Slovakiya Baş naziri Robert Fitso Avropa Birliyi liderlərinin Rusiya prezidenti Vladimir Putinlə bağlı ikili standartlarını və pərdəarxası maraqlarını kəskin şəkildə ifşa edib.
Musavat.com xəbər verir ki, Fitso beynəlxalq ictimaiyyətdə böyük rezonans doğuran açıqlamasında Brüsseldəki diplomatların ikiüzlü davranışına diqqət çəkib. "Mən Putinlə görüşürəm və hamı məni tənqid edir. Lakin görüşdən qayıtdıqdan sonra Brüsseldə hamı tualetlərdə, gizlincə məndən onun nə dediyini soruşur", — deyə Baş nazir bildirib.
Fitso Avropa rəsmilərinin ictimaiyyət qarşısında Moskva ilə təmaslara qarşı çıxdıqlarını, lakin qapalı qapılar arxasında Kremlin planlarını öyrənmək üçün can atdıqlarını vurğulayıb.
O, haqlı bir sual ortaya qoyaraq, əgər Brüssel Putinlə dialoqun detallarına bu qədər maraq göstərirsə, niyə Rusiya ilə müstəqil şəkildə birbaşa danışıqlar aparmaqdan çəkindiklərini soruşub. Bu bəyanat Avropa siyasi dairələrində böyük qalmaqala səbəb olub.
Mənbələr Fitsonun bu sözlərini Aİ daxilindəki diplomatik riyakarlığın ən sərt şəkildə üzə çıxarılması kimi qiymətləndirirlər. Hazırda Slovakiya liderinin bu "tualet diplomatiyası" ifadəsi həm Rusiya, həm də Qərb mətbuatının ən çox müzakirə etdiyi mövzulardan birinə çevrilib. Brüsseldən isə hələlik bu ağır ittihamlara rəsmi reaksiya verilməyib.
Musavat.com






