İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yeni komandası: "Vahid Rusiya" parlamentə kimləri göndərir?

596 13.07.2026 20:48 Dünya A A

Rusiyanın müxalif "Novaya Gazeta Europe" nəşri sentyabrda keçiriləcək Dövlət Duması seçkilərində hakim "Vahid Rusiya" Partiyasının namizədlərini əhatəli şəkildə araşdırıb.

Musavat.com xəbər verir ki bununla bağlı qəzetdə maraqlı yazı dərc olunub.

Qəzet partiyanın siyahıları və birmandatlı dairələr üzrə irəli sürdüyü 594 namizədi təhlil edərək onların siyasi və peşəkar keçmişini araşdırıb. Araşdırma göstərir ki, hakim partiyanın siyahılarında Putinin yaxın ətrafı, yüksək vəzifəli məmur və milyarder övladları, təhlükəsizlik orqanlarının nümayəndələri, Ukraynadakı müharibənin iştirakçıları, eləcə də qeyri-adi peşə sahibləri yer alıb.

Putinin yaxın çevrəsi

Araşdırmaya görə, namizədlər arasında Rusiya Prezidenti Vladimir Putinlə şəxsi əlaqələri olan bir sıra şəxslər var. Onlardan biri Putinin cüdo üzrə məşqçisi Anatoli Raxlinin oğlu Mixail Raxlindir. O, Sankt-Peterburqdan namizədliyini irəli sürüb və uzun illər atasının rəhbərlik etdiyi cüdo klubunu idarə edib. Putin ona 2019-cu ildə şəxsən "Şərəf" ordeni təqdim edib, 2024-cü il prezident seçkilərində isə Raxlin Putinin etibarlı şəxslərindən biri olub.

Hakim partiyanın siyahısında Putinin dəstək verdiyi Putin Team Russia geyim brendinin yaradıcısı Dmitri Şişkin də yer alıb. Onun şirkəti son illərdə dövlət sifarişləri, o cümlədən hərbi forma istehsalı hesabına sürətlə böyüyüb.

Namizədlər arasında həmçinin sambo federasiyasının rəhbərlərindən biri Denis Rıbakov, eləcə də Putinin şəxsi həkimi kimi tanınan Aleksey Şeqlovun atası, deputat Nikolay Şeqlov da var.

Məmur və milyarder övladları

Araşdırmada diqqət çəkən məqamlardan biri də siyasi elitanın övladlarının üstünlük təşkil etməsidir. Siyahıda Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyevin oğlu Dmitri Tuleyev, keçmiş İrkutsk meri Vladimir Yakubovskinin oğlu Aleksandr Yakubovski, yol tikintisi maqnatı Yuri Tenin oğlu Sergey Ten, milyarder Mixail Fedyayevin oğlu Pavel Fedyayev və digər tanınmış ailələrin nümayəndələri yer alıb.

Nəşr qeyd edir ki, onların bir çoxu uzun illər dövlət və ya iri biznes strukturlarında yüksək vəzifələr tutub, daha sonra isə parlament seçkilərinə namizəd göstərilib.

Müharibə iştirakçıları

"Vahid Rusiya" bu seçkilərdə Ukraynadakı müharibədə iştirak etmiş 76 nəfəri də namizəd kimi irəli sürüb. Onların arasında federal siyahının ilk beşliyinə daxil edilən Vladislav Qolovin, keçmiş Krasnodar meri Yevgeni Pervışov, "Kaskad" xüsusi bölməsinin digər üzvləri və "Qəhrəmanlar vaxtı" proqramının iştirakçıları da var.

Araşdırmada bildirilir ki, bu proqram vasitəsilə müharibədə iştirak etmiş şəxslər sürətlə dövlət idarəçiliyinə və siyasətə gətirilirlər. Bu sistemə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edir.

Hərbi cinayət ittihamları ilə əlaqələndirilən şəxslər

Araşdırmanın ən diqqətçəkən hissələrindən biri Ukraynada hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlıdır.

Moskva üzrə siyahıda ikinci sırada olan Eduard Şonovun Ukraynanın Buça şəhərinin işğalında iştirak etmiş 45-ci xüsusi təyinatlı briqadada xidmət etdiyi bildirilir. Həmin briqadanın komandiri Vadim Pankov Avropa İttifaqının sanksiya siyahısındadır.

Siyahıda həmçinin Ukraynanın məlumatına görə Xarkovdakı "Epitsentr" ticarət mərkəzinə zərbəyə görə məsuliyyət daşıyan general Aleksandr Lapin, Çernobıl AES və Borodyankanın işğalında iştirak etmiş Enver Nabiyev, eləcə də digər hərbçilər Aleksandr Filippov, Sergey KuzminçukNursultan Mussaqaleyev də yer alıb.

Hipnokoç, "arıqlama psixoloqu" və digər qeyri-adi namizədlər

Araşdırmada ən maraqlı hissələrdən biri də qeyri-adi peşə sahiblərinə həsr olunub.

Namizədlər arasında özünü hipnoloq, kouç"arıqlama psixoloqu" kimi təqdim edən Svetlana Protaseviç, Rusiyanın işğal etdiyi Xerson vilayətində cəzaçəkmə müəssisəsinə rəhbərlik etmiş Yevgeni Sobolev, KVN komandalarının rəhbəri Şumi Şabatayev, Rus Pravoslav Kilsəsinin əsas ideoloqlarından sayılan Aleksandr Şipkov və kamuflyaj geyimləri satan biznesmen Albek Abazov da var.

"Novaya Gazeta Europe" belə qənaətə gəlir ki, hakim partiyanın yeni namizədlər siyahısı Kremlin siyasi kursunu əks etdirir. Siyahıda Putinin yaxın çevrəsi, siyasi və biznes elitasının övladları, təhlükəsizlik strukturlarının nümayəndələri, Ukraynadakı müharibənin iştirakçıları və müxtəlif təbliğat layihələrində iştirak etmiş şəxslər üstünlük təşkil edir. Araşdırma müəlliflərinin fikrincə, bu, gələcək Dövlət Dumasının tərkibinin necə formalaşdırılacağı barədə aydın təsəvvür yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR