2026-cı il Dünya Çempionatında bu gecə ilk medalçı müəyyənləşəcək. ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən Mayami Stadionunda keçiriləcək üçüncü yer uğrunda qarşılaşmada Fransa və İngiltərə milliləri üz-üzə gələcək. Azərbaycan vaxtı ilə 19 iyul saat 01:00-da başlayacaq görüş mundialın ən fərqli və ağır emosional yük daşıyan oyunlarından biridir.
Bu, sadəcə bürünc medal uğrunda mübarizə deyil, finala cəmi bir addım qalmış büdrəyən iki nəhəng futbol ölkəsinin sınmış arzularının, yarımçıq qalan xəyallarının və itirilmiş dünya çempionluğu ümidinin son 90 və ya 120 dəqiqəsidir. Fransa da, İngiltərə də mundiala final oynamaq arzusu ilə gəlmək istəyirdi. Tale isə onları təsəlli xarakteri daşıyan başqa bir matça çıxardı. İndi isə gözlər Kilian Mbappe və Harri Keynin üzərindədir. Onların bu gecə göstərəcəyi reaksiyalar bəlkə də oyunun nəticəsindən daha çox müzakirə olunacaq.
Heç şübhəsiz ki, dünya çempionatı dedikdə hər kəsin gözünün önünə ilk olaraq final gəlir. Dünya futbolunun zirvəsi, milyonlarla azarkeşin nəfəsini tutaraq izlədiyi, tarix yazılan, kubokun səmaya qaldırıldığı möhtəşəm gecə...

Amma mundialın elə bir qarşılaşması var ki, orada nə çempionluq sevinci yaşanır, nə də məğlubiyyət tam unudulur. Bu, bürünc medal uğrunda oyundur ki, bu gecə dünya futbolu ona şahidlik edəcək. Kənardan baxanda sadəcə üçüncü yer uğrunda mübarizə təsiri bağışlasa da, əslində futbolun ən ağır psixoloji sınağı məhz burada yaşanır. Çünki meydana çıxan futbolçular bir neçə gün əvvəl əllərindən sürüşüb gedən ən böyük arzunun ağrısını hələ də ürəklərində daşıyırlar. Fransa ilə İngiltərə arasında keçiriləcək qarşılaşmada qalib müəyyənləşəcək, bürünc medal sahibini tapacaq. Lakin həmin medal nə Fransa üçün arzulanan sonluqdur, nə də İngiltərə üçün...
Hər iki komanda ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundiala yalnız bir məqsədlə gəlmişdi-dünya çempionu olmaq. Həm Didye Deşamın komandası, həm də Qaret Sautqeytin yetirmələri turnir boyunca bu hədəfə doğru inamla irəliləmiş, favorit statusunu doğrultmuşdu. Ancaq futbolun sərt qanunları var. Bəzən aylarla qurulan planları, illərlə gözlənilən arzuları cəmi bir gecə alt-üst edir. Fransa yarımfinalda İspaniya səddini aşa bilmədi. Turnirin ən baxımlı futbol oynayan komandalarından biri hesab olunan "xoruzlar" 0:2 hesablı məğlubiyyətlə final arzusuna vida etdi. Oyunun bitməsi ilə birlikdə stadionda yaranan sükut, futbolçuların çökmüş baxışları və tribunadakı göz yaşları həmin gecənin necə ağır keçdiyini göstərirdi. Fransa üçün bu, sadəcə məğlubiyyət deyildi, ikinci dəfə ardıcıl dünya çempionu olmaq ümidinin dağılması idi.
İngiltərənin faciəsi isə bir gün sonra yaşandı. "Üç şir" dünya çempionu Argentina ilə başabaş mübarizə aparsa da, sonda 1:2 hesabı ilə uduzdu. Son fitdən sonra ingilis futbolçular uzun müddət meydanı tərk edə bilmirdilər. Çünki onlar yaxşı anlayırdılar ki, tarix yazmaq üçün yaxaladıqları böyük fürsət əllərindən çıxıb. Futbolun beşiyi hesab olunan ölkə növbəti dəfə dünya çempionluğu həsrətini bitirə bilmədi.
İndi isə taleyin qəribə ironiyası ilə həmin iki komanda üz-üzə gəlir. Bu dəfə final bileti uğrunda yox, təsəlli sayılan bürünc medal uğrunda...

Bu matçı oynamaq doğrudanmı asandır?
Əlbəttə ki, yox. Dünya çempionatında üçüncü yer uğrunda görüşlər tarix boyu ən mürəkkəb psixoloji sınaqlardan biri hesab olunub. Futbolçuların bədəni meydanda olsa da, düşüncələri hələ də yarımfinaldakı buraxılmış fürsətlərdə qalır. Onlar finalın xəyalını yaşayarkən indi tamam başqa bir oyuna köklənməyə məcburdurlar.
Bu səbəbdən Fransa – İngiltərə qarşılaşmasının taleyini taktiki gedişlərdən çox, psixoloji hazırlıq müəyyənləşdirəcək.
Bu oyun ərəfəsində istənilən halda bir həqiqət var ki, bütün dünyanın diqqəti yenə də iki böyük ulduza-Kilian Mbappe və Harri Keynə yönələcək.
Mbappe artıq illərdir dünya futbolunun simvoluna çevrilib. O, bu mundialda da Fransanın əsas aparıcı qüvvəsi idi. Sürəti, texnikası, liderliyi və həlledici anlarda məsuliyyəti üzərinə götürməsi ilə komandasını yarımfinala qədər gətirdi. Fransa azarkeşləri onun yenidən dünya kubokunu başı üzərinə qaldıracağına inanırdı. Lakin futbol bəzən ən böyük ulduzları belə məyus edir. İspaniya müdafiəsi Mbappenin qarşısını kəsdi və dünya çempionluğu arzusu bir anda yarımçıq qaldı. İndi o, bürünc medal uğrunda meydana çıxacaq. Amma belə futbolçular üçün üçüncü yer heç vaxt əsas məqsəd olmayıb. Onların hədəfi həmişə kubok olub.

Harri Keynin yaşadıqları isə bəlkə də daha təsirlidir. İllərdir İngiltərə millisinin əsas ümidi olan təcrübəli hücumçu böyük turnirlərdə saysız-hesabsız məyusluqlar yaşayıb. Hər dəfə "bəlkə bu dəfə" deyilən anlarda nəsə çatmayıb. Argentina ilə yarımfinaldan sonra onun üzündə görünən kədər sadəcə bir oyunun nəticəsi deyildi. Bu, bəlkə də daha bir dünya çempionluğu fürsətinin əldən çıxmasının yaratdığı ağır yük idi. Mbappe də, Keyn də yaxşı bilir ki, dünya çempionatı dörd ildən bir keçirilir. Futbolçu karyerası isə sonsuz deyil. Belə imkanlar hər zaman qarşıya çıxmır. Məhz buna görə də onların bu gecə meydanda yaşayacağı hissləri sözlə ifadə etmək çətindir. Bəlkə də matçın taleyini Mbappenin ildırım sürəti, Keynin cərimə meydançasındakı soyuqqanlı zərbəsi, yaxud da ehtiyat oyunçular skamyasından qalxacaq gözlənilməz qəhrəman həll edəcək. Amma nəticədən asılı olmayaraq, bu oyunun qalibi belə ürəyində qəribə bir boşluq hiss edəcək. Çünki nə Fransa, nə də İngiltərə bu mundialı üçüncü yer üçün yaşamamışdı. Onların xəyalı sabah keçiriləcək final idi. Onlar kuboka toxunmaq, tarix yazmaq istəyirdilər. Lakin futbolun amansız qanunu dəyişmir. Bəzən bir buraxılan qol, bir uğursuz epizod, bir neçə dəqiqəlik diqqətsizlik illərlə qurulan arzuları darmadağın edir. Bürünc medal oyunu da məhz bunun simvoludur. Burada qalib gələn komanda medal qazanacaq, amma ürəyində "kaş ki, finalda olaydıq" düşüncəsini də özü ilə aparacaq. Məğlub olan tərəf isə dünya çempionatını dördüncü pillədə başa vuracaq, lakin onun da ən böyük peşmanlığı eyni olacaq, finala cəmi bir addım qalmış dayanmaq...

Fransa-İngiltərə qarşılaşması məhz buna görə adi futbol oyunu deyil. Bu, sınmış arzuların, boğulan ümidlərin, göz yaşlarının və peşəkarlığın son imtahanıdır. Bəzən futbolun ən böyük dərsi kuboku qaldırmaq yox, onu itirdikdən sonra ayağa qalxmağı bacarmaqdır. Mayamidə keçiriləcək bu qarşılaşma da məhz bunu göstərəcək. Bir komanda bürünc medalla təsəlli tapacaq. Digəri əliboş qalacaq. Amma hər iki komanda eyni hisslə stadionu tərk edəcək: "Bizim yerimiz bu oyun deyil, dünya çempionatının finalı idi..."
Cavanşir Abbaslı
Musavat.com






