Vladimir Putin ilə Benjamin Netanyahu arasında telefon danışığı baş tutub. Bu, son bir ay ərzində Moskva və Təl-Əviv arasında üçüncü telefon əlaqəsidir.
Musavat.com xəbər verir ki, Kremlin açıqlamasına görə, danışıq zamanı Yaxın Şərqdəki vəziyyət və İran ətrafında yaranmış gərginlik müzakirə edilib. Vladimir Putin regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün siyasi və diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Kreml bildirib ki, Rusiya vasitəçilik missiyasını davam etdirməyə, eləcə də bütün maraqlı tərəflərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazırdır. Moskva mövcud böhranın hərbi yox, məhz diplomatik yollarla həll olunmasının tərəfdarı olduğunu bir daha diqqətə çatdırıb.
Açıqlamada o da qeyd olunub ki, Vladimir Putin İran prezidenti Məsud Pezeşkianı yaxın vaxtlarda Netanyahu ilə telefon danışığı barədə məlumatlandıracaq. Bu addım Moskvanın regionda əlaqələndirici rolunu gücləndirmək niyyətindən xəbər verir.
Musavat.com






