Geosiyasi balansın sürətlə dəyişdiyi bir mərhələdə Qara dəniz və Ukrayna ətrafında təhlükəsizlik mexanizmləri ilə bağlı ardıcıl və diqqətçəkən açıqlamalar verilib.
Musavat.com xəbər verir ki, Qərbin aparıcı liderləri və rəsmi şəxsləri müharibədən sonrakı mərhələdə regionda sülhün, tranzitin və hərbi təhlükəsizliyin təmin olunması üçün konkret öhdəliklərin bölüşdürülməsinə dair açıq mesajlar səsləndiriblər.
Açıqlamalarda əsas konturlar artıq formalaşıb.
Qara dənizdə nəzarət Türkiyəyə verilir
Qara dənizdə logistik və tranzit təhlükəsizliyinə nəzarətin Türkiyəyə həvalə olunacağı bildirilir. Fransa prezidenti Emmanuel Makron da dəniz təhlükəsizliyinin təmin edilməsində Türkiyənin əsas rol oynamağa hazır olduğunu açıqlayıb.
Avropa təhlükəsizliyində Almaniya önə çıxır
Almaniyanın müxalifət liderlərindən Fridrix Merz bəyan edib ki, Berlin Ukraynanın və ümumilikdə Avropa qitəsinin təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Bu açıqlama Almaniyanın quru təhlükəsizliyi və siyasi koordinasiya sahəsində aparıcı rol alacağını göstərir.
ABŞ hava nəzarətini üzərinə götürür
Makronun sözlərinə görə, Ukrayna ordusunun şəxsi heyəti 800 min nəfərə çatdırılacaq. Atəşkəs rejimi dövründə hava dəstəyi və hava məkanına nəzarəti isə ABŞ təmin edəcək.
Vaşinqton kompromis ehtimalını istisna etmir
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Vaşinqton Rusiyanın yeni anlaşmaya razılıq verəcəyinə və ərazi məsələləri ilə bağlı kompromisin mümkün olacağına ümid edir.
Təhlükəsizlik zəmanətləri imzalanma mərhələsindədir
Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri artıq hazırdır və yaxın vaxtlarda rəsmi şəkildə imzalanacaq.
Qeyd olunan açıqlamalar Qara dəniz hövzəsində Türkiyənin dəniz təhlükəsizliyində mərkəzi rolunun gücləndiyini, ABŞ-nin hava komponentinə nəzarəti, Avropanın isə quru və siyasi məsuliyyəti üzərinə götürdüyünü göstərir. Bu bölgü müharibədən sonrakı mərhələ üçün yeni regional təhlükəsizlik arxitekturasının formalaşdığını açıq şəkildə ortaya qoyur.
Musavat.com






