İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı sülhməramlılara BMT mandatı verilə bilər? - Azərbaycana qarşı yeni hiylə

968 28.07.2023 10:17 Siyasət A A

Qarabağdakı Rusiya sülhməramlılarının bölgədə son qalma müddəti məlumdur: 2025-ci ilin noyabrı. 10 noyabr kapitulyasiya sənədinə əsasən onların bu qüvvələrinin heç bir mandatı yoxdur, o cümlədən BMT tərəfindən verilən mandata da sahib deyillər. Buna həm Rusiya, həm də Ermənistan dəfələrlə cəhd eləsə də, Azərbaycan imkan verməyib. Yəqin ki, verilməyəcək də.

Çünki o halda sülhməramlı kontingentin Qarabağdan çıxarılması faktiki mümkünsüz hala gələ, Azərbaycandan asılı olmayan məsələyə çevrilə bilər. Moskvaya və separatçılara da elə bu lazım deyilmi? Acı təcrübə kimi yada salaq ki, Rusiya sülhməramlıları Abxaziya və Cənubi Osetiyada beynəlxalq mandata malik olub. Sonrası məlum: onlar münaqişə tərəfinə çevrilərək, separatçılarla birgə Gürcüstana qarşı hərbi əməliyyatlara başladılar, Abxaziya və Cənubi Osetiya Rusiyaya ilhaq edildi. Separatçıların son vaxtlar mandat məsələsini tez-tez gündəmə gətirməsi də sözsüz ki, ən əvvəl bununla bağlıdır. “Rusiya sülhməramlı kontingentinə beynəlxalq mandatın verilməsi nəinki mümkündür, həm də zəruridir”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikri “Sputnik Ermənistan”a müsahibəsində erməni tarixçi və keçmiş diplomat Ruben Zərgəryan bildirib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsasında Rusiya sülhməramlı kontingentinin statusu BMT-nin mandatı ilə daha güclü legitimlik qazana və Bakını “Dağlıq Qarabağa və Rusiya sülhməramlılarına qarşı təcavüz cəhdləri”ndən məhrum edə bilər.

Zərgəryan ardınca iddia edib ki, BMT mandatı almış sülhməramlıların səlahiyyətlərinə statusla bağlı ərazidə referendumun keçirilməsini təmin etmək də daxildir. O, nümunə kimi, yəni onun təbirincə, “artsax üçün ən mühüm presedent” qismində 1999-cu il avqustun 30-da Şərqi Timorda keçirilmiş referendumu göstərib. Yəni belə çıxır, bu dəfə BMT mandatı alacaq Rusiya sülhməramlılarının nəzarəti altında keçiriləcək “legitim referendum”la bölgəni Azərbaycandan həmişəlik qoparmağa çalışacaqlar.

Odur ki, Azərbaycan heç bir mandat oyununa getməyərək, uzağı, 2025-dək məsələni bitirməli, separatçılarla  “ət-dırnaq” kimi olmuş sülhməramlı kontingenti öz ərazisindən çıxarmalıdır.

Bəs Moskva və İrəvanın Qarabağda “ağır humanitar durumu”, “iki xalqın birgəyaşayışının mümkünsüzlüyü”nü bəhanə edib sülhməramlı kontingent üçün BMT TŞ-dən beynəlxalq mandat almaq cəhdləri nə dərəcədə tərəfdar toplaya bilər? TŞ-dəki 5 daimi üzvdən (ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə) hansı biri xeyrimizə veto hüququndan istifadə edər?

Bəhruz Məhərrəmov: Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq  əleyhinə cinayәtdir

Bəhruz Məhərrəmov: “Nə erməni silahlı qüvvələrinin, nə də sülhməramlıların...”

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a vurğuladı ki, Rusiya sülhməramlılarının bölgəyə gəlişinin yeganə hüquqi bazası 10 noyabr kapitulyasiya aktıdır: “Üçtərəfli bəyanatın 3-cü və 4-cü maddəsinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşmə şərti və qalma müddəti, eyni zamanda çıxarılma mexanizmi müəyyənləşdirilir.

Məsələ burasındadır ki, sülhməramlı kontingent fəaliyyəti üçün yeganə normativ əsas olan üçtərəfli bəyanatın məhz özünə aid olan hissədə təməl prinsiplərini pozan davranışlar nümayiş etdirməkdədir. Belə ki, bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin nə erməni silahlı qüvvələrinin, nə də sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərdəki separatçıların terrorçu birliklərinin çıxarılması və tərk-silah edilməsinə dair heç bir addım atılmayıb. Üstəlik, Rusiya sülhməramlı kontingenti nəinki hərəkətsizlik göstərməklə kifayətlənib, hətta ərazilərimizdəki qanunsuz erməni silahlı qüvvələrinin və separatçıların terrorçu birliklərinin hərbi imkanlarının artırılmasında birbaşa iştirak edib, ötən ilin dekabrına qədər Ermənistandan silah-sursat daşınmasına həm şərait yaradıb, həm də bu daşımaları həyata keçirib.

Eyni zamanda sülhməramlı kontingentin komandanlığı Qarabağda siyasi güc kimi davranmağa, separatçı xuntanın “müdafiə və təhlükəsizlik naziri”, yaxud sovetlər birliyinin məşhur ideoloji iş üzrə katibi kimi davranmağa, mitinqlər təşkil etmək, gənclərə döyüş hazırlığı keçmək kimi səlahiyyəti xaricində fəaliyyətlə məşğul olmağa başlayıb. Ən son dövrlərdə isə Ermənistan və qərbli havadarlarının humanitar böhran şousunda sülhməramlılar daha çox katalizator kimi davranır.

Əlbəttə, bütün bunlar bölgədə Rusiya Federasiyasının sülhməramlı kontingentinə ictimai etimadı sıfıra endirib. Bu mənada kontingentin səlahiyyətlərinin əlavə beynəlxalq aktlarla möhkəmlənməsi, yaxud müddətinin uzadılması məsələsi gündəm deyil. Bildiyiniz kimi, cənab İlham Əliyev ötən il Şuşada sülhməramlıların səlahiyyət müddətinə diqqət çəkmişdi. Bugünlərdə isə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 2025-ci ildə sülhməramlıların bölgədən gedəcəyini bildirməklə əslində yaxın dövr üzrə regional inkişaf istiqaməti barədə Ankaranın da niyyətinin bu yöndə olduğunu bəyan etmiş oldu".

CIA.AZ

Elşən Mustafayev: “Rusiya bu mandatın verilməsi ilə bölgədə müddətsiz qalmağı arzulayır, amma...”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev dünya güclərinin vaxtları bitən kimi rus sülhməramlıların Qarabağda qalmalarına razı olmayacaqlarını bildirdi: “44 günlük müharibə bitəndən sonra bölgəyə sülhməramlı adı altında Rusiya hərbçilərinin yerləşdirilməsi hələ o zaman xaricdə birmənalı qəbul olunmamışdı. Rusiyaya dünyada gedən proseslər səbəbindən təkbaşına sülhməramlı missiyasını həyata keçirməsinə soyuq yanaşılırdı və bildirilirdi ki, bu missiya əslində Cənubi Qafqazda daimi qalıb möhkəmlənməyə xidmət edir. Bunun üçün isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına müxtəlif yollarla mane olunacağı haqda da fikirlər bildirilirdi.

Bunlardan sonra BMT-nin Rusiyaya mandat verə biləcəyi ehtimallarını belə qəbul etmək istəmirəm. Bu haqda müxtəlif səviyyəlı çağırışlar ola bilər. Amma hazırda dünyada baş verən məlum hadisələrdən dolayı BMT-də Böyük Britaniya və ABŞ-ın bu mandatın verilməsinə qarşı olacağı şübhəsizdır. Əslində Rusiyaya bu mandatın verilməsi eyni zamanda Ermənistanın indiki hakimiyyətinin də maraqlarına zidd olub. Onlar üçün belə bir missiyanın başqa dövlətlərin hərbiçiləri tərəfindən həyata keçirilməsi arzuolunan olub. Öncələr bu istiqamətdə bəzi bəyanatların şahidi olmuşuq. Görünür, həm Rusiya təzyiqindən, həm də bu gedişlə problemin onların “maraqlarına” zidd birdəfəlik həll olunma perspektivinin çox yaxında olduğundan narahat olaraq ruslara BMT mandatının verilməsi üçün çağırışların şahidi oluruq.

Düşünürəm ki, yaxın vaxtlarda ermənilərin “humanitar fəlakət” şousu kökündən fiaskoya uğrayacaq və sülh müqaviləsinin imzalanması istiqamətində daha aktiv fəaliyyət qaçılmaz olacaq. Siyasi kuluarlarda, hətta rəsmi acıqlamalarda rus hərbiçilərinin 2025-ci ildə Qarabağdan çıxacağı ilə bağlı fikirlər və tələblər səsləndirilir. Ərdoğan bu fikri xüsusi olaraq vurğulamışdı. Deməli, bundan narahat olanlar, yəni Rusiya bu mandatın verilməsi ilə müddətsiz bölgədə qalmağı arzulayır. Amma müzakirə mövzusunun mərkəzində Rusiya olduğundan, dünya güclərinin onların bu istəyinə hə deyəcəyi inandırıcı deyil. Bir çox dövlətlərin erməni sevgisi, təəssübkeşliyi olmasına baxmayaraq, hətta onlar da son anda buna qarşı çıxacaqlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR