İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı terrorçuları təhvil vermək əvəzinə, qaçırmaq istəyənlərin məsuliyyəti

522 01.08.2023 13:12 Siyasət A A

Xaçatryan olayı sübut etdi ki..; Rusiya, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digərləri Bakının qətiyyətli addımlarından dərsini götürməlidir; Meşəlidə soyqırımı törətmiş cinayətkarla bağlı şok məlumatlar

Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmiş, işgəncələr vermiş və uzun illərdir axtarışda olan ermənilərdən biri - Vaqif Çerkezoviç Xaçatryan 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyərkən Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib.

Xatırladaq ki, Xocalı soyqırımında, azərbaycanlılara qarşı digər kütləvi soyqırımlarda, cinayətlərdə, işgəncələrdə iştirakı dəqiq təsbit olunmuş xeyli sayda erməni barəsində uzun illərdir cinayət işləri başlanıb və onlar axtarışdadır. Onların sayının 300-dən artıq olduğunu ermənilər özləri də təsdiqləyirlər. Xaçatryan Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının qətlə yetirilməsində, diri-diri yandırlmasında, onlarla azərbaycanlıya dəhşətli işgəncələr verilməsində iştirak etmiş ermənidir. Normalda post müharibə dövründə sülhməramlı kontingent və beynəlxalq təşkilatlar, hansı ki, onlar insan hüquqlarından, beynəlxalq hüquqdan dəm vurur, bu caniləri, terrorçuları müəyyən edən kimi Azərbaycana təhvil verməli idilər. Lakin sülhməramlılar 3 ilə yaxındır onları himayəsində saxlayır, BQXK isə terrorçunu Ermənistana qaçırmağa çalışır...

Bu arada, avqustun 1-də Azərbaycan və Qarabağdakı erməni nümayəndələrinin Bratislavada keçiriləcək görüşünün olacağı barədə xəbər təkzib edilib. Erməni siyasətçi, qondarma “artsax prezidenti yanında böhran şurasının sədri” Tiqran Petrosyanın iddiasına görə, “Azərbaycan tərəfi heç bir izahat vermədən bu görüşdən imtina edib”. Qeyd edək ki, Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında müzakirələrin olacağı barədə iddia erməni siyasətçi Arman Babacanyan tərəfindən ortaya atılmışdı. Onun sözlərinə görə, görüş təşəbbüsü ABŞ-dən gəlib və Vaşinqtonun vasitəçiliyi ilə müzakirələrin Bolqarıstanda aparılacaq.

Əslində Azərbaycan icmalararası görüşlərdən heç zaman yayınmayıb, hətta Xocalıdakı ilk görüşdən sonra növbəti danışıqların Bakıda keçirilməsi təşəbbüsünü irəli sürmüşdü, lakin ermənilər bundan imtina etdilər. Qoy ermənilər bu görüşlər üçün minnətçi düşsünlər, dövlətimizin mövqeyi bəllidir: canilər rədd olur, Azərbaycan vətəndaşı olaraq yaşamaq istəyən sakinlər dövlətimizin onlara münasibətdə sərgilədiyi tarixi şansdan bəhrələnirlər. Bunun üçün Bolqarıstana getməyə ehtiyac yoxdur. Sadəcə, Qarabağdakı separatçılar özlərini “tərəf” kimi sırımaq üçün dəridən - qabıqdan çıxır...

Dövlətimizin qətiyyəti və iradəsi Laçın qapısındakı əməliyyatda bir daha hər kəsə bəlli oldu. İnsan hüquqlarından ağızdolusu danışan bəzi beynəlxalq təşkilatlar, dövlətlər isə Vaqif Xaçatryanın həbsini alqışlamalı olduqları halda, bir terrorçunun müdafiəsinə cəhd edirlər. Bu, sözün əsl mənasında, rəzalətdir. Normalda onun beynəlxalq hüququn tələbinə uyğun olaraq sərt şəkildə cəzalandırılması yönündə bəyanatlar verilməlidir. Ortada konkret insanlıq əleyhinə cinayət faktları var: Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərində iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb. Mail Məmmədov Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı ermənini tanıyıb və ona olmazın işgəncələr verdiyini deyir: “Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən isə Vaqif olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Və mənə verdiyi işgəncələr gözümün önümə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”.

“Ermənilər 1991-ci ilin 22 dekabrında Xocalı rayonunun Meşəli kəndində ailəmizin 5 üzvünü amansızlıqla qətlə yetirdilər”. Bunu isə Meşəli faciəsində ailə üzvlərini itirmiş Zəminə Əliyeva bildirib: “Ailəmizin 3 üzvünü diri-diri yandırdılar. Ailəmizin 9 üzvündən 5-i - atam, anam, iki bacım və bir qardaşım amansızlıqla qətlə yetirilib. Çox dəhşətli gün idi. 53 yaşlı atamı, 45 yaşlı anamı və 17 yaşlı bacımı diri-diri yandırdılar. 15 yaşlı bacımı ürəyindən güllələyib ardınca da 78 güllə vuraraq qətlə yetirdilər. Qardaşım polis əməkdaşı idi. O, dağın üstündən kəndi güllə atəşinə tutan erməni silahlısını zərərsizləşdirmək üçün gedən zaman snayperin açdığı atəş nəticəsində şəhid oldu. Kiçik qardaşım Barat isə yaralı halda Vaqif Xaçaturyan tərəfindən əl-qolu bağlanılaraq maşının yük yerinə qoyularaq girov götürülüb. Qardaşım isə yolda əli-qolu bağlı özünü maşından dərəyə atıb. Xoşbəxtlikdən yaralı vəziyyətdə qaçaraq sağ qala bilib”...

Bu dəhşətləri törətmiş şəxslərin cəzalandırılması üçün Azərbaycan 30 il dünyaya müraciət edib, kömək istəyib. Ancaq reaksiya verilməyib. İndi Azərbaycan Qarabağı işğaldan özü, təkbaşına azad etdiyi kimi, caniləri, terrorçuları da eyni qaydada özü cəzalandırır və tamamilə haqlıdır. Buradan həm də o nəticə hasil olur ki, ermənilər və onların havadarları Laçın yolunda Azərbaycanın sərhəd-keçid məntəqəsi yaratmasına canilərin ələ keçməməsi, Qarabağdan qaça bilmələri üçün etiraz edirdilər... Xaçatryanın həbsindən sonra belə rəylər də var ki, caniləri Qarabağdan sülhməramlıların helikopterlərində də Ermənistana qaçıra bilərlər. Bu səbəbdən Silahlı Qüvvələrin helikopterlərdən istifadəsinə ciddi nəzarət tətbiq olunmalıdır və onlar yalnız yoxlamalardan sonra uçuş etməlidirlər.

İlham İsmayıl koronavirusdan sağaldı Pravda.az

İlham İsmayıl: “Axtarışda 300 Qarabağ ermənisi var və onların hamısını rusların helikopterlərlə aradan çıxaracaqları inandırıcı deyil”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında təəssüflə vurğuladı ki, Rusiya hərbi kontingentinin Qarabağdakı fəaliyyətinə nəzarət və maneə mexanizmimiz yoxdur: “Laçın yolunda sərhəd nəzarət məntəqəmimiz yaradılanadək rusların imkan verdiyi şərait nəticəsində həmin ərazidən keçərək erməni silahlı qüvvələri silahlandırılmış, erməni, ftansız, yunan ideoloji təbliğatçılar, İran hərbi təlimçilər separatçıları siyasi, hərbi cəhətdən Azərbaycana qarşı hazırlayıblar. İndiki şəraitdə isə Rusiya hərbi kontingenti helikopterlər vasitəsilə kritik daşımalarla məşğuldurlar”. İlham İsmayıl bildirdi ki, bu daşımada əsasən ərzaq məhsulları, bəzən də separatçıların liderləri də yer alır: “Bizim müşahidə imkanlarımız olsa da, Rusiyanın helikopter uçuşlarına maneə mexanizmimiz yoxdur, baxmayaraq ki, hava məkanına nəzarəti Azərbaycan həyata keçirir. Xocalı aeroportuna nəzarətimizi isə Rusiya Federasiyası qəbul etmir”. Ekspertimiz Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də heç bir nəzarət funksiyasına malik olmadığını təəssüflə vurğuladı: “Sabah Ruben Vardanyan İrəvanda mətbuat konfransı keçirsə, təəccüblü olmamalıdır, o cümlədən digər separatçı liderlər də. Amma onu da qeyd edək ki, axtarışda 300 Qarabağ ermənisi var və onların hamısını rusların helikopterlərlə aradan çıxaracaqları inandırıcı deyil. Azərbaycan tərəfi bu problemlə əlaqədar Rusiya hərbi kontingentinin komandanlığına xəbərdarlıq edə bilər və konkret faktlar ortaya qoyulduqda, bu, Rusiya Federasiyası sülhməramlılarının 2025-ci ildə Azərbaycanı tərk etməsinin səbəblərindən biri kimi irəli sürülə bilər. Ona görə də Azərbaycan zamanı dəyərləndirməli, Qarabağın qalan hissəsində də dövlət nəzarətini bərpa etmək üçün mərhələli mexanizmini, yəni siyasi yol xəritəsini qarşı tərəflərə bildirməli, vaxt verməli və əməl edilmədikdə hərbi güc tətbiq edəcəyini də elan etməlidir. Əks halda problemlər dərinləşə və daha çox beynəlxalq müstəvidə müzakirələrə, hətta təzyiqlərə məruz qala bilərik. 19 yük maşını təxribatı kimi”. O ki qaldı Xaçatryanın cinayətlərinə, İlham İsmayıl bununla bağlı ilginc faktları açıqladı: “Bu ailənin üzvləri daşnak təfəkkürünün daşıyıcılarıdır. Qeyd eək ki, onun nəvəsi də 44 günlük müharibədə Azərbaycana qarşı vuruşub. Döyüşlərin birində ağır yaralanıb və komaya düşüb. Bir müddət komada qalıb. Komadan çıxandan sonra nə danışa bilir, nə də yeriyir. Xankəndidə yataq xəstəsidir. Çox güman ki, Xaçatryanı müşayiət edən qızının oğludur”.

Ermənistan və erməni yalanlarını tirajlayan qüvvələrin Laçın yolu üzərində qurduğu TIR siyasəti, əslində oyunbazlığı iflasa uğradı. Azərbaycan dövləti onun sərhəd qapısından “xəstə” cildində, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində aradan çıxmaq istəyən canilərdən birini qandalladı. Bu, həm də o deməkdir ki, prosesləri diktə edən Azərbaycan dövlətidir və kimsə onunla hədə-təhdid dilində danışa bilməz! Canilərin siyahısında olan Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Arayik Arutyunyan, Ruben Vardanyan kimi çoxlu sayda cinayətkar mülki ermənilərin girov saxlanılmasını həm də özlərini xilas düstutu kimi anlayırlar. Amma çox qalmayıb, həm canilərin cəzalandırılmasına, həm də erməni sakinlərin xilasına! Rusiya, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digərləri Bakının qətiyyətli addımlarından dərsini götürməlidir. 30 il ərzində Qarabağdakı terrorçuları Azərbaycana təhvil vermək əvəzinə, onları qaçırmaq istəyənlərin məsuliyyəti kifayət qədərdir. Anlamayacaqlarsa, anladacaq dövlətimiz!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR