İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarşıdakı savaşda dövlətimiz üçün ordu qədər önəmli...

1481 20.07.2022 23:25 Gündəm A A

“Bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir. Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar”.

Prezident İlham Əliyev bu sözləri düz 5 il əvvəl, Milli Mətbuat Günü ərəfəsində, jurnalistlər üçün tikilmiş ikinci binadakı mənzillərin mənzillərin paylanması mərasimindəki çıxışı zamanı söyləmişdi. Ölkə başçısı medianın böyük rolundanbəhs edərkən bildirmişdi ki, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Digər fikirləri də xatırlatmaqda fayda var: “Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında - harada ki hansısa ədalətsizlik, qanunsuzluq var - dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

dfdfd.jpg (77 KB)

Bəli, dövlət başçısı mətbuatın dostu olmaqla yanaşı, media mənsublarını özünün köməkçiləri elan etməklə həm də böyük etimad göstərmişdi. Bununla da mətbuatı yazmağa, araşdırmağa, neqativləri ictimailəşdirməyə, problemlərin ortaya çıxarılmasında, onların həllində dövlətə dəstəkçi olmağa çağırmışdı, yazmamağa yox.

Milli Mətbuatımızın yaradıcılarının da missiyası zatən bu idi, “əkinçilik”dən başlayan qəzetçilik çox böyük bir missiyanı üzərinə götürdü, hansı ki, onda nə dövlətimiz vardı, nə dövlət qayğısı, nə də...Dizi üstündə qəzet hazırlayan ədiblərimiz bu günü görsəydilər, şad olardılar, yəqin ki, ruhları şaddır. Təbii ki, hər bir dövrün çətinlikləri, problemləri olub, amma əsas məsələ qarşıdakı sədləri aşıb keçmək üçün çalışmaq, cəhdlər göstərmək, qarşıya məqsədlər qoymaqdır.

ekinxi.jpg (36 KB)

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması da mətbuatımızın inkişafı istiqamətində dövlət səviyyəsində atılmış mühüm addım oldu. Azərbaycanda plüralizmin, söz və məlumat azadlığının təmin edilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, müasir çağırışlara cavab verən mətbuatın formalaşması əvvəlki illərdə də dövlətin əsas hədəflərindən olub. Şübhəsiz, o zamanlar da ölkə başçısının qeyd etdiyi kimi, bəzi həqiqətlərin aşkar olmasını istəməyən məmurlar mətbuata qarşı əngəllər yaratmağa çalışırdılar. Amma unutmamışıq, mərhum prezident Heydər Əliyevin aparıcı media orqanlarının rəhbərləri ilə görüşünü, vaxtaşırı jurnalistlər üçün ayaqüstü brifinqlər keçirməsini, bəzən onların da fikirlərini öyrənməsini. Dövlət başçıları mətbuatın nə qədər önəmli institut olduğunu doğru-düzgün dəyərləndirdiyi üçün onun ayaqda olmasından ötrü daim diqqət göstərib və bu proses davam etdirilir.

er.jpg (95 KB)


Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, medianın potensialının və qlobal informasiya məkanında layiqli yer tutmasına hərtərəfli dəstəyinə MEDİA-nın Nizamnaməsinin təsdiq olunması zamanı bir daha şahid olduq. Agentliyin fəaliyyət istiqamətləri, qarşısına qoyulan vəzifələr də sözügedən Fərmanın nə qədər vacib əhəmiyyətə malik olduğunu təsdiqləyir. Elə ondan sonrakı dönəmdə atılan addımlarda...

d8408b48-fd77-4d0c-823a-503d749a241b.jpg (147 KB)

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev əslində köməkçiləri hesab etdiyi jurnalistlərə nümunə oldu, dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələr verməklə, xalqımızın haqq səsinin dünyaya çatdırmaqla...Dövlətimizin başçısı hər zaman əminliklə bildirib ki, Ermənistanla müharibə bitsə də, informasiya savaşı uzun illər davam edəcək. Bu isə mətbuatın daim ayaqda olmasını, bir an belə “səngər”ini tərk etməməsini şərtləndirən mövqedir. Heç şübhəsiz biz ölkə daxilində deyil, xarici auditoriyalarda da düşmənə və onun saxta iddialarına istinad edərək dövlətimizin üzərinə gəlməyə çalışanlara, əsassız ittihamları əldə bayraq edənlərə istənilən yüksəklikdən və mövqedən “zərbələr” endirməyi bacarmalıyıq, burada medianın mühüm rolu danılmazdır. Bəli, dövlət başçısı düşmənə, onun havadarlarına tarixi dərs verməklə mətbuatımıza nümunə oldu və məhz bundan sonra MEDİA adlı yeni qurumun əsasının qoyulması barədə qərarını verdi. Bu, artıq daha böyük hədəflər, daha mühüm vəzifələr deməkdir, ölkə miqyasından kənara çıxmağı bacaran medianın mövcudluğunda dövlətin, onun liderinin maraqlı olmasının əyani sübutudur. Təbii ki, cəmi 31 illik müstəqillik tarixi olan mətbuatımız üçün qısa müddətdə böyük sədləri aşıb keçməsi asan deyil, amma təcrübə deyir mümkünsüz də deyil. Azərbaycan mediasınının Vətən müharibəsi dövründəki fəaliyyəti qənaətbəxş sayıla bilər. Məsələn, 2016-cı ilin Aprel döyüşləri zamanı müşahidə olunan neqativləri 44 günlük müharibə dönəmində görmədik, qısa zaman kəsiyində əxz olunan təcrübə, dövlət-media münasibətlərinin intensiv şəkildə həyata keçirilməsi, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə silahlanma son nəticədə Azərbaycana qarşı yönəlmiş informasiya təxribatlarının qarşısının alınmasında sözünü dedi. Eyni zamanda ölkəmizin informasiya məkanının qorunması, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də bir sıra media mənsublarımızın fədakar fəaliyyətini müşahidə etdik, xarici ölkə mətbuatında Azərbaycan həqiqətlərinin yayılması istiqamətində bəzən rəqabətli fəaliyyətin belə şahidi olduq. Jurnalistlərimizin vətənpərvərliyi postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərlərdən hazırlanan reportajlarda, erməni vəhşiliyi və vandallığı haqqında həqiqətlərin dünyaya yayılmasına yönəlik fəaliyyət zamanı da özünü bir daha nümayiş etdirdi.

ererer.jpg (68 KB)

Bir anlıq təsəvvür edək ki, mətbuata diqqət və qayğı olmasaydı, media dövlətin dəstəyini alıb da, ayaqda qalmasaydı, o halda düşmənin qəfil hücumu zamanı hansı potensialla ortaya çıxardı? Deməli, dövlətin media siyasətinə nədən bu qədər önəm verməsi, onu yad təsirlərdən qorumaqla bağlı həssasiyyəti səbəbsiz deyilmiş. Bir sıra hallarda Azərbaycanda mətbuat nümayəndələrinə dövlət dəstəyinin olmasının “yanlış” olduğu barədə iddialar səsləndirənlər də olur. Amma onlar nədənsə unudurlar ki, söhbər müstəqilliyinin yaşı qədər torpaqları işğal altında olan dövlətin mediasından gedir. Bu mənada mətbuatı taleyin ümidinə buraxmaq elə Qarabağın taleyini vasitəçilərin ümidinə buraxmaq qədər təhlükəli olardı. Torpaqların işğaldan azad olunması üçün ordunun gücü önəmli olduğu qədər də - necə ki, bütün dünya 44 gündə bu gücü gördü – milli mətbuatımızın da inkişafı olduqca vacib məsələydi. İnformasiya adlı silah da savaşda çox əhəmiyyətlidir, dövlət bu silahın gücünü tamamilə düzgün hesablayıb və onu gözündən bir an belə kənarda qoymayıb. Proses məntiqi ardıcıllıqla davam edir. Son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması və sair istiqamətə görülmüş işlər çox vacibdir. “Media haqqında” Qanunun geniş ictimai diskussiyalardan, parlament dinləmələrindən, həmçinin komitə və plenar iclaslardakı müzakirələrdən sonra qəbul edilməsi qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində çox mühüm addım oldu. Jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsi baxımından da qanunvericilik bazası mütərəqqi əhəmiyyət kəsb edirdi. Media sahəsindəki islahatların davamı olaraq, bir sıra yeniliklərin tətbiqinə başlanıldı. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Fərmanı ilə jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi; Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli Qərarı ilə qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışının ƏDV-dən azad edilməsi; Veb-saytların reytinqinin və dəqiq oxucu sayının şəffaf müəyyənləşdirilməsi məqsədilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması “Metrix” layihəsinin hazırlanması media ictimaiyyətinə təqdim edilməsi...

indir.png (786 KB)

Mətbuat nümayəndələrinin yaradıcılığının stimullaşdırılması ilə bağlı yeni qaydalar da təqdirolunandır. Jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılması məqsədilə il ərzində iki dəfə Fərdi jurnalist müsabiqəsinin keçirilməsi artıq gözəl ənənə halını alıb. Özü də bu sahədəki şəffaflıq və obyektiv qiymətləndirmə yeni qurumun müsbət fəaliyyətinin daha bir göstəricisidir. Eyni zamanda MEDİA Agentliyi tərəfindən dünyanın qabaqcıl media təşkilatlarınınvə xarici ekspertlərin iştirakı ilə jurnalistlər üçün silsilə təlim və seminarların təşkil edilməsi beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və xarici auditoriyaya çıxış imkanlarının əxz olunması baxımından olduqca əhəmiyyətlidir. Təkcə 2021-ci il ərzində Agentlik tərəfindən həyata keçirilən təlimlərə, seminarlara və digər layihələrə 60-dan çox təlimçi və 350-dən çox media nümayəndəsinin cəlb edilməsini məmnunluqla qeyd edə bilərik. Eyni zamanda jurnalistlərin dövlət qurumları ilə qarşılıqlı kommunikasiyasının gücləndirilməsi, əməkdaşlığının optimallaşdırılması və informasiya mübadiləsinin daha effektiv təşkili məqsədilə dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar və təlimlərin keçirilməsi də müsbət addımlardandır. Bununla yanaşı, jurnalistlərin ixtisaslaşması və sahəvi jurnalistikanın inkişaf etdirilməsi məqsədilə MEDİA Agentliyinin bir sıra dövlət qurumları və təşkilatlarla əməkdaşlıq etməsi, jurnalistlər üçün birgə təlimlər təşkil etməsini vurğulamaq olar. MEDİA Agentliyinin rəhbərliyinin hər zaman müzakirələrə açıq olması, jurnalistlərlə təmasa daim üstünlük verməsi, bu sferaya yeni nəfəs gətirməsi mətbuatımızın şansı və qazancı hesab oluna bilər. Bundan əlavə, Avropa ölkələrində geniş istifadə olunan formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyət ölkəmiz adına yenilikdir. Tətbiq edilən yeniliklər media fəaliyyəti sahəsində mövcud olmuş neqativ halların aradan qaldırılması, şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir, eyni zamanda jurnalist adında reket fəaliyyət üçün yararlanmağa çalışanların qarşısına keçilməz əngəl olacaq.

zerda.jpg (30 KB)

Qarşıda isə uzun, gediləsi uzun yol var, Həsən bəy Zərdabidən baş alıb gələn yolda maneələrin hər zaman olacağına şübhəmiz yoxdur. Çünki “düzü-düz, əyrini-əyri” yazanların hamı tərəfindən sevilməsi zatən mümkünsüz. Amma Azərbaycan media mənsubları bir tərəfdən şanslıdır: dayağı dövlətdir, jurnalistləri köməkçiləri hesab edən lider var. Media mənsublarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını belə öz siyasətində önəmli məsələ hesab edən dövlət başçısı...Sözsüz ki, sonda dövlətin də yükünü azaltmaq lazımdır, ölkəmizdə reklam bazarını inkişaf etdirilməsi, media subyektlərinin maliyyə asılılığından azad olması, özlərinin ayaqda qalmasını təmin etməsinə nail olmaqla. Bununçünsə də çalışmalıyıq, hamılıqla...

Qarşıdan gələn Milli Mətbuat günümüz, yeni yaşımız mübarək! Dövlətimiz və bayrağımız var, haqq sözümüz daim keçərli olsun!

Elşad Paşasoy,
Musavat.com

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR