İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın ABŞ-yə “insan hüquqları dərsi”: Paris niyə güzgüyə baxmır?

319 26.07.2026 15:03 Siyasət A A

Fransanın BMT-nin Cenevrədəki Daimi Nümayəndəliyinin ABŞ-yə ünvanladığı sərt bəyanat beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub. Missiyanın rəsmi X hesabında yayımlanan açıqlamada bildirilirdi ki, “ABŞ bir vaxtlar insan hüquqlarının simvolu idi. Artıq belə deyil. Bu gün o, Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə eyni sırada dayanır və təcrid olunub. Dünya artıq ona qulaq asmır”.

Bu bəyanat ABŞ-nin BMT İnsan Hüquqları Şurasında müəyyən məsələlər üzrə mövqeyinə siyasi reaksiya kimi qiymətləndirilir. Lakin burada diqqət çəkən əsas məqam Fransanın özünü insan hüquqları sahəsində bir növ “hakim” mövqeyində təqdim etməsidir. Çünki Parisin özü də son illərdə həm beynəlxalq təşkilatlar, həm də hüquq müdafiə qurumları tərəfindən müxtəlif məsələlər üzrə tənqid olunub.

Fransa uzun illərdir insan hüquqları və demokratiya dəyərlərinin müdafiəçisi kimi çıxış edir. Lakin ölkənin tarixi və müasir siyasəti bu iddiaların nə dərəcədə ardıcıl olduğu barədə suallar yaradır. Xüsusilə Fransanın kolonial keçmişi və dənizaşırı ərazilərlə bağlı siyasəti beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Fransa vaxtilə dünyanın ən böyük müstəmləkə imperiyalarından birinə sahib olub. Afrika və Asiyanın müxtəlif bölgələrində uzun illər davam edən müstəmləkə idarəçiliyi, yerli xalqların hüquqlarının məhdudlaşdırılması və təbii sərvətlərin istismarı Parisin tarixi məsuliyyəti ilə bağlı mübahisələri bu gün də davam etdirir.

Hazırda da Fransanın dənizaşırı əraziləri ilə bağlı siyasi məsələlər beynəlxalq diqqət mərkəzindədir. Yeni Kaledoniya, Fransa Polineziyası və digər ərazilərdə yerli xalqların siyasi hüquqları, muxtariyyət və öz müqəddəratını təyin etmək tələbləri vaxtaşırı gərginliklərə səbəb olur.

Fransa daxilində də insan hüquqları ilə bağlı mübahisəli məsələlər mövcuddur. “Sarı jiletlilər” hərəkatı zamanı polis müdaxilələri, nümayişçilərə qarşı həddindən artıq güc tətbiqi ilə bağlı iddialar beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında yer alıb. Paris hökuməti bu ittihamların bir hissəsini rədd etsə də, təhlükəsizlik siyasəti ilə vətəndaş azadlıqları arasındakı balans barədə müzakirələr davam edir.

müs.jpg (676 KB)

Bundan əlavə, miqrasiya siyasəti, dini icmalara münasibət və xüsusilə müsəlmanların hüquqları ilə bağlı məsələlər Fransanın daxili siyasətində ən çox müzakirə olunan mövzulardandır. Paris dünyəvilik prinsipini dövlət siyasətinin əsas dayaqlarından biri kimi təqdim etsə də, bəzi qərarların ayrı-seçkilik yaratdığı barədə tənqidlər səslənir.

Əlbəttə, Fransanın digər ölkələrdə insan hüquqları pozuntularını tənqid etmək hüququ var. Lakin beynəlxalq siyasətdə əsas problem ondan ibarətdir ki, insan hüquqları məsələsi çox vaxt geosiyasi rəqabətin alətinə çevrilir. Dövlətlər bəzən rəqiblərinə qarşı sərt mövqe nümayiş etdirir, lakin eyni standartları öz siyasətlərinə və müttəfiqlərinə tətbiq etmirlər.

Bu baxımdan Fransanın insan hüquqları mövzusunda verdiyi mesajlarla öz tarixi və hazırkı siyasəti arasında ziddiyyətlər olduğu iddia edilir. Paris hələ də dənizaşırı ərazilərdəki siyasətinə görə “ikili standartlar” yanaşmasında ittiham olunur.

Sakit okeandakı Fransa Polineziyası, Yeni Kaledoniya hələ də Parisin koloniyası hesab olunur. Fransa Polineziyasının ümumi sahəsi, 4,167 km², əhalisi isə 281 674 nəfərdir. Fransız Ali Komissarlığı tərəfindən idarə olunur. Yeni Kaledoniya isə 19 min kvadrat kilometr sahəyə malikdir. Əhalisi 245 580 nəfərdir. Hər iki adanın əhalisinin 90 faizi xristiandır. Vaxtilə Fransa zorla əhalini xristianlaşdırıb. Yeni Kaledoniya artıq 50 ilə yaxındır ki, müstəmləkədən azad olmaq, öz müqəddəratını təyin etmək arzusunu ifadə etsə də, Fransa hər dəfə bu arzunu boğur. Bu zaman yerli əhaliyə qarşı repressiyalara da əl atır. Digər ölkələrdə separatçıları, cinayətkar rejimləri dəstəkləyən Paris özünün müstəmləkəsində olan və müstəqillik arzusu ilə yaşayan kaledoniyalıları əsarətdə saxlamaqda davam edir. Fransanın Karib dənizi sahillərində də müstəmləkələri var. Fransız Qvianası, Qvadelupa və Martinik adaları, Komor adasının bir hissəsi hələ də Fransanın nəzarəti altındadır.

soy.jpg (397 KB)

Fransanın kolonial keçmişi ilə bağlı ən çox müzakirə olunan nümunələrdən biri də Əlcəzair tarixidir.

1954-1962 Əlcəzair Qurtuluş Müharibəsi zamanı Fransa ordusu böyük bir soyqırımla məşğul olub və 1,5 milyona qədər əlcəzairlini qətlə yetirib. Paris 1978-ci ilə qədər Əlcəzairin cənubunda gizli şəkildə 17 nüvə silahını sınaqdan keçirib. Hansı ki, onun təsirləri bu gün də Əlcəzairdə özünü göstərir. 2021-ci ilin fevralında bu sınaqların radioaktiv qalıqlarını daşıyan səhra fırtınası radioaktiv tullantıları Şimali Əlcəzairin səmasını narıncı rəngə boyamışdı. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır.

1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Qvineya-Bisau, Konqo, Seneqal çayı hövzələrində də fransız əsgərləri bu və ya digər formada yerli təbii sərvətlərin dağıdılmasına şərait yaradırlar. Fransa məcburi şəkildə dünyanın 23 dövlətinin rəsmi dillərini məhv edib.

Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında bildirib ki, son dövrlərdə baş verən geosiyasi dəyişikliklər Qərb dünyasının uzun illər təbliğ etdiyi dəyərlər sisteminin ciddi sınaq qarşısında olduğunu göstərir.

qabil.jpg (172 KB)

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistemdə Qərb dövlətləri özlərini insan hüquqları, demokratiya və azadlıqların əsas müdafiəçiləri kimi təqdim edirdilər. Lakin müasir dövrdə bu yanaşmanın daha çox milli maraqlar və geosiyasi hesablamalarla əvəzləndiyi görünür.

41074.jpg (27 KB)

Professor qeyd edib ki, Qərb dünyasında insan hüquqları məsələsinə yanaşmada ikili standartlar müşahidə olunur:

“Bir tərəfdən müəyyən dövlətlər insan hüquqlarını müdafiə etdiklərini bildirir, digər tərəfdən isə öz siyasi və iqtisadi maraqlarına uyğun olmayan məsələlərdə fərqli mövqe nümayiş etdirirlər”.

Qabil Hüseynlinin fikrincə, bu baxımdan Fransanın mövqeyi xüsusi diqqət çəkir:

“Lakin bu məsələdə ən böyük ikiüzlülük və siyasi riyakarlıq Fransa tərəfindən nümayiş etdirilir. Fransa bir tərəfdən beynəlxalq kürsülərə çıxaraq ABŞ-nin siyasətini tənqid edir, digər tərəfdən isə özünün qanlı müstəmləkəçilik keçmişini və mövcud neokolonial iddialarını davam etdirir. Paris bu gün də başqa dövlətlərə insan haqları dərsi keçməyə cəhd edir. Hələ də dənizaşırı ərazilərdə müstəmləkəçilik saxlayan, asılı xalqların azadlıq tələblərini tapdalayan bir dövlətin başqasına dəyər dərsi keçməyə nə mənəvi, nə də siyasi haqqı var! Fransa nəzarətində saxladığı müstəmləkə ərazilərində ən sərt repressiya siyasəti yürüdür, yerli əhalinin fundamental hüquqlarını kobud şəkildə pozur. Müstəmləkə zülmünə, asılılığa qarşı qalxan hər bir dinc etiraz dalğası Parisin birbaşa göstərişi ilə silahlı güc tətbiq edilərək, qan içində boğulur, insanlar güllələnir. Öz müstəmləkələrində insanları qətlə yetirən, ibtidai hüquqları tapdalayan Fransa rəhbərliyinin beynəlxalq aləmdə ədalət carçısı kimi çıxış etməsi siyasi riyakarlığın ən pik nöqtəsidir. Elə bir zəmanəyə gəlib çatmışıq ki, liberalizm, insan haqları, sağ və ya sol ideologiyalar anlayışları öz mahiyyətini itirib. Qərbin və xüsusilə Fransanın yürütdüyü bu neokolonial və ikiüzlü siyasət nəticəsində bəşəriyyətin beynəlxalq hüquqa və mənəvi dəyərlərə olan inamı tamamilə sarsılıb”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR