ABŞ kəşfiyyatı və hərbi dairələri Yaxın Şərqdə nüvə balansını tamamilə dəyişəcək irimiqyaslı və gizli bir plan üzərində işləyir.
Musavat.com xəbər verir ki, "New York Post" (NYP) qəzetinin yaydığı şok məlumata görə, ABŞ xüsusi təyinatlı qüvvələri İranın yaxşı qorunan nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün hərbi tarixin ən mürəkkəb əməliyyatına başlamaq üçün uyğun anı gözləyir.
Minlərlə quru qoşunu hərbçisinin cəlb oluna biləcəyi bu görünməmiş əməliyyatda ABŞ-ın elit hərbi birləşmələri, o cümlədən dəniz piyadalarının "Gümüşü eskadron"u, 2-ci reyncer batalyonu və quru qoşunlarının 21-ci artilleriya rotası iştirak edə bilər.
Peyk kəşfiyyatının məlumatlarına əsasən, əməliyyatın əsas hədəfləri İranın Fordo və İsfahandakı nüvə mərkəzləri olacaq. İran tərəfinin artıq bu obyektlərdə müdafiəni gücləndirdiyi və minalanmış tələlər quraşdırdığı bildirilir.
ABŞ xüsusi təyinatlılarının bu möhkəmləndirilmiş müdafiə xətlərini və mina sahələrini yararaq güclü müdafiə perimetri quracağı, ardınca isə kiçik bir elit qrupun uran materiallarını çıxarmaq üçün son dərəcə təhlükəli əməliyyat icra edəcəyi planlaşdırılır.
Musavat.com






