən: “Bu yeni dünya düzənində ya masada, ya da masanın üstündə olacaqsan”. Türkiyə də qurulan yeni masada daha bir güc olaraq yer tutmaq istəyir. Həmişə demişik, illərdir deyirik, güclü Türkiyə, güclü Azərbaycan deməkdir. Dünya siyasəti adında okeanda Amerika, Çin, Rusiya kimi akulalardan qorunmaq üçün Azərbaycan kimi ölkələrə Türkiyə kimi çətirlər lazımdır.

Ümumiyyətlə, balaca ölkələrə böyük çətirlər lazımdır. Avropanın göbəyində Ukrayna kimi ölkənin hansı acınacaqlı vəziyyətə düşdüyünü görəndə dediklərimizin müasir siyasət üçün nə qədər doğru olduğunu bir daha görürsən. Azərbaycan üçün də yeganə ən uyğun çətir, təbii ki, qardaş Türkiyədir. Azərbaycan Türkiyəni arxasına almalıdır, amma paralel olaraq böyüyüb, özü də çətir olmağı bacarmalıdır. Unutmayaq ki, Azərbaycan da Əfşar, Qacar, Səfəvi kimi nəhəng imperiyaların yeganə layiqli varisidir! Keçmişimiz böyük olubsa, deməli, gələcəyimizi də daha böyük qura bilərik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR