İnsanlara hürriyət, millətlərə istiqlal!

Osman Gündüzün müəllimlərlə bağlı qalmaqallı fikrinə cavab: "Bu qədər təşvişə ehtiyac yoxdur"

284 18.07.2026 15:23 Ölkə A A

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz jurnalistlərə açıqlamasında deyib ki, "Süni intellektdən effektiv istifadə etməyən müəllimlər kənarlaşacaq”.

Onun bu fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bəs doğrudanmı yaxın gələcəkdə müəllimlərin peşəkar fəaliyyəti onların süni intellektdən istifadə bacarığından asılı olacaq? Süni intellekt müəllimi əvəz edə bilərmi, yoxsa onun əsas köməkçisinə çevriləcək?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Musavat.com-a danışıb.

Ekspertin fikrincə, Osman Gündüzün bu fikirləri gələcəyə hesablanmış bir yanaşmadır və praktikada belə bir ehtiyac yaranmayacaq:

"Bunu tam əminliklə deyirəm. Ümumiyyətlə, müəllim süni intellektdən nə qədər səmərəli istifadə edə bilsə, özünü bir o qədər uğurlu müəllim kimi təsdiqləyəcək. Üstəlik, bu, o qədər də problemli, çətin və ya mürəkkəb mexanizm olmayacaq.

Buna tam əmin ola bilərsiniz.

Çünki artıq insanlar istəsələr də, istəməsələr də proses öz sözünü deyəcək.

Müəllimin şəxsi seçimini bir kənara qoysaq belə, dövrün təhsil trendləri bunu tələb edir. Bu gün dünya süni intellekti dəstəkləyir və o da öz növbəsində bütün sahələrdə olduğu kimi, təhsilə də çox ciddi şəkildə nüfuz edir. Müəllim isə təhsil mühitinin ayrılmaz tərkib hissəsidir və özünü bu prosesdən kənarda saxlaya bilməz.

Dediyim kimi, bu fikir gələcəyə yönəlmiş bir yanaşmadır. Amma hesab edirəm ki, onun bu formada reallaşdırılmasına ehtiyac olmayacaq. Çünki proses təbii şəkildə formalaşacaq və mürəkkəb mexanizmlərə söykənməyəcək. Müəllim özü də anlayacaq ki, şagirdləri daha düzgün qiymətləndirmək üçün süni intellektdən istifadə etmək onun işini asanlaşdırır və daha uğurlu nəticələr əldə etməsinə imkan yaradır. Təbii ki, hər bir müəllim də öz fəaliyyətində uğurlu olmağa çalışır.

Açığı, mən təsəvvür etmirəm ki, müəllim yaşından, təcrübəsindən və ya tutduğu mövqedən asılı olmayaraq, kimsə bu prosesə qarşı çıxsın. Çünki süni intellekt müəllimə bir çox istiqamətdə dəstək verə bilər. Birincisi, şagirdlərin daha obyektiv və düzgün qiymətləndirilməsi mexanizmində. İkincisi, dərsə və mövzuya hazırlıq prosesində, dərs planlarının və tədris proqramlarının daha keyfiyyətli hazırlanmasında. Burada mənfi nə var ki, müəllim bundan imtina etsin və ya özünü bu imkanlardan kənarda saxlasın?"

Elmin Nuri vurğulayıb ki, bu gün müəllimlər elektron jurnal sistemindən, müxtəlif rəqəmsal platformalardan və tədris proqramlarından necə istifadə edirlərsə, gələcəkdə də süni intellekt alətlərindən eyni rahatlıqla istifadə edə biləcəklər:

"Yəni, Osman Gündüzün səsləndirdiyi bu fikir, açığını desəm, cəmiyyətdə ciddi təşviş yaratmalı məsələ deyil. Məsələ bundan ibarətdir. Əmin ola bilərsiniz ki, gələcəkdə bu, ayrıca məcburetmə mexanizmi deyil, təbii şəkildə formalaşan və müəllimlərin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilən bir proses olacaq".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR