İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin gəmisində “batan” azərbaycanlılar - XƏBƏRDARLIQ

757 13.07.2026 13:47 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi bir gəmiyə də zərbə endirilib. Dron hücumu nəticəsində “Turbo SM” adlı gəminin ön tərəfi, üstü zədələnib, arxa lövbəri qopub.

“Turbo SM” quru yük gəmisidir, Komor adaları bayrağı altında üzür, dron hücumu zamanı Azov limanında dayanıbmış. Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı azərbaycanlıdır. Xoşbəxtlikdən “Turbo SM”də heç kim yaralanmayıb.

Xatırladaq ki, iyunun 5-i Azov dənizində dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuş, 25 nəfər Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

Dəfələrlə rəsmi Bakı azərbaycanlılara çağırış edib. Lakin hələ də həm rus ordusunun tərkibində döyüşən və həlak olan, həm də sanksiyalardan yayınan müxtəlif bayraqlar altında üzən gəmilərdə olan azərbaycanlılar var.

Vətəndaşlarımızı bu təhlükədən qorumağın daha hansı yolları var?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarını Ukrayna-Rusiya savaşında və digər gərginlik ocaqlarında iştirakdan sığortalamağın ən qısa yolu ölkəmizdə yeni iş yerlərinin yaradılmasıdır: “Sirr deyil ki, bu cür təhlükəli proseslərə qoşulan vətəndaşlarımızın böyük əksəriyyəti macəra aludəçisi deyillər və öz adrenalinlərini artırmaq üçün bu cür təhlükəli oyunlara girmirlər. Mümkündür ki, aralarında o cür macərapərəstlər də olsun. Amma əminəm ki, o insanların böyük əksəriyyəti ailələrini dolandırmaq üçün bu cür xəyallara düşürlər. Əgər ölkəmizdə normal bir iş tapsalar, inanıram ki, onlar qürbət ölkələrdə macəra axtarmazlar.

Təəssüf ki, Azərbaycan təhlükəsizlik tədbirləri səbəbindən böyük qonşuları ilə bütün qapılarını bağlayıb. Xüsusilə, Rusiya və İranla sərhədlərimizin qapalı tutulması vətəndaşlarımızın iş imkanlarını da daraldır. Vətəndaşlarımız əvvəlki kimi xırda ticarətlə məşğul ola bilmir, yeni iş yerləri tapmağa çalışırlar. Beləcə, Rusiyada “könüllü” döyüşçü axtaran qrupların ovcuna düşürlər.

Vətəndaşlarımızın Rusiya və digər xarici ölkələrin legionerlərinə çevrilməsinin qarşısının alınmasının bir başqa yolu bu işi təşkilatlandırmaqla məşğul olan qeyri-rəsmi qurumların ifşa edilməsi və zamanında zərərsizləşdirilməsidir. Azərbaycan rəsmiləri unutmasınlar ki, ölkəmizdə legioner dəstələri yaradan xarici güc mərkəzləri bu silahdan sabah bizim özümüzə qarşı da istifadə edə bilərlər. Bu gün Ukrayna üçün muzdlu toplayam legioner mərkəzləri sabah həmin qüvvələrdən ölkəmizdə siyasi sabitliyi pozmaq üçün faydalanmaq xətti tuta bilərlər. Odur ki, terrorizmin ilk rüşeymi halına gələn bu dəstələrin fəaliyyətinə imkan vermək olmaz və onlara qarşı kəskin mübarizə aparılmalıdır”.

Heydər Oğuzun fikrincə, xüsusilə Rusiya üçün könüllü legionerlərin yetişdirilməsində Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin rolu da ciddi araşdırılmalıdır: “Məlumdur ki, bir çox ailələr öz övladları sabah yaxşı iş tapa bilsin deyə övladlarını rusdilli məktəblərdə oxudurlar. Dolayısıyla rusca təhsil alan bu uşaqlar şimal qonşumuza başqa mədəniyyət sahəsi kimi baxmır, onu doğma bilir və yeri gələndə onun uğrunda döyüşməyi də yadırğamırlar. Halbuki, öz milli məktəblərimizdə oxuyan övladlarımızın rus mədəni təsirinə düşməsi daha çətindir. Məhz bu kimi səbəblərdən hər dövlətin öz milli təhsil proqramı olmalı və həmin məktəblər yalnız öz dövlətini sevən, öz mədəniyyətinə bağlı olan vətəndaş yetişdirirlər. Biz isə hər il 100 minlərlə uşaqlarımızı rus məktəblərində yetişdirir, sonra isə onların niyə Rusiya üçün ölümə hazır olmasından gileylənirik. Əslində isə onları rus məktəblərinə yönəltməklə bu faciəmizin əsasını öz əlimizlə qoyuruq.

Üstəlik, rus mədəniyyət sahəsində böyütdüyümüz bu uşaqlar düz-əməlli təhsil də ala bilmirlər. Öyrəndikləri yeganə şey məişət ruscası olur. Bu rusca ilə əllərinə silah alıb savaşmaqdan başqa bir yolları qalmır. Rusiya isə açıq şəkildə onlara legionerlik təklif edir. Mənə elə gəlir ki, Kremlin bizdən israrla rusdilli təhsil ocaqları yaratmağı tələb etməsinin başlıca məqsədi də budur – legioner yetişdirmək. Məncə, Azərbaycan siyasi iradəsi bir an öncə asanlıqla terror yuvasına çevrilməsi mümkün olan bu təhsil ocaqlarını bağlamalı və yalnız öz dövlətinə bağlı vətəndaş yetişdirən gənclik yaratmaq barədə düşünməlidir.

Bəlkə bir çoxlarına mənim bu fikrim qəribə gələ bilər. Amma unutmamalıyıq ki, imperiya quruculuğu ilə məşğul olan bizim öz babalarımız da xarici ölkələrdə bu cür məktəblər, təkkələr, zaviyyələr yaratmışdılar. Osmanlı ordusunun ən güclü qanadlarından olan yeniçərilər uşaqkən öz ailələrindən qoparılıb Bektaşi məktəblərində yetişdirilən xristian uşaqlarından təşəkkül tapırdı. Bu gün də ruslar bizim uşaqlarımızı bənzər metodlarla devşirirlər. Yeganə fərq odur ki, Osmanlılar həmin yeniçəri əsgərlərini öz maliyyəsi ilə yetişdirirdi. Rus imperiyası isə öz legionerlərini uşaqların ailələrinin vəsaiti hesabına tərbiyyələndirirlər. Ona görə də potensial legionerlərini ailələrindən ayırmağa ehtiyac duymur, əksinə öz valideynlərinin himayəsində beyinlərini yuyurlar. Mənə elə gəlir ki, rus legionerçiliyinə qarşı mübarizəni də məhz rusdilli məktəblərdən başlamalıyıq”.

O ki qaldı “rus legioner”lərinin əsasən ticarət sektorunda istifadə olunmasına, Heydər Oğuz burda da qeyri-adi heç nə görmür: “Vaxtilə Qərb müstəmləkəçiləri də Türk dövlətlərinə qarşı erməni, yunan, kürd legionerlərini ticarət yolu ilə özlərinə bağlayırdılar. Onlar vasitəsilə hədəf ölkənin bütün iqtisadiyyatını öz əllərinə keçirir və proksi güclərini ölkə idarəçiliyinin kritik nöqtələrinə daşıyırdılar. Vaxtı çatanda isə onlardan dövlətə qarşı canlı bombalar kimi istifadə edirdilər. Maraqlıdır ki, rus imperializmi bizim övladlarımızı da bu cür həvəsləndirmə yolu ilə öz projelərinin bir parçasına çevirirlər. Əks halda, okeanlara, başqa dənizlərə çıxışı olmayan Azərbaycan dənizçilərinin bu qədər çoxluğu və Azov, Qara dənizə qədər gedib çıxmaları əşyanın təbiətinə ziddir, heç bir məntiqlə izah oluna bilməz. Görünən budur ki, Azərbaycanlı matroslar çox diqqət çəkməyəcəyini düşünən rus dərin dövləti bizim devşirilmiş gəncləri ön plana çıxarırlar. Axı öz gənclərinin bu işə cəlb olunması daha tez nəzərə çarpar və beynəlxalq embarqolarla üzləşən rus gəmiçiliyinə qarşı növbəti sanksiyalar tətbiq olunar. Azərbaycanlı matroslar və gəmi sahiblərinin isə ilk baxışdan belə bir problemləri yoxdur və onlar rahatlıqla bu sahədə istifadə oluna bilərlər”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR