İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİCS-in 20 illik reallığı: Dolların hökmünü qıra bilmədi

240 18.07.2026 16:02 Dünya A A

"BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının təsis olunmasından 20 il keçib. Son illər təşkilatın genişlənməsi, yeni üzvlərin qoşulması və beynəlxalq ticarətdə dollardan imtina çağırışları bu birliyin qlobal təsir imkanlarını daha da artıracağı ilə bağlı gözləntilər yaradıb. Lakin təşkilatın fəaliyyətinə nəzər saldıqda görünür ki, ambisiyalarla reallıq arasında ciddi fərq var. Aradan keçən 20 ilə baxmayaraq, BRİCS nə vahid valyuta yarada bilib, nə də dünya ticarətində dolların hökmranlığını zəiflədə bilib".

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, aradan keçən 20 ilə baxmayaraq, BRİCS nə vahid valyuta yarada bilib, nə də dünya ticarətində dolların hökmranlığını zəiflədə bilib. Üstəlik, üzv dövlətlərin siyasi və geosiyasi maraqlarındakı ziddiyyətlər təşkilatın vahid mövqedən çıxış etməsini də çətinləşdirir:

"Rusiya təşkilata sədrlik etdiyi dövrdə Mərkəzi Asiya ölkələrini də təşkilata üzvlüyə dəvət edib. Qazaxıstan və Özbəkistan dəvəti qəbul ediblər, Tacikistan, Türkmənistan və Qırğızıstan isə gözləmə mövqeyində qalıblar.

BRİCS təşkilatının mərkəzi ofisi yoxdur. Buna baxmayaraq, təşkilatın təsis etdiyi müxtəlif strukturlar üzv dövlətlərdə yerləşib.

BRİCS iqtisadi, Şanxay Əməkdaşlıq Təşkilatı isə daha çox təhlükəsizlik mövzularında ixtisaslaşıb. Bu iki təşkilatı təsis edən – Rusiya və Çinin əsas məqsədi Amerika Birləşmiş Ştatlarının hegemonluğuna son qoymaqdır. Ancaq bu məsələdə də Rusiya ilə Çin arasında fərqlər var. Pekin ikiqütblü dünyanın, Rusiya isə çoxqütblü dünyanın formalaşmasını istəyir. Rusiya ona görə çoxqütblü dünyanın formalaşmasını istəyir ki, Çin kimi və ABŞ-la rəqabət aparacaq gücə malik deyil.

Buna görə də Rusiya tərəfdaş toplamaqda maraqlıdır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə Kremlə çoxqütblü dünya formalaşdırmağa imkan vermir. Digər tərəfdən Qazaxıstan və Özbəkistan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsa da, Moskvanın ABŞ-qa qarşı planlarında yer almaq istəmirlər. Təşkilata digər üzvlərin də fərqli maraqları mövcuddur. Misal üçün BRİCS üzvü olan Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın müttəfiqlərindəndir. Ən maraqlısı odur ki, BRİCS-in digər üzvü İran Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələri endirir. Bu BRİCS təşkilatının mövcud vəziyyətini göstərir. 

Qazaxıstan və Özbəkistanın BRİCS-ə üzvlüyü təşkilatın bankından ucuz kreditlər əldə etməsiylə bağlıdır. Hər iki dövlət kreditlər hesabına müxtəlif iqtisadi layihələrini reallaşdırmağa çalışırlar.

BRİCS yaranışının 20 ilində ortaq valyuta formalaşdıra bilməyib. Üzv ölkələr arasında ticarət milli pul vahidləriylə və dollar əsasında həyata keçirilir. Təşkilatın ən böyük iqtisadiyyatına malik Çin beynəlxalq ticarəti tənzimləmək üçün valyuta kimi yuanı təşviq etməyə çalışsa da, dollardan imtina edə bilmir. Çinin böyümə modeli qlobal valyuta sisteminin mövcud strukturlarına sıx bağlıdır. Bu asılılıq yalnız ticarət həcmləri və ya valyuta ehtiyatları ilə bağlı deyil. Söhbət dolların qlobal maliyyənin onurğa sütunu kimi oynadığı roldan gedir".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR