Yaxın Şərqdə hərbi gərginlik fonunda İsrail ordusu Qəzza zolağında HƏMAS qruplaşmasının rəhbər heyətinə qarşı növbəti nöqtə zərbəsi endirib.
Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimalında həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS-ın istehsalat mərkəzinin şöbə rəhbəri Fəras əl-Məzri zərərsizləşdirilib. Rəsmi məlumatlara görə, əl-Məzri təşkilatın hərbi potensialını yenidən bərpa etmək cəhdləri çərçivəsində silah və sursat istehsalına birbaşa cavabdeh olan əsas şəxslərdən biri olub.
Bundan əlavə, anklavın eyni hissəsində keçirilən digər bir əməliyyat zamanı HƏMAS-ın elit xüsusi təyinatlı bölməsinin üzvü Məhəmməd Əbu Şakiyan da məhv edilib.
Kəşfiyyat məlumatlarına görə, sözügedən şəxslər son aylarda İsrail hərbçilərinə və mülki vətəndaşlarına qarşı genişmiqyaslı hücum planlarının hazırlanmasında aktiv iştirak edirdilər.
Bu zərərsizləşdirmə əməliyyatının HƏMAS-ın bölgədəki hərbi gücünə və silah təminatına ciddi zərbə vurduğu bildirilir.
Musavat.com






